Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:50

Pashinian atəşkəsə beynəlxalq nəzarət istəyir


Nikol Pashinian BBC-yə müsahibə verir
Nikol Pashinian BBC-yə müsahibə verir

Ermənistanın baş naziri Nikol Pashinian BBC-nin ən nüfuzlu proqramlarından biri olan HardTalk (Sərt Söhbət) proqramına müsahibə verib.

Proqramın aparıcısı Stephen Sackur Ermənistanın hökumət başçısına COVID-19-la mübarizədən və gizli telefon söhbətlərinin faş olmasından keçmiş yüksək vəzifəli məmurların qalmaqallı məhkəmələrinədək ən müxtəlif suallar ünvanlayıb.

Həqiqətən də 25 dəqiqəlik sərt müsahibənin təxminən yarısı Dağlıq Qarabağ münaqişəsinə dair suallara ayrılmışdı.

Bu suallardan birinə cavab verərkən Pashinian deyib:

“Sülh təkcə Ermənistanın birtərəfli hərəkətləri ilə əldə oluna bilməz. Biz, əgər Azərbaycan Ermənistanın səylərinə qarşılıqlı addımlar atarsa əsl sülhə nail ola bilərik”.

Aparıcı xatırladıb ki, Pashinian hakimiyyətə gəldikdən sonra bu münaqişənin dinc yolla həllini tapmalı idi.

Pashinian deyib ki, o Ermənistanın baş naziri vəzifəsinə gələn kimi münaqişənin həlli üçün yeni sülh formulu təklif edib:

“Bu formul belədir: Dağlıq Qarabağ münaqişəsinin hər hansı həll yolu həm Ermənistan, həm Dağlıq Qarabağ, həm də Azərbaycan xalqları üçün məqbul olmalıdır. Mən ilk Ermənistan lideriyəm ki, həll yolunun Azərbaycan xalqı üçün də məqbulluğunun şərt olduğunu irəli sürmüşəm. Lakin təəssüf ki, Azərbaycan prezidenti mənim təklifimə qarşılıq verməyib”.

Stphen Sackur daha sonra iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmanı və bir dinc azərbaycanlının həlak olmasını yada salıb və soruşub: “Bəs sizin siyasətiniz sülhə can atımı deyildimi?”

Nikol Pashinian deyib:

“Ermənistanın üzərinə hücumu Azərbaycan başlayıb. Həm də ki, bu, təsadüfi bir hərəkət deyildi. Azərbaycan prezidenti daim davakar ritoriklaya əl atır və bəyan edir ki, Qarabağ münaqişəsini güc vasitəsilə həll etməyə hazırdır. Odur ki, Azərbaycan hakimiyyətinin qarşısında ciddi bir məsələ dayanır. Onlar öz ictimaiyyətlərinə izah etməlidirlər ki, niyə Qarabağ münaqişəsini güc yolu ilə həll edə bilməyiblər”.

BBC aparıcısı bildirib ki, münaqişə hər dəfə eskalasiya edəndə iki versiya ortaya çıxır və tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir...

Pashinian deyib ki, məhz buna görə də o Ermənistanın baş naziri kimi atəşkəs rejiminin pozulmasının araşdırılması üçün beynəlxalq mexanizmin yaradılmasını təklif edib.

Xatırlatma

İyulun 12-dən16-na kimi Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər olub.

Onda prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG