Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:38

Rasim Musabəyov: «Türkiyə üçün Azərbaycanın müxalifəti də, iqtidarı da dost-qardaş olmalıdır»


Rasim Musabəyov
Rasim Musabəyov
«Panorama»nın bu dəfəki qonağı politoloq Rasim Musabəyovdur. Söhbətdə «Media forum» saytının redaktoru Azər Qaraçənli və «Lider» TV-nin əməkdaşı Vahid Abbas da iştirak edir. Rasim Musabəyov Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana gəlişi və bu səfər ətrafında baş verən məsələlərlə bağlı fikirlərini bölüşür

«Azadlıq»: Bu həftə Türkiyə prezidenti Əhməd Necdət Sezər Azərbaycanda səfərdə oldu. Səfər çərçivəsində hər hansı rəsmi sənəd imzalanmasa da,Türkiyə prezidenti həmkarı İlham Əliyev və bir sıra dövlət adamları ilə görüşlər keçirdi. Kütləvi İnformasiya Vasitələrinə verilən məlumatlara görə, bu görüşlərdə həm neft-qaz layihələri, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkə mətbuatında belə təhlillər aparıldı ki, heç bir sənəd imzalanmasa da, səfər müəyyən mənada səmərəli keçib, iki yaxın ölkənin dövlət başçıları regionda baş verən bir sıra məsələlərlə bağlı ciddi məsləhətləşmələr aparıblar. Rasim bəy, sizcə, bu baxımdan Türkiyə prezidentinin səfərində əsas diqqət çəkən məqamlar nədən ibarət oldu?


Rasim Musabəyov: Azərbaycan-Türkiyə münasibətləri o dərəcədə səmimidi ki, nəyinsə imzalanması heç də vacib məsələ deyil. Yada salmaq istəyirəm ki, bu görüş yanvarın sonlarında olmalı idi, ancaq hava şəraiti ilə bağlı təxirə salındı və gərək ki, bunun da məqsədi var idi. Bildiyiniz kimi, Rusiya prezidentinin də bura səfəri oldu. Gərək vəziyyət aydınlaşdırılsın ki, Azərbaycan və Türkiyə İranla bağlı durum və Qarabağ məsələsinin perspektivlərini ciddi şəkildə müzakirə etsin. Biz hər zaman bu məsələlərdə Türkiyəyə arxalanmalıyıq. Bu, təkcə onunla bağlı deyil ki, dost-qardaş ölkəyik, həm də Türkiyəni bizimlə sərhəd, müsəlmanlıq, eyni tarixi, mədəni, insani tellər bağlayır. Bütün bunlar şərait yaradır ki, Azərbaycanla Türkiyə bu durumla bağlı simmetrik imkan yaratmağa malikdirlər. Türkiyə Azərbaycandan fərqli olaraq NATO-nun üzvüdür, təcrübəli və böyük dövlətdir.


«Azadlıq»: Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan və Türkiyənin mövqeləri birmənalı olaraq eynidir. Bəs İran məsələsində baxışlar fərqli ola bilərmi?


Rasim Musabəyov: Mənə elə gəlir ki, Azərbaycan nə dərəcədə öz mövqeyini Türkiyənin mövqeyinə yaxın etsə, riskləri minimuma endirmək imkanındadır.


«Azadlıq»: Onda belə çıxır ki, əgər anti-İran koalisiyasının yaranmasına zəruriyyət meydana çıxsa, Türkiyə kimi Azərbaycan da çəkingən mövqe tutacaq.


Rasim Musabəyov: Mənə elə gəlir ki, bunu dünya da başa düşməlidir ki, Azərbaycan və Türkiyədən həmsərhəd ölkə kimi hansısa anti-İran koalisiyasına qoşulmağı gözlənilməməlidir.


Vahid Abbas: Amma Azərbaycanın bu mövzuda tam neytral qalması İrana sərf edir. Azərbaycan bu münaqişədən itkisiz çıxa bilərmi? Tam neytrallıq məsələyə ideal yanaşmadırmı?


