Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Pashinian Azərbaycana silah satanlara ‘üstüörtülü narazılıq’ bildirir


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinian Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini xarici siyasət və hərbi-texniki əməkdaşlıq məsələlərində “bütün üzv ölkələrin maraqlarını nəzərə almağa” çağırıb.

Pashinian bu bəyanatı noyabrın 5-də KTMT Parlament Assambleyasının Yerevanda keçirilən sessiyasında verib.

AzadlıqRadiosu bildirir ki, təhlilçilər bu bəyanatın KTMT üzvü olmayan Azərbaycanı silahla təchiz edən Rusiya və Belarusa ünvanlanmış üstüörtülü tənqid olduğunu düşünürlər.

Rusiya Dövlət Dumasının MDB Məsələləri və Avrasiya İnteqrasiyası komitəsinin sədri Leonid Kalashnikov Yerevanda jurnalistlərə deyib ki, Rusiya silahları “təkcə Azərbaycana yox, həm də özünün müttəfiq və partnyorlarına” satır:

"Bu müttəfiqlərin arasında Ermənistan da var. Rusiya ona daha çox silah satır və başqa ölkələrə satmadığı silahları satır”.

Bu arada AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Rusiya Dövlət Dumasının MDB Məsələləri və Avrasiya İnteqrasiyası komitəsinin sədr müavini Konstantin Zatulinə KTMT üzvlərinin Azərbaycana silah satmaqla “Qarabağ münaqişəsində balansı pozduqlarına” dair sual verib.

Konstantin Zatulin bu sualın cavabında deyib:

“Siz mənə əbəs yerə bu sualı verirsiniz. Çünki mən silah ticarəti ilə məşğul deyiləm və bu barədə qərarların qəbulu ilə heç bir əlaqəm yoxdur. Mən bunu deyə bilərəm ki, Rusiya Azərbaycana silah verib və Ermənistana da silah verməkdə davam edir. Həm də fərqli şərtlərlə. Ermənistan KTMT üzvü kimi güzəşt və imtiyazlardan istifadə edir, çox sayda silah növlərini bir növ xeyli güzəştli qiymətlərlə, pulsuz və ya pulunu dərhal ödəməməyə imkan verən kredit xətti ilə alır”.

Konstantin Zatulin Yerevanda
Konstantin Zatulin Yerevanda

Zatulin əlavə edib ki, KTMT-yə gəlincə, bu təşkilatın çərçivəsində üzv ölkələrin hansı ölkələrə silah satmalı olub-olmadığına dair qərarlar qəbul edilmir:

“Bildiyiniz kimi Rusiya bütün dünya ilə silah ticarəti edir və bu bazarlarda ABŞ və başqa ölkələrə rəqibdir. Sözsüz ki, Azərbaycan silah almaq üçün kifayət qədər resurslara malik ölkədir. O silahı təkcə Rusiyadan yox, İsraildən və başqa ölkələrdən də alır. Mən Rusiyanın Azərbaycana silah verməsini düzgün hesab edirəmmi? Mən Azərbaycanın bu silahların bəzisindən 2016-cı ilin aprelində istifadə etməsini düzgün saymıram”.

Zatulin Azərbaycanı ittiham edir

Zatulin 2016-cı ilin aprelində atəşkəsin geniş pozulmasına görə Azərbaycanı ittiham edib və deyib ki, Qarabağ münaqişəsinin sülh vasitələri ilə həllinə tərəfdardır.

Azatutyun müxbirinin “Ermənistan KTMT üzvüdür, Azərbaycansa yox” replikasına Zatulin belə cavab verib:

“Axı mən bu məsələyə artıq aydınlıq gətirdim. Mən dedim ki, KTMT üzvü olmayan Azərbaycan silahları bazar qiyməti ilə alır, amma KTMT üzvü olan Ermənistan silahı demək olar havayı alır”.

Azərbaycan Xarici İşlər Nazirliyi bu il martın 5-i və 6-da Moskvada Rusiya və Ermənistan arasında təşkil edilən "Lazarev klubu"nun ikinci iclasında iştirakçılarla bağlı narazılığını bildirmişdi.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) martın 7-də yaydığı məlumatda qeyd edilirdi ki, həmin tədbirdə Rusiya Federasiyası (RF) prezidentinin müşaviri S.Qlazyev və Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulin də iştirak ediblər.

Xatırlatma

Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişə hökm sürür. Bu münaqişə Ermənistanın ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

Dağlıq Qarabağ işğal altında olsa da, onun müstəqilliyini dünyanın heç bir ölkəsi tanımayıb. Azərbaycan Dağlıq Qarabağın hazırkı idarəçilərini separatçı sayır və onlarla istənilən əlaqəni suveren bir ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG