Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Parlament seçkiləri təkrarlana bilərmi?


Azərbaycanda Növbədənkənar parlament seçkiləri, 9 fevral 2020
Azərbaycanda Növbədənkənar parlament seçkiləri, 9 fevral 2020

Artıq növbədənkənar parlament seçkilərindən 1 həftə keçib. Ammma bu məsələlər ətrafında müzakirələr, mübahisələr və şikayətlər davam edir. Vətəndaş Hüquqları İnstitutunun (VHİ) rəhbəri Bəşir Süleymanlı deyib ki, seçki öncəsi mühit əvvəlki seçkilərə nisbətən sakit, qanun pozuntularının az olması ilə yadda qalsa da, seçki günü fərqli mənzərə yaşanıb:

“ Seçki günü nəticələrə ciddi təsir edə biləcək qanun pozuntuları baş verdi. Bununla bağlı namizədlərin və müşahidəçilərin xeyli sayda şikayətləri var. Şikayətlər dairə seçki komissiyalarında (DSK) və Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılır. Artıq 4 dairədə seçkilərin nəticələri ləğv olunub. MSK-nin fevralın 17-də keçiriləcək növbəti iclasında müvafiq qərarlar gözlənilir. Başqa tərəfdən oxşar şikayətlər DSK-lara göndərilib”.

“Daha bir neçə dairənin nəticələri ləğv oluna bilər”

Bəşir Süleymanlı, arxiv foto
Bəşir Süleymanlı, arxiv foto

Bəşir Süleymanlının xatırlatmasına görə, bu günlər Prezident İlham Əliyev Kürdəmir rayonunda “Asan-Xidmət”in açılışında deyib ki, bu seçkilərdə pozuntular baş veribsə, pozuntulara yol verən şəxslər cəzalandırılmalıdır:

“ Bütün bunlardan sonra MSK-nin yekun nəticələri Konstitusiya Məhkəməsinə göndərilməsi gözlənilməlidir. Əgər, ciddi əsaslar varsa, daha bir neçə dairənin nəticələri ləğv oluna bilər. Yekun nəticələrdən sonra bir sıra dairələrdə təkrar seçkilərdən sonra danışmaq olar”

“Bəzi səhvlər vardı,...”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı isə qeyd edib ki, seçki mühiti demokratik seçkilərin keçirilməsinə imkan verib. Onun fikrincə, sabitliyin olması, qarşıdurma elementlərinin yoxluğunu da beynəlxalq müşahidəçilər qeyd ediblər:

“Seçkilər də sabit şəraitdə, şəfaf keçirildi. Bəzi səhvlər vardı, ona görə hansısa dairələrin nəticələrinin ləğvi təbiidir. Ümumi yanaşdıqda seçki saxtakarlığı 125 dairəni əhatə etmir, bəzi dairələrdə saxtakarlıq oldu. Ona görə parlamentin legitimliyinə hər hansı xələl gətirmir”

Məhərrəm Zülfüqarlı, arxiv foto
Məhərrəm Zülfüqarlı, arxiv foto

O, xatırladıb ki, bundan əvvəl keçirilən parlament seçkilərində də müəyyən dairələrin nəticələri ləğv olunub və təkrar seçkilər keçirilib.

Amma bütün bunlarla belə Bəşir Süleymanlı növbədənkənar parlament seçkilərinin yenidən gündəmə gəlməsini gözləmir: “MSK və Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini ləğv etsə, yenidən seçkilər keçirilməlidir. Amma 83 dairə üzrə nəticələr təsdiqlənsə, parlament öz işinə başlaya bilər”.

Məhərrəm Zülfüqarlı də yenidən növbədənkənar seçkilərə ehtiyacın olmadığını hesab edir:

“Çünki saxtakarlıq bütün dairələri əhatə etmir. Pozuntular olan dairələrin nəticələri də ləğv olunub”.

Xatırlatma

MSK sədri Məzahir Pənahov iclas keçirir, arxiv foto
MSK sədri Məzahir Pənahov iclas keçirir, arxiv foto

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir...», - rəydə vurğulanıb.

Hazırda da bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.

Prezident İlham Əliyev də bu günlər vurğulamışdı ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq. «Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin»,- o vurğulayıb.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG