Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:27

Ucuz pambıq dövrü bitir...


Pambıq yığımı
Pambıq yığımı

Azərbaycanda bu il yetişdirilən pambığın əsas hissəsi iplik, sap və başqa hazır məhsul səviyyəsinə gətiriləcək. Bu məqsədlə gələcəkdə xam pambıq istehsalının ildə 600-700 min ton və daha çox olması üçün planlar hazırlanır.

Dövlət Proqramı hazırdır

Pambıqçılıq ölkəyə valyuta gətirəcək əsas sahələrdən biridir. Bu sahənin kənd təsərrüfatında üstün istiqamətə çevrilməsi hökuməti pambıqçılığın inkişafına dair uzunmüddətli dövlət proqramı hazırlamağa ruhlandırıb. Sənəd yaxın günlərdə qəbul ediləcək. Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri İmran Cümşüdov AzadlıqRadiosu-na belə deyib. Onun sözlərinə görə, bütün dəyər zənciri üzrə pambıqçılığın istehsal və emalının ölkə daxilində təşkili nəzərdə tutulur. Pambıq iplik, sap, trikotaj və toxuculuq sənayesi məhsulları istehsalının mövcud və yeni tikiləcək fabriklərdə təşkili planlaşdırılır. Məqsəd – yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara çıxmaqdır.

Buna da bax:​ Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb

Büdcədən 300 milyon ayrılır

Pambıq yığımını sürətləndirmək, əl əməyini azaltmaq üçün gətiriləcək kombaynların bir neçəsi builki yığım mövsümü başa çatarkən ancaq gəlib çıxıb. Gəncə Avtomobil Zavodunda da yığım aqreqatlarının istehsalına başlanıb. İstehsalın artırılması məqsədilə gələn ildən daha geniş tədbirlər görüləcək. Pambıq əkini sahələrinin genişləndirilməsinə dövlət büdcəsindən 100 milyon, kənd təsərrüfatı texnikasının alınmasına isə 200 milyon manat ayrılacaq.

Emal sektoru dirçəlir

Mingəçevirdə və başqa bölgələrdə toxuculuq sənayesi üzrə şaxələnmiş müəssisələr qurulacaq. Təkcə Mingəçevirdə 5 min 500 nəfərin çalışacağı 9 zavodun qurulması istiqamətində işlər başlanıb.

Buna da bax: Zərdabda pambıq yığmayan işsiz qalacaq

Bu ilin 11 ayında pambıq iplik istehsalı 2,2 dəfə artaraq 15,6 min tona çatıb. Yanvar-sentyabr aylarında 8 min tona yaxın iplik ixrac edilib, satışdan 15 milyon dollar gəlir götürülüb.

Artan dövlət dəstəyini görən yeni şirkətlər pambıqçılıq sektoruna daxil olmaqdadır. İsveçrənin «Novanord Holding» şirkəti vergi borcu üzündən «Bank Nikoil» ASC-nin nəzarətinə keçən Ağdaş Pambıq Zavodunun səhmlərini hərracda satın alıb. Birinci dövlət özəlləşdirmə proqramı gerçəkləşərkən, zavodun səhmlərinin 67,8 faizini İsveçrənin başqa bir şirkəti - «Jecot S.A. Jeneve» almışdı.

Buna da bax:​ ASAN xidmətinin əməkdaşları da pambıq yığımına aparıldı

Məhsuldarlıq gözləniləndən aşağı olub

Son məlumatlara görə, bu il pambıq zavodlarına 84,5 min ton - əvvəlki ildən 2,4 dəfə çox pambıq təhvil verilib. Havanın dəyişkən olması üzündən məhsuldarlıq gözləniləndən xeyli aşağı – 1 hektardan, orta hesabla, 1,62 ton olub. Halbuki hökumət, ən azı, 100 min ton məhsul gözləyirdi. Gələn il əkin sahələrinin 100-120 min hektara çatdırılması hədəf götürülüb.

Ekspert: «Hədəf düz götürülməyib»

Pambıqçılığın dövlət dəstəyi ilə yenidən canlandırılmasını müsbət qiymətləndirməyənlər də var. Onlardan biri - kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli AzadlıqRadiosu-na deyib ki, hökumət əvvəlcə ərzaq tələbatını qarşılayacaq məhsulların istehsalına yardım etsə, daha doğru olardı:

«Ölkənin daha çox tələbat duyduğu məhsullara ehtiyacın ödənilməsi hədəf olmalıdır. Buğdaya, ətə, ağartıya, yumurtaya və başqa məhsullara tələbatın xeyli hissəsi idxal hesabına təmin edilir. Ərzağa ehtiyacımızı ödəməkdə çətinlik çəkdiyimiz bir zamanda daha çox pambıqçılığa, baramaçılığa dövlət dəstəyini ayırmaq, məncə, anormal haldır».

Buna da bax:​ Ekspert: Pambıq 'təbliğat bitkisi'nə dönüb

Ekspert hazırda dünyada pambığın birillik istehlakı həddində – 25 milyon ton anbar ehtiyatının olmasına diqqət çəkir. «Bu səbəbdən, hökumət perspektivi qaranlıq «ağ qızıl»dansa, ərzaq istehsalına daha çox fikir versə yaxşıdır». - V. Məhərrəmli belə deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG