Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Pərviz Həşimlidən hökmü qüvvədə saxlayan hakimə müraciət


Pərviz Həşimli
Pərviz Həşimli

Həbsdə olan jurnalist Pərviz Həşimli barəsindəki hökmü qüvvədə saxlayan Ali Məhkəmənin hakimi Fərhad Kərimova məktubla müraciət edib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadiqov məlumat verib.

Vəkilin sözlərinə görə, onlar məhkəmənin təxirsə salınmasını xahiş eləsələr də hakim Pərviz Həşimli barəsindəki hökmü qüvvədə saxlayıb.

Pərviz Həşimli isə onların vasitəsi ilə teleqram vuraraq hakim Fərhad Kərimovun hökmü qüvvədə saxlamasının qanunsuz olduğunu bildirib.

Daha sonra jurnalist müraciətində yazır:

“Vaxtilə MTN generalları mənə dəfələrlə bildirmişdilər ki, hər bir məhkəmə instansiyasında bizim öz hakimimiz var və səni kimsə bizim iradəmizdən kənar azadlığa çıxara bilməz. Həqiqətən də birinci instansiya-Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş MTN müstəntiqi Novriz Kərimovun hakim təyin olunacağı mənim özümə və vəkilim Bəhruz Bayramova əvvəlcədən bildirilmişdi. Məhkəmə instansiyalarında mən və vəkillərim 20 - dən artıq vəsatət qaldırsaq da onların tək bircə dənəsi qəbul olunsaydı məni həbsdə saxlamaq mümkün olmayacaqdı. Amma heç bir hakimin bunu etməyə cəsarəti çatmadı və bunun özü elə bu gün MTN işi ilə bağlı istintaq aparan şəxslər üçün çox vazkeçilməz ipucu ola bilər ki, bu məsələ də araşdırılsın”.

Kimsə şübhə etməsin ki...

Pərviz Həşimli MTN-nin keçmiş naziri Eldar Mahmudov və nazirliyin digər əməkdaşlarının vəzifədən çıxarılması və ya həbsini nəzərdə tutaraq yazır ki, “mənim barəmdə qanunsuz hökm çıxaran və həbsimdə azacıq günahı olan hər kəsin də oxşar aqibətlə üzləşəcəyinə kimsə şübhə etməsin”.

Jurnalist, «Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

O,qaçaqmalçılıq və qanunsuz odlu silah əldə etmə maddələri ilə təqsirli bilinib. Pərviz Həşimli ittihamları rədd edir.

İnsan haqları təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.

XS
SM
MD
LG