Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 17:18

Pashinian Əliyevlə görüşdə ‘heç bir qəsd olmadığını’ deyir


Nikol Pashinian Facebook-la canlı yayımda
Nikol Pashinian Facebook-la canlı yayımda

“Heç bir qəsd ola bilməz. Azərbaycan prezidenti ilə görüşlərdə haqqında açıq danışılan mövzular müzakirə olunur”.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, bunu Ermənistanın baş naziri Nikol Pashinian Azərbaycan prezidenti İlham Əliyevlə İsveçrənin Davos şəhərində baş tutmuş görüşünün ardınca yanvarın 23-də Facebook-la canlı yayımda bildirib:

“Əslində biz daha çox danışıqlar prosesinin tarixini müzakirə edirik: nə vaxt, nə və necə baş verib, hansı mərhələdə situasiya necə olub. Əlbəttə imkanları da müzakirə edirik: nizamlama kontekstində hansı şərtlər var, hansı imkanlar, hansı maneələr var...Və deməliyəm ki, biz heç bir konkret detalları müzakirə etmirik, sadəcə fikir mübadiləsi edirik”.

Ermənistan baş naziri daha sonra bildirib:

“Bu həm də müəyyən mənada rəy mübadiləsi etmək, bir-birimizə danışıqlar prosesini necə qavradığımızı çatdırmaq, ünsiyyətdə olmaq imkanıdır. Birbaşa demək istəyirəm: Bu danışıqlarda biz, açıq danışdığımız bütün məsələlər barədə müzakirə aparırıq”.

Pashinian-ın sözlərinə görə belə bir razılaşma var ki, istənilən beynəlxalq tədbirlərdə iki ölkənin lideri iştirak edirsə, görüşdən boyun qaçırılmasın:

“Elə şərhçilər, siyasi xadimlər var ki, bizim cəmiyyətimizə hansısa qəsd və sair nəzəriyyələri təlqin etmək istəyirlər. Mən ümid edirəm, biz birdəfəlik və həmişəlik razılaşacağıq ki, heç bir qəsd ola bilməz. Bu barədə danışmaq belə absurddur. Mən bu mövzuda keçmişdə bir neçə dəfə danışmışam və indi vurğulamaq istəyirəm: Bu, situasiyanın yanlış qavranmasının nəticəsidir ki, kimsə bizim hökumətimizin və şəxsən mənim hansısa qəsdə daxil olduğumuzu düşünür. Əlbəttə aydındır ki, iki dövlətin başçısı söhbət edəndə, onlardan hər biri öz dövlətinin, öz xalqının mövqeyindən çıxış edir”.

Nikol Pashinian Ermənistanın baş naziri olandan bəri İlham Əlieyvlə artıq dördüncü dəfədir ki, görüşüb. Davosda keçirilmiş saatyarımlıq danışıqlardan bir həftə əvvəl Parisdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dörd saatlıq danışıqları olub.

Danışıqlarda iştirak etmiş Minsk qrupu həmsədrlərinin dediyinə görə nazirlər “əhalinin sülhə hazırlanması üçün konkret tədbirlərin görülməsi zərurəti barədə razılığa gəliblər”.

Ermənistanın siyasi şərhçilərindən Tatul Akopian AzadlıqRadiosu Erməni xidmətinə müsahibəsində Əliyev-Pashinian görüşünə dair şərh verib.

O bildirib ki, son 7-8 ildə danışıqlar prosesi əslində “ölü vəziyyətində” idi. Onun fikrincə bu prosesə ən ağır zərbəni aprel müharibəsi vurmuşdu, amma bundan əvvəl də, Kazan danışıqlarının iflasından sonra heç bir proses getmirdi:

“Mən düşünürəm ki, hazırda prosesin başa düşülən, məntiqi müstəviyə gətirilməsinə, militarist ritorikanın və müharibə təbliğatının qarşısının alınmasına cəhd göstərilir”.

Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü ilə bağlı mətbuatın suallarını cavablandırarkən bildirib ki, bu görüş Düşənbə və Sankt-Peterburq görüşlərinin davamı kimi qiymətləndirilə bilər.

Hikmət Hacıyev deyib: “Bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər”.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda görüşüblər.

XS
SM
MD
LG