Ermənistanın baş naziri Nikol Pashinyan martın 3-5 arası Belçikada işçi səfərdə olacaq.
AzadlıqRadiosu erməni xidmətinin martın 3-də verdiyi xəbərə görə, bu barədə baş nazirin rəsmi saytı məlumat yayıb.
Pashinyan səfər çərçivəsində Avropa Birliyi şurasının rəhbəri Donald Tusk,Avropa Komisiyasının rəhbəri Jean-Claude Juncker,Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəsmisi Federica Mogherini ilə görüşəcək.
Pashinyanla Tusk görüşdükdən sonra mətbuata açıqlama verəcəklər. Onun həmçinin Jean-Claude Juncker-lə birgə mətbuat konfransı keçirəcəyi gözlənir.
Pshinyan səfər zamanı Avropa Parlamentinə də baş çəkəcək və birliyin xarici münasibətlər komitəsində çıxışı olacaq.
AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə Pashinyan səfər çərçivəsində Belçikanın universitet mərkəzlərindən biri sayılan Leven şəhərinə də baş çəkəcək.
Bu şəhər Flandriya regionunda yerləşir.
Baş nazir Katolik universitetindəki tədris və tədqiqat institutları, araşdırma və texnologiya inkişafı ofisi, IMEC araşdırma mərkəzi və sağlamlıq mərkəzinin fəaliyyətləri ilə tanış olacaq.
Səfər çərçivəsində Ermənistanın təhsil və elm nazirliyi ilə Flanderiya xarici əlaqələr departamenti, həmçinin IMEC araşdırma mərkəzi arasında anlaşma memorandomu imzalanacağı gözlənir.
Onun Brüsseldə erməni icmasının üzvləri ilə də görüşü planlaşdırılıb.