Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Nikol Pashinian Qarabağa dair mövqeyini xırdalayır


Baş nazir Nikol Pashinian Dağlıq Qarabağa ötən ilin mayında səfər edib
Baş nazir Nikol Pashinian Dağlıq Qarabağa ötən ilin mayında səfər edib

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, baş nazir Nikol Pashinyan fevralın 12-də öz hökumətinin proqramını Milli Məclisə təqdim edərkən həm də Dağlıq Qarabağ məsələsinə toxunub. O deyib ki, “Artsaxın (Qarabağın-red) öz taleyinin müəyyənləşdirilməsində həlledici rol oynaması bizim üçün son dərəcə mühümdür”.

O mayın 9-da baş nazir postunu qəbul edəndən sonra Xankəndində verdiyi bəyanatı bir daha təkrar edib və yada salıb ki, o, Ermənistanın baş naziri kimi Ermənistanın adından danışıqlar aparmağa hazırdır və aparmalıdır, lakin Qarabağın adından danışıqlar apara bilməz.

O bir daha vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalır:

“Mahiyyət etibarilə bizim üçün vacib məsələlərdən biri də Artsaxın danışıqlar prosesində tammiqyaslı iştirakıdır. Bu tarix və bu yanaşma yeni deyil və keçmişdə baş vermiş məlum hadisələr var. Bu vaxt ərzində müəyyən məzmun yaranıb”.

Daha sonra baş nazir “məzmun” sözünü izah etməyə çalışıb:

“Bu nə məzmundur? Mahiyyət etibarilə Artsaxın danışıqlar prosesində iştirak etməsi bizim müzakirələrimizin əsas bəndlərindən biri olub. Keçmişdən bu da məlumdur ki, Azərbaycan tərəfi hər dəfə bu təkliflərə və Artsaxın danışıqlar tərəfi kimi iştirakı ilə bağlı mövzuya bu şəkildə reaksiya verir: “Əgər erməni tərəfi danışıqlar prosesinə Artsaxı da qoşsa, Azərbaycan tərəfi öz növbəsində Qarabağın azərbaycanlı icması adlanan toplumun nümayəndələrini prosesə gətirəcək”.

Nikol Pashinian deyib ki, məsələnin belə qoyuluşu ciddi izahatlar tələb edir:

“Problem nədədir? Məsələ burasındadır ki, Qarabağın azərbaycanlı icması danışıqlar prosesində bütün bu müddət ərzində iştirak edib və bugün də iştirak edir və mahiyyətcə, Qarabağın azərbaycanlı icmasının iştirak etmədiyi bircə müzakirə də olmayıb. Necə? Sadə səbəb budur ki, Qarabağın azərbaycanlı icması deyilənlər Azərbaycanın prezident və parlament seçkilərində iştirak edirlər və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Beləliklə də, Azərbaycan prezidentini həm də Qarabağ icması seçib və buna görə də Azərbaycan prezidenti, Azərbaycan hökuməti və Azərbaycan parlamenti həm də bu adamları təmsil etmək üçün mandata malikdir”.

Prezident İlham Əliyev (solda) və baş nazir Nikol Pashinian yanvarın 22-də İsveçrədə görüşüblər
Prezident İlham Əliyev (solda) və baş nazir Nikol Pashinian yanvarın 22-də İsveçrədə görüşüblər

Qarabağ ermənilərinin danışıqlarda iştirakı müzakirə olunur?

Pashinianın sözlərinə görə, Ermənistanın Qarabağın danışıqlarda tammiqyaslı iştirakı təklifinə cavab olaraq Azərbaycanın Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakını tələb etməsi müəyyən suallar doğöurur”. Məsələn:

“Əgər Azərbaycan rəhbərliyi bütöv Azərbaycanı və Azərbaycan xalqını təmsil etmək səlahiyyətində deyilsə, bu rəhbərlik danışıqlarda hansı mandatla iştirak edir?”

Nikol Pashinian daha sonra deyir:

“Bizim hökumətimiz açıq danışır: Bizim Qarabağı və Qarabağ xalqını təmsil etmək üçün mandatımız yoxdur, belə bir sadə səbəbdən ki, Qarabağ və Qarabağ xalqı bizim seçkilərimizdə iştirak etmir. Onların öz hökuməti, öz parlamenti və danışıqlar aparan öz nümayəndələri var. Mən Qarabağ nümayəndələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməsinə dair aparılmaqda olan müzakirələri çox ciddi irəliləyiş hesab edirəm. Çünki mən Dağlıq Qarabağ Respublikasının danışıqlar prosesinə cəlb edilməsi üçün çox konkret üsullar və metodlar görürəm. Biz hazırda bu üsul və metodların müzakirəsi prosesindəyik. Biz bünları beynəlxalq partnyorlarımızla da müzakirə edəcəyik”.

Çiçəklənən Ermənistan fraksiyasından Arman Abovyanın xalqları sülhə hazırlamaq çağırışı barədə sualına cavab olaraq Pashinian yada salıb ki, söhbət hər iki xalqın sülhə hazırlanmasından gedir:

“Əgər Azərbaycan öz xalqını sülhə yox, müharibəyə hazırlayırsa, Ermənistanın da reaksiyası buna müvafiq olmalıdır”.

Azərbaycan XİN : «Bu yararsız şərhlər...»

«Ermənistan baş nazirinin çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakı məsələsindən bəhs etməsi, onun mətbuat katibinin Dağlıq Qarabağın erməni icmasını Azərbaycan vətəndaşları adlandırması düzgün yanaşmadır».

Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın baş nazirinin fevralın 12-də ölkə parlamentindəki çıxışını dəyərləndirərkən bildirib.

O deyib ki, Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın tərkib hissəsi olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır: «Baş nazir Paşinyanın səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də son bəyanatlarında vurğuladıqları kimi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır. Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil».

L.Abdullayevanın vurğulamasına görə, o, bir tərəfdən, münaqişənin həllindən ötrü sülh şəraitinin yaradılmasının önəmindən danışır, başqa tərəfdən, danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir: «Azərbaycanı guya ki, əhalisini sülhə deyil müharibəyə hazırlamaqda, «aqressiv ritorika»da ittiham etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, söhbət Azərbaycanın «aqressiv ritorikası»ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir. Azərbaycan, torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən, bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir».

L.Abdullayeva əlavə edib ki, N.Paşinyan münaqişənin həllinin bölgəyə və konkret olaraq onun ölkəsinə gətirəcəyi faydanı nə qədər tez anlayarsa, bir o qədər tez Ermənistan əhalisinə vəd etdiyi «iqtisadi inqilab»ı reallaşdıra bilər: «Ermənistan rəhbərliyindən bu günədək eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq şəraiti yaratmaq və rifah naminə sülhü təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün bu yararsız şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir».

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə iki ölkə arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG