Bu gün, aprelin 5-də Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 73 kiloqram partlayıcı maddə tapıldığı açıqlanıb.
Bu haqda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib.
Agentlik vurğulayır ki, onlara partlayıcı aşkar edilməsi haqda məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən gəlib. Həmin məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə baxış keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddənin (ammonit № 6 JV-200) aşkar olunduğu bildirilir.
Partlayıcı maddənin zərərsizləşdiriləcəyi açıqlanıb. Hələlik, əlavə məlumat verilmir.