Ermənistan baş naziri Nikol Pashinian gözlənilmədən ölkənin təhlükəsizlik, polis və hərbi rəhbərliyini dəyişmək sərəncamı verib.
Prezident administrasiyası iyunun 8-də bildirib ki, Pashinian Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtianın, Milli Təhlükəsizlik Xidmətinin başçısı Eduard Martirosianın və polisin rəhbəri Arman Sargsianın istefaya göndərilməsini istəyib.
Generalları polkovniklərlə əvəzləmək
Pashinian deyib ki, prezident Armen Sarkisian sərəncamı imzaladıqdan sonra bu postları müvafiq olaraq general-leytenant Onik Gasparian, polkovnik Argishti Kyaramian və polkovnik Vahe Ghazarian tutacaqlar.
Ermənistan Konstitusiyasına görə prezident vəzifəyə təyinatlar və vəzifədən kənarlaşdırmalar barədə sərəncamları imzalamalıdır.
Pashinian özünün Facebook səhifəsində “gördükləri işə və göstərdikləri səylərə görə” Davtian, Martirosian və Sargsiana təşəkkürünü bildirib, amma son qərarının səbəbini açıqlamayıb.
Hökumət müşavirəsində çıxış edən Pashinian deyib ki, o Martirosian və Sargsianın Ermənistan Respublikasına, onun xalqına və dövlətinə xidmət üçün potensiallarının tükənmədiyinə inanır.
Pandemiya vaxtı toy
Bununla belə baş nazir karantinin qüvvədə olduğu bir vaxtda Davtianın öz oğluna toy etməsinə eyham vurub.
O deyib ki, yüksək vəzifəli rəsmilərin hərəkətləri baş nazirin pandemiya tədbirləri də daxil, ictimaiyyətə verdiyi bəyanatlarına zidd olmamalıdır.
Hraparak qəzeti yazmışdı ki, bu toyda ölkənin yüksək rütbəli hərbi komandanları iştirak ediblər.
Qəzet bunu da yazırdı ki, toy mərasiminin keçirildiyi saatlarda Müdafiə Nazirliyinin nömrələri olan maşınlar Daviatianın malikanəsinin yaxınlığında düzülmüşdü.
O vaxt Davitian tənqidlərə cavab olaraq demişdi ki, “qanun qarşısında hamı bərabərdir və əgər o hansısa səhvə yol veribsə, buna görə məsuliyyət daşımağa hazırdır”.
Pashinian özünün Facebook səhifəsində “adını çək, rüsvay et” kampaniyası aparır. O bu məqsədlə qanun pozuntularına dair ictimaiyyətin dərc etdiyi postlardan istifadə edir.