Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:31

Trump-ın ətrafındakı Ukrayna qalmaqalı böyüyür


Ukrayna-ABŞ biznesmeni Lev Parnas (solda) və Belarusda doğulmuş Igor Fruman
Ukrayna-ABŞ biznesmeni Lev Parnas (solda) və Belarusda doğulmuş Igor Fruman

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, ötən apreldə ABŞ-da geniş siyasi əlaqələri olan iki biznesmen Ukraynanın ən zəngin maqnatlarından olan Ihor Kolomoyskiy ilə görüşmək üçün İsrailə səfər etmişdilər. Kolomoyskiy-nin həm də Volodymyr Zelenskiy-nin prezident seçilməsində aparıcı rollardan birini oynadığı düşünülür.

Məqalədə deyilir ki, “iki keçmiş sovet vətəndaşı” – Ukrayna doğumlu Lev Parnas və Belarus doğumlu Igor Fruman potenisal baxımdan Ukraynaya bağlı təbii qaz şirkəti qurmağa çalışırdılar. Onlar bu işin içində həm də Zelenskiy-ni görmək istəyirdilər.

Onlar prezident Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani və Ukraynanın ovaxtkı baş prokuroru Yuriy Lutsenko ilə yaxın münasibətlərinin olması ilə lövğalanırdılar.

Sonra isə Kolomoyskiy onları öz ofisindən bayıra atdığını demişdi.

Kolomoyskiy mayın 17-də AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində demişdi:

"Onlar Ukraynaya getmişdilər, adamlardan pul yığırdılar və deyirdilər ki, cənab Giuliani ilə yaxındırlar və istənilən məsələni Lutsenklonun əli ilə həll edə bilirlər. Cənab Lutsenkonun heç bundan xəbəri yox idi. Düşünürəm ki, bu barədə cənab Giuliani də bilmirdi”.

Ihor Kolomoyskiy
Ihor Kolomoyskiy

Kolomoyskiy bu iki nəfəri satirik sovet qəhrəmanına bənzətmişdi: “Bu iki Ostap Bender iki ölkə arasında ora-bura gedib-gəlirdilər və nədən gəldi danışırdılar”.

Lakin oktyabrın 9-da Parnas və Fruman Vaşinqton yaxınlığındakı Dulles beynəlxalq hava limanında həbs olundular. Onların Almaniyanın Frankfurt şəhərinə birtərəfli biletləri var idi. Xəbər verilir ki, onları lap təyyarənin girəcəyində mülki geyimlilər saxlamışdılar.

ABŞ hakimiyyət orqanları Parnas və Frumanı ABŞ-ın seçki kampaniyalarının maliyyələşdirilməsi qanunlarını pozmaqda ittiham edir. İttihamda deyilir ki, bu iki nəfər ABŞ-da siyasi namizədlərə xarici pulların ötürülməsi ilə məşğul olublar.

Lakin məhkəmə sənədlərindən bəlli olur ki, hazırda Konqresdə prezident Trump-a qarşı aparılan impiçment araşdırmasına daha çox Ukrayna elementləri cəlb oluna bilər.

Sosial mediada paylaşılmış foto (soldan sağa): Oğul Donald Trump, oğul Tommy Hicks, Lev Parnas və Igor Fruman 2018-ci ilin mayında
Sosial mediada paylaşılmış foto (soldan sağa): Oğul Donald Trump, oğul Tommy Hicks, Lev Parnas və Igor Fruman 2018-ci ilin mayında

Parnas və Fruman oktyabrın 9-da ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılıblar. Təqsirsiz olduqlarını bildiriblər. Prokurorlar onların qaçmaq riski olduğuna görə həbsdə saxlanmalarını istəyiblər. Hakim isə onlardan 1 milyon dollar zamin pulunun ödənməsini tələb edib.

Bu işlə əlaqədar, biri də ukraynalı Andrei Kukushkin olmaqla daha üç nəfərə qarşı ittiham irəli sürülüb.

İttihamnamədə deyilir ki, Parnas and Fruman Global Energy Products adlı şirkət yaradaraq 2018-ci ildə bundan Trump-ın pultoplama fonduna 325 min dollar köçürmək üçün istifadə ediblər.

Prokurorlar bildiriblər ki, Kukushkin də daxil sözü gedən digər üç şübhəli Nevada ştatı da daxil müxtəlif ştatlarda seçkilərin maliyyələşdirilməsinə çalışıblar.

Federal Seçki Komissiyasının qeydlərindən bu da məlumdur ki, Parnas 2016-cı ildə Trump-ın seçki kampaniyasına 100 min dollar ianə verib.

Səfirin geri çağırılması

Məhkəmə sənədləri göstərir ki, Parnas və Fruman ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch-in geri çağırılmasında rol oynamış bir konqresmenə də ianə veriblər və daha çox ianə verməyi vəd ediblər.