Rasim Musabəyov: Söhbət tam neytrallıqdan getmir. Elə məsələlər var ki, Azərbaycan Amerika ilə əməkdaşlıq edir. Yəni, hər bir halda İranda vəziyyət xoşagəlməyən bir mərhələyə keçsə və açıq toqquşmaya başlanılsa, gözlənilə bilər ki, Azərbaycanda yaşayan ABŞ və Qərb ölkələri vətəndaşlarına qarşı hansısa təxribatlar, təhlükələr törədilsin. Bu gün ABŞ deyir ki, sərhəddini möhkəmlət. Biz bunda maraqlıyıq, Amerikanın köməyindən yararlansaq, heç kəs buna görə bizi qınaya bilməz. Hələlik istəklər birinci növbədə Azərbaycanın hər bir halda təhlükəsizliyinin təmin edilməsidir. ABŞ maraq göstərir ki, işğal olunmuş torpaqlar - 130 km. bizim sərhəddimiz boşaldılsın və beynəlxalq nəzarətə verilsin. Biz də bunda maraqlıyıq. Nə üçün biz bu cür yardımları rədd etməliyik? Ancaq bununla belə, heç kəs deyə bilməz ki, sizin əraziyə qoşun, raket, təyyarə yerləşdirək ki, ondan kiməsə qarşı istifadə edək.


Azər Qaraçənli: Rasim bəy, son vaxtlar Türkiyə ilə Azərbaycanın münasibətlərinin soyuqluğu barədə mətbuatda məlumatlar gedir. Bunu da «Barmek»də gedən yoxlamalarla əlaqələndirirlər. Həmçinin «Azpetrol» və «Barmek»in yerinə Rusiya şirkətlərinin gələcəyini deyirlər. Ümumiyyətlə, sizcə, Azərbaycanın Türkiyə ilə münasibətlərində son 2 ildə dəyişiklik və daha çox Rusiyaya meyllilik varmı?


Rasim Musabəyov: Əvvəla, bir az yanlış anlaşma var ki, Rusiya ilə münasibət inkişafdadırsa, bu mütləq Türkiyə ilə münasibətlərin azalmağındandır. Heç də belə deyil. Təbii ki, Rusiya ilə də münasibətləri inkişaf etdirmək lazımdır, Türkiyə də bu inkişafdan geri qalmamalıdır və mən deməzdim ki, bizim Türkiyə ilə münasibətlərimiz belədir, ola bilsin ki, əvvəlki dinamika yoxdur, biz daha tez inkişafı görürdük. Tutaq ki, Rusiya ilə ticarət əlaqələri çox olur, nəinki Türkiyə ilə, ancaq bir baxın görün, nəyin hesabına? Biz qazı Rusiyadan almağa başlamışıq, yəni, ticarət əlaqələrimizin böyük hissəsi qaza görə ödənilən məbləğdir. Ancaq heç kəs fikirləşmir ki, ilin axırından biz özümüz Türkiyəyə qaz ixrac edəcəyik. Neft kəməri də istifadəyə veriləcək və bunun hesabına 2007-ci ildə ehtimal ki, Türkiyə ilə ticari dövriyyəmiz Rusiya ilə olan ticari dövriyyəni üstələyəcək. Yəni, bunlar hamısı indiki mövcud proseslərin davamıdır. O ki qaldı «Barmek»ə, mən istəməzdim ki, bizim Türkiyə ilə böyük əhəmiyyət kəsb edən münasibətləri bu şirkətin taleyi ilə müəyyənləşdirək. Hamı bilir ki «Barmek» himayə nəticəsində ölkəyə gəlib və «Simens»i rəqabətdə üstələməyib. Yəni, bu şirkət götürdüyü öhdəliklərə əməl etsin, əks təqdirdə onunla xudahafizləşmə də mümkündi və hansısa bir tender nəticəsində doğrudan da Rusiya şirkəti gəlib daha əlverişli şərtlərlə bizim bazarda işləmək iqtidarında olacaqsa, buyursun. Gürcüstanda enerji sektoru Amerikaya verilmişdi, bacarmadılar, satdılar. Mixail Saakaşvili dövrində Rusiya şirkətinə verdilər və heç kəs demədi ki, bunun nəticəsində Gürcüstan Rusiyanın himayəsinə keçdi.


«Azadlıq»: Ancaq bir qədər əvvəl «Simens»ə nisbətən «Barmek» üçün bu qaydalar daha əlverişli idi. İndi həmən o qaydalar «Barmek»in özünün də əleyhinə çevrilir, yəni, bu, həm də Azərbaycan reallığının göstəricisidir.


Rasim Musabəyov: Bazara arxa qapıdan gəlirsənsə, sonra da ağ qapıdan çıxmaq məcburiyyətində olursan. Əgər «Simens» kimi bir şirkət gəlsəydi, öz məsuliyyətin dərk edib, oyun qaydalarından kənara çıxmayacaqdı, götürdükləri öhdəliklərə əməl edəcəkdi və heç kim onu yerindən tərpətmək imkanında olmayacaqdı. Mənə elə gəlir ki, oyun qaydaları hamı - həm «Barmek», həm «Simens», həm də öz şirkətlərimiz üçün eyni olmalıdır. Bu olan yerdə biznes də inkişaf edəcək.


Azər Qaraçənli: «Barmek»in fəaliyyətindəki pozuntularla bağlı Vergilər Nazirliyinin bəyanatlarına heç kəs şübhə etmir. Şirkətin arxa qapıdan gəldiyi fikri də həqiqətə əsaslanır, amma hər halda onu arxa qapıdan buraxmaq məsələsi var, onun gəlişi siyasi qərar olub, getməyi də siyasi qərara oxşayır və bunların heç biri iqtisadi motivə bənzəmir.

Rasim Musabəyov:
Gəlin, Azərbaycan-Türkiyə münasibətlərini «Barmek»in taleyinə bağlamayaq.


«Azadlıq»: Azərbaycandakı türkiyəli iş adamları bir sıra sıxıntılar keçirdiklərini dilə gətirirlər. Onlar deyirlər ki, Türkiyədən gətirilən malın qiyməti nəinki MDB ölkələrindən, hətta İrandan da idxal edilən eyni malnan müqayisədə baha başa gəlir. Onlar iddia edirlər ki, həmin ölkələrdən gətirilən mallara güzəşt tətbiq edilir, ancaq Türkiyədən gətirilənlərə yox. Siz bunu nə ilə izah edirsiniz? Belə çıxır ki, türkiyəli iş adamları üçün Azərbaycanda iş görmək daha çətindir, nəinki o biri ölkələrin sahibkarları üçün.


Rasim Musabəyov: Elə demək inandırıcı çıxmır. Əgər İran üçün Azərbaycanda şərait yaxşı olsaydı, biz dövriyyədə İran mallarını görərdik, amma türk mallarını görürük.


«Azadlıq»: Ancaq İrandan gələn malın qiyməti Türkiyədən gələn malın qiymətindən qat-qat ucuz alınır.


Rasim Musabəyov: Müəyyən mənada bu iradlara əsas var. Bu gün türkiyəli iş adamları Gürcüstanda daha fəaldı, nəinki Azərbaycanda və mən burada təkcə orta biznesi demirəm. Bu gün Tbilisi aeroportunun tam modernləşdirilməsi Türkiyə şirkətinə həvalə olunub. Bir çox hallarda Türkiyə iş adamlarının Gürcüstanda fəallığı Azərbaycanla müqayisədə yüksəkdir. Bu onun göstəricisidir ki, ümumiyyətlə, Azərbaycanda biznes fəaliyyəti üçün mühit elə də əlverişli deyil və onu sərbəstləşdirməyə ehtiyac var. Bu istiqamətdə iş görülməlidir, ancaq hansısa süni üstünlüklər verilməsi tələbləri düzgün deyil. Deyirlər, Türkiyə bizə 2 milyarda yaxın sərmayə qoyub, ancaq Azərbaycan da Türkiyəyə az sərmayə qoymayıb, orada da qarşılıqlı iradlar var ki, bizə də şərait yaratmırlar. Biznes sahəsində bəzi məsələlər qarşılıqlı şəkildə olmalıdı və hansısa süni üstünlüklər axtarmaq dövrü qurtarıb.


«Azadlıq»: Bir neçə il əvvəl Türkiyənin «Saka Korkmaz» şirkəti ilə Azərbaycan arasında borc qalmaqalı yaranmışdı. Nəticədə Azərbaycanın təyyarələri Türkiyədə saxlanıldı, sonradan müəyyən miqdarda hökumətdən pul da alındı. Hüseyn Arabula yaxın səviyyələrdən mətbuatda belə fikirlər səslənir ki, «Barmek» Azərbaycanda təqribən 35 milyon dollara yaxın sərmayə qoyub və onun buradan getməsi ölkəyə elə həmin məbləğə başa gələ bilər. Sizcə, ikinci «Saka Korkmaz» qalmaqalı baş verməz ki?


Rasim Musabəyov: «Saka Korkmaz» Azərbaycan dövləti üçün bir dərs idi və mən inanmaq istərdim ki, hər bir məsələdə Azərbaycan hökuməti hüquqi müstəvidən kənara çıxmayacaq. Konkret öhdəlikləri tələb edib, həyata keçirmək lazımdır. Şayiələr var ki, «Barmek» cüzi bir sərmayə qoyub və əhalidən yığılan pul hesabına işlər görüb. Belə olsa, nəyisə istəmək yox, cərimə olunmaq ehtimalı var.Yəni, tələsikliyə yol verilməməlidir və qanun çərçivəsində məsələlər həll edilməlidir. Çünki bu, sabah Türkiyə məhkəməsinə, beynəlxalq arbitraja çıxa bilər.


Azər Qaraçənli: Mən sizinlə tamamilə razıyam. «Barmek» Azərbaycana başqa vədlərnən gəlmişdi, amma enerjini əhaliyə satmaqla məşğul oldu və heç bir yeniliklər baş vermədi. Ə.N.Sezərin Bakıya səfərindən əvvəl mətbuatda belə fikirlər səslənirdi ki, «Barmek»in məsələsi onun İlham Əliyevlə görüşündə müzakirə ediləcək. Amma səfər başa çatandan sonra Hüseyn Arabul dedi ki, məsələni Türkiyə prezidentinə demək etik normalara ziddir. Ümumiyyətlə, nə baş verir? Ola bilər ki, «Barmek»in rəhbəri hansısa şikayətlərini çatdırıb, amma gözlədiyi cavabı almayıb?


Rasim Musabəyov: Türkiyə prezidentinin Azərbaycanın dövlət başcısı ilə daha böyük məsələləri müzakirə etmək mövzuları var. Məsələn, Bakı-Tbilisi-Ceyhan boru kəməri Türkiyəyə görə 1il ləngiyib, ortalığa əlavə 400 milyon dollar vəsait çıxıb. 400 milyon hara, «Barmek»in istəkləri hara? Bunları Hüseyn Arabul da anlayır.


Azər Qaraçənli: 2005-ci ilin parlament seçkisindən əvvəl Türkiyənin Azərbaycanda demokratikləşmə sahəsində təxminən Polşanın Ukraynada oynayacağı rolu barədə fikirlər səslənirdi. Həmin ilin yayında Baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıya gələndə Azərbaycan parlamentinin demokratikləşməsi ilə bağlı bir sıra bəyanatlar vermişdi. Amma Sezərin son səfərində Bakıda demokratiya və insan haqları ilə bağlı hər hansı fikir eşitmədik. Sizcə, Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti Türkiyə-Azərbaycan münasibətlərində neçənci yerdə durur? Azərbaycanda demokratiyanın olmamağı Türkiyə üçün hansı əhəmiyyət daşıyır?


Rasim Musabəyov: Mənə elə gəlir ki, əhəmiyyət daşıyır, amma həlledici deyil. Yəni, praqmatik dövlət maraqları demokratiya və insan haqlarını üstələyir. Təbii ki, Türkiyə özü Avropa yolunu, NATO-nu, Avropa Birliyini seçibsə və Azərbaycanla arasında yeni sərhəd görmək istəmirsə, ona maraqlıdır ki, Azərbaycan da demokratik inkişafda olsun. Onu da deyim ki, Polşa Ukraynada o rolu ona görə oynadı ki, orada Yuşşenko və Timoşenko var idi. Azərbaycanda da elə alternativ perspektiv olsaydı, Türkiyənin bu məsələlərdə rolu bəlkə 1992-ci ili yada salardı, nəinki 2003-cu ili. Ukraynada alternativ mövcud idi. Azərbaycanda siyasi qüvvələrin nisbəti heç də Ukraynada olduğu kimi deyildi və bunu Türkiyə də, ABŞ da anlayırdı. Bunu anlayan tərəf çalışır ki, özünü daxili çəkişmələrin tərəfinə çevirməsin. Bunun nəticəsidir ki, Türkiyə Azərbaycanın daxili siyasətindən bir az kənarda durur. Mənə elə gəlir ki, o məsafə olduqca böyükdür, belə olmamalıdır. Hər halda hiss olunur ki, Qərb nümayəndələri Azərbaycana gələndə, müxalifətlə ünsiyyətdən çəkinmir, ancaq biz son zamanlar müşahidə edirik ki, Türkiyə nümayəndələri bundan çəkinirlər. Düzgün deyil. Türkiyə üçün Azərbaycanın müxalifəti də, iqtidarı da dost-qardaş olmalıdır.


«Azadlıq»: Rasim bəy, bir tərəfdən deyilir ki, indi Azərbaycanda hakimiyyətdən narazıçılıq böyükdür, ancaq eyni zamanda siz bildirirsiniz ki, Ukraynadan fərqli olaraq Azərbaycanda hakimiyyətin alternativi çox zəif qüvvələr idi. Əgər hakimiyyətdən narazıçılıq varsa, onda müxalifət niyə belə zəif olur? Bunun səbəbi nədir?


Rasim Musabəyov: Məsələ ondan ibarətdir ki, Ukraynada faktiki olaraq hakim elitanın modern qanadı ilə mühafizəkar qanadı arasında demokratik rəqabət vardı. Qərbyönlü və Rusiyayönlü siyasi qrup hakim elitanın içərisində rəqabətdə idi. Azərbaycanda isə rəqabətdə iştirak edən qüvvələrin birinin tam hakimiyyəti, maliyyə və media resursları vardı, o biri qanad isə, 10-12 il hakimiyyətdən ayrılmış və heç bir resursları olmayan siyasi qruplar idi. Təbiidir ki, qüvvələrin nisbəti 1-ə 10 olanda rəqabət olmur.


«Azadlıq»: Onda belə çıxır ki, Azərbaycanda proses bir növ alternativsizliyə gedir?


Rasim Musabəyov: Mənə deyəndə ki, 3-cü qüvvə olacaq, deyirəm ki, hələ 2-ci qüvvəni göstərin. İki ola bilər, amma qüvvə lazımdı, mən qüvvə görmürəm.


Azər Qaraçənli: Rasim bəy, həmin qüvvə olsaydı, Türkiyə alternativi görsəydi, demokratiyanı maraqlarından üstün tuta bilərdi?


Rasim Musabəyov: Azərbaycanda hakimiyyətdə kim olur-olsun, Türkiyə ilə münasibətlərə xələl gətirəsi heç nə yoxdur.


Azər Qaraçənli: Bəs onda, Türkiyə nümayəndələri nədən qorxurlar?


Rasim Musabəyov: Söhbət qorxmaqdan getmir. Məncə, Türkiyənin Azərbaycanın demokratik inkişafında marağı olmalıdır, necə ki, o böyük layihələrdə marağı var.


«Azadlıq»: Rasim bəy, sizə elə gəlmir ki, Türkiyənin Azərbaycanın demokratikləşmə prosesində az maraqlı olmasının səbəblərindən biri də bu ölkənin özünün daxilindən gələn məsələlərlə bağlıdı. Yəni, bir çoxları hesab edir ki, demokratiya, insan hüquqları məsələsində Türkiyənin özünün də problemləri var.


Rasim Musabəyov: Türkiyədə inkişaf etmiş də, geridə qalmış da bölgə var. Bəlkə geridə qalmış bölgədə insan hüquqları ilə bağlı hansısa problemlər var, ancaq deməzdim ki, Polşa Türkiyəni bu məsələlərdə qabaqlayıb. Təbii müəyyən fərqlər var, ancaq hər bir halda Türkiyə bu məsələdə özünü kənarda saxlamamalıdır və tövsiyələr olanda heç də ikitərəfli münasibətlərə zərər gətirməməlidir. Bunları iqtidar da, Azərbaycan ictimaiyyəti də öyrənməlidir. Qaranı görəndə qara, ağı görəndə ağ deməlisən. Bu heç də dostluq münasibətlərinə xələl gətirən yanaşma deyil.


XS
SM
MD
LG