Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:24

Seçkiyə getməli, getməməli…


Seçki müzakirələri. 3 dekabr 2019
Seçki müzakirələri. 3 dekabr 2019

Ölkənin bir sıra müxalif partiyalarının təmsilçiləri və bəzi ekspertlər dekabrın 3-də Müsavat Partiyasının qərargahında bir araya gəliblər. Dəyirmi masa iştirakçıları qarşıdakı parlament seçkiləri ilə bağlı öz mövqelərini ifadə ediblər.

Müsavat Partiyası başqanı Arif Hacılı deyib ki, əslində parlamentin buraxılması doğru addımdır. Onun fikrincə, parlamentin mövcud tərkibi azad və demokratik seçki əsasında formalaşmayıb. Amma o vurğulayıb ki, parlament xalqın iradəsini ifadə etmədiyi üçün yox, hakimiyyətə daha sadiq adamların toplanması məqsədilə buraxılıb.

Müsavat başqanı deyib ki, bu, həm də hakimiyyətin seçki məsələsində beynəlxalq birliyi, cəmiyyəti hazırlıqsız yaxalamaq istəyindən irəli gəlir.

«20 dəfə «islahat» sözü işlətdi, amma islahatlar olmadı»

A.Hacılı deyib ki, yaxın aylarda parlament seçkiləri keçiriləcək, amma bu istiqamətdə hər hansı islahat aparılmayıb: «Novruz bayramı münasibətilə təbrikində İlham Əliyev 20 dəfə «islahat» sözü işlətdi, amma islahatlar olmadı. 19 yanvar mitinqi istisna olmaqla, hakimiyyət 2019-cu ildə siyasi qüvvələrin mitinq keçirməsinə icazə verməyib».

A.Hacılı əlavə edib ki, indi siyasi qüvvələr seçkilərdə iştirak etmək və ya etməmək məsələsini müzakirə etməlidirlər: «Yaxşı olar ki, ya hamı seçkilərə getmək, ya da hamı boykot qərarı ala. Amma belə olmayacağından cəmiyyət və müxalifət üçün ən optimal variant seçimi edilməlidir».

A.Hacılı hesab edir ki, hakimiyyət normal seçki şəraiti yaratmamaqla müxalifəti seçkiləri boykota vadar edir.

Ə.İnsanov: «Bütün qüvvələr bir mövqedən çıxış etməlidir»

Haqq Ədalət Partiyası Təşkilat komitəsinin sədri Əli İnsanov isə düşünür ki, hakimiyyət avrointeqrasiyadan imtina edib. O hesab edir ki, buna hakimiyyət yox, xalq qərar verməlidir.

Ə.İnsanov konkret seçkilərə gəlincə isə vurğulayıb ki, bütün qüvvələr bir mövqedən çıxış etməlidir.

S.Həzi: «Söhbət seçkidən gedir, imitasiyasından yox»

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi də deyib ki, parlament ölkə rəhbərliyinin standartlarına cavab vermədiyindən buraxılıb. Onun fikrincə, AXCP olaraq seçkini boykot etmirlər, amma ilkin olaraq xalqın inamını cücərdən şərtlər yerinə yetirilməlidir.

S.Həzi deyib ki, söhbət təkcə seçkidən yox, həm də sonrakı addımlardan gedir: «Xalqı seçkiyə aparacağıqsa, sonra nə edəcəyik?. Seçki komissiyalarında təmsilçilərimiz yoxdur. Odur ki, seçkidə iştirakdan danışmaq hələ tezdir. Həm də söhbət birmənalı olaraq seçkidən gedir, seçki imitasiyasından yox».

N.Cəfərli: «Seçkilərdə iştirakın alternativi yoxdur»

ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə deyib ki, seçkilərdə iştirakın alternativi yoxdur. Onun fikrincə, xalqı kütləvi şəkildə bu prosesə cəlb etmək lazımdır: «Hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir, ona görə də seçkilərdə iştirak vacibdir».

O əlavə edib ki, fevral-mart aylarında parlament seçkiləri baş tuta bilər: «Müxalifətin nə edə biləcəyini müzakirə etməliyik, hakimiyyətin oyununu poza biləcəyikmi?».

N.Cəfərliyə görə, hakimiyyət istəyir ki, heç kim seçkilərə getməsin: «Hamını seçkilərə cəlb etmək lazımdır, bunun başqa yolu yoxdur».

Hakimiyyət rəsmiləri isə seçkilərin saxtalaşdırılması ilə bağlı səslənən fikirləri qəbul etmirlər. Onlar son parlament seçkilərinin də xalqın iradəsi ilə keçirildiyini bəyan ediblər. Üstəlik, rəsmilərin fikrincə, mövcud vəziyyət də seçkilərin azad və ədalətli şəkildə keçirilməsinə imkan verir.

Xatırlatma

Dünən, dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilib.

İclasda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciəti müzakirə edilib.

Müzakirələrdə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.

Sənəddə parlamentin buraxılması islahatlara dəstəklə əlaqələndirilib.

Qərar böyük səs çoxluğu ilə qəbul edilib.

Ötən həftə, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər.

YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Parlamentin hazırkı tərkibi 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilər əsasında formalaşıb. 2020-ci ilin noyabrında bu parlamentin fəaliyyət müddəti başa çatırdı. Parlamentin tərkibi 125 nəfər deputatdan ibarətdir. Onların yarıdan çoxu YAP təmsilçiləridir.

XS
SM
MD
LG