Yovanovitch Trump tərəfdarları tərəfindən kəskin tənqid edilir. Onlar səfiri Ukraynadakı Burisma Holdings şirkəti barədə cinayət işinin açılmasına maneçilik törətməkdə ittiham edirlər.

ABŞ-ın keçmiş vise-prezidenti və ehtimalən Trump-ın 2020-ci il seçkisində potensial əsas rəqibi ola biləcək Joe Biden-in oğlu məhz bu şirkətdə direktorlar şurasının üzvü olub.

Trump və onun tərəfdarları iddia edirlər ki, Joe Biden 2016-cı ildə bu şirkətin araşdırılmasının qarşısını almaq məqsədilə Ukraynanın ovaxtkı baş prokuroru Viktor Shokin-i istefaya məcbur edib.

Marie Yovanovitch
Marie Yovanovitch

Trump Biden-in araşdırlması məsələsini Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə 25 iyul tarixli telefon söhbətində müzakirə edib.

Demokratlar iddia edirlər ki, Trump Zelenskiy-ni belə bir təhqiqata əmr verməyə məcbur etmək istəyib və hətta bu məqsədlə ABŞ-ın Ukraynaya hərbi yardımını həftələrlə ləngidib.

Bununla yanaşı kəşfiyyat xəbərçisinin Trump-ın Zelenskiy ilə söhbətindən rəsmi şikayət verməsi prezidentə qarşı impiçment araşdırmasının başlanmasına səbəb olub.

Trump və Ağ Ev demokratların bütün ittihamlarını rədd edir və “qondarma” adlandırırlar.

İttihamnamədə bu da qeyd olunur ki, Parnas və Fruman səfir Yovanovitch-in Kiyevdən geri çağırılmasının səhnə arxası proseslərində birbaşa iştirak ediblər.

Bu işdə onlara bir sıra Ukrayna rəsmilərinin də dəstək verdikləri bildirilir, lakin ad çəkilmir. Bəlli olan budur ki, Yovanovitch-in ən qatı tənqidçisi keçmiş baş prokuror Lutsenko olub. Bu vəzifəni Shokin-dən sonra tutmuş Lutsenko-nun özünü vəzifədən ötən avqustda Zelenskiy uzaqlaşdırıb.

Keçmiş prokuror və Nyu Yorkun keçmiş meri Giuliani-nin Trump administrasiyasında rəsmi vəzifəsi yoxdur.

Lakin tənqidçilər onu Trump-ın adından xarici siyasət kampaniyaları aparmaqda ittiham edirlər. O habelə Yovanovitch-i kəskin tənqid edirdi.

“Mən bu cənabları tanımıram”

Parnas həmçinin Trump və Zelenskiy arasında 25 iyul telefon söhbəti ilə bağlı ABŞ və Ukrayna rəsmiləri arasındakı danışıqlarda fəal iştirak edib.

Bu telefon danışığından 6 gün əvvəl Parnas Vaşinqtonda Giuliani və ABŞ-ın Ukraynadakı keçmiş xüsusi elçisi Kurt Volkerlə səhər yeməyində olub.

Nə Parnası, nə də Frumanı Ukraynanın biznes dairələrində yaxşı tanımırlar. Fruman Qara dəniz sahilindəki Odessada gecə klubunun şərikidir. Klub Mafia Rave adlanır.

Sənədlərdən məlum olur ki, onlar Delaverdə qeydiyyatdan keçmiş Global Energy Producers LLC şirkətini ABŞ maye qazının Ukraynaya ixrac edilməsi üçün qurublar.

Parnas və Frumanın həbsindən bir neçə saat sonra Konqresdəki impiçment təhqiqatçıları onlarda olan sənədlərin verilməsini tələb ediblər.

Lev Parnasın (solda) bu fotosu 2018-ci ildə sosial mediada paylaşılıb
Lev Parnasın (solda) bu fotosu 2018-ci ildə sosial mediada paylaşılıb

Oktyabrın 9-da Parnas və Frumanla münasibətləri barədə iddialarla bağlı verilən suala Trump “mən bu cənabları tanımıram” cavabını verib:

"Mümkündür ki, onların mənimlə birlikdə şəkli olsun, çünki mən hamı ilə şəkil çəkdirirəm. Mən onları tanımıram. Nə etdiklərini bilmirəm. Mən bilmirəm. Bəlkə də onlar Rudy-nin müştəriləridir. Yaxşısı budur, siz Rudy-dən soruşun”.

Parnas və Fruman AzadlıqRadiosunun layihəsinə verdiyi müsahibəyə görə Kolomoyskiy-ni Ukraynada məhkəməyə veriblər. Məhkəmə sənədlərində AzadlıqRadiosunun Schemes layihəsi də cavabdeh olaraq göstərilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG