Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:04

Pambıq yığıldı, bəs sonra?


Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Ağ qızılın qara dərdi

Noyabrın 25-də ölkədə 82 min tondan çox pambıq toplanıb. Bu, bir il öncəkindən 2.5 dəfə çoxdur. Azərbaycan bu pambıqla valyuta qazanmaq niyyətindədir. Bəs ölkədə istehsal olunan pambıq dünya bazarına hansı formada çıxarılacaq?

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, hazırda pambıq sahələrində yığım davam edir və onlar pambığı xammal şəklində yox, daha çox məhsul şəklində satmaq istəyirlər: «Əsas məqsədimiz odur ki, pambıq təkcə mahlıc kimi satışa çıxmasın, həm də mahlıcdan iplik, iplikdən də parça toxunsun. Dəyər zəncirini artırıb son məhsula qədər çatdırmaq əsas hədəfimizdir».

İmran Cümşüdov deyir, ola bilsin, bir hissəsi elə mahlıc kimi satılacaq, ancaq xammalın daha çox ölkədə dəyər qazanmasını istəyirlər.

Azərbaycan istehsal olunan pambığı son məhsula çevirə biləcəkmi? AzadlıqRadiosu bu suala statistik rəqəmlərdə cavab axtarıb və ölkənin emal sənayesində toxuculuq və tekstilin yerini müəyyənləşdirməyə çalışıb.

RƏQƏMLƏR NƏ DEYİR

Statistika Komitəsinin məlumatına görə, emal sənayesi bütün sənayenin 24 faizini, toxuculuq isə emal sənayesinin ötən il 0.1 faizini, geyim istehsalı 0.2 faizini təşkil edib. Bu sektorun emal sənayesində payı əvvəlki illərdə də cüzi olub. Geyim istehsal edən müəssisələrin sayı 2010-cu illə müqayisədə təxminən 48 faiz azalaraq 50-yə düşüb.

Buna da bax-'Yurdunda sarımsaq əkilsin' sözləri daha qarğış deyil

Azərbaycanda 2015-ci ildə pambıq emal müəssisələri satış üçün 6.6 min ton mahlıc istehsal ediblər. Bu, 2014-cü illə müqayisədə iki dəfə azdır.

Rəsmi statistikaya görə, pambıq yataq ağlarının istehsalı 2014-cü ildə pik həddə çatıb, amma sonrakı il iki dəfə azalaraq, 227 minə düşüb.

İplik istehsalı da 2014-cü illə müqayisədə az olub, 11 min tondan 9 minə düşüb.

Ancaq pambıq parça toxunuşu iki il öncəylə müqayisədə 11 dəfədən çox artaraq, 9.6 milyon kvadratmetr olub.

Pambıq yağı istehsalı 2015-ci ildə əvvəlki ilə nisbətən cüzi artaraq, 1.8 min tona çatıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycan gömrüyündə tonu 1055 ABŞ dollarına rəsmiləşdirilməklə 3 min 300 ton mahlıc ixrac edilib. Bundan əlavə, emal müəssisələri 5.8 milyon kvadratmetr pambıq parça ixrac edərək, 9.8 milyon dollar gəlir götürüblər. Doqquz ayda parça satışından gəlirin 11.8 faiz artdığı göstərilir.

Pambıq
Pambıq

«MAHLICI, İPLİYİ DÜNYA BAZARINA ÇIXARA BİLƏCƏYİK»

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi İmran Cümşüdov deyir ki, mahlıcı, ipliyi dünya bazarına çıxara biləcəklər, Azərbaycanda artıq müasir tələblərə cavab verən müəssisələr var və onların məhsulları xarici bazarda rəqabətədavamlı ola bilər. Tekstil məhsulları isə ölkədə daxili tələbatın ödənməsinə yönələcək:

«Sumqayıtda toxuculuq fabriki var, indi Mingəçevirdə yenisi qurulacaq. Dünyada rəqabətə girməsə də, daxili tələbatı ödəyirik, məhsulların digər ölkələrə ixracına imkan yaranır. Getdikcə də məhsullarımızın təbliğatı, keyfiyyəti ilə bağlı uyğun qurumlar müəyyən tədbirlər gerçəkləşdirəcək».

İmran Cümşüdov: 'Sumqayıtda toxuculuq fabriki var, indi Mingəçevirdə yenisi qurulacaq'
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

«PAMBIQ ÇİYİDİNDƏN BİR NEÇƏ ADDA MƏHSUL ALIRIQ»

Pambıq emalı ilə məşğul olan müəssisələrdən birinin adının çəkilməsini istəməyən əməkdaşı deyir ki, onlar artıq neçə ildir pambıqdan mahlıc, çiyidindən isə bir neçə adda məhsul alırlar:

Buna da bax-Əti pambıq bahalaşdırır?

«Mahlıcı yerli əyirici şirkətlər alıb iplik toxuyurlar, sonra da başqa müəssisələrə satırlar. Biz bir də pambıq çiyidindən bir neçə adda məhsul alırıq. Pambıq yağı, ulyuk, tiftik, çiyid cecəsi istehsal edirik. Həm daxili, həm də xarici bazarda satırıq. Xaricdə əsas tərəfdaşlarımız Rusiya, Türkiyədir».

Rəsmi müsahibə verməkdən imtina edən MMC əməkdaşı deyir ki, adətən, Azərbaycan pambığının yarısı daha keyfiyyətli, yüksək sort sayılır. O əlavə edir ki, havaların yağmurlu keçməsi də pambığın keyfiyyətinə təsir edəcək.

«PAMBIQ EMALI İNHİSARDA OLDUĞUNDAN, RƏQABƏTLİ GƏLƏCƏK VƏD ETMİR»

«Pambıq yerli sənayedə xammal kimi istifadəyə yönəldilsə, iqtisadi diversifikasiyada mühüm rol oynaya, kənd təsərrüfatı ilə yanaşı, sənaye sferasında da yeni iş yerlərinin yaradılmasına baza ola bilər», – iqtisadçı Rövşən Ağayev belə deyir. Onun sözlərinə görə, pambıq xam formada ixrac edilmədən birbaşa emal zəncirinə daxil olduqda, daha yüksək gəlir gətirir:

Rövşən Ağayev
Rövşən Ağayev

«Məsələn, 1 ton pambıq mahlıc, ölçüsündən asılı olaraq, təxminən 1500-2000 ədəd qısaqol kişi idman köynəyinin istehsalı üçün parçanın xammalıdır. Ən ucuz topdansatış qiyməti ilə (2.5-3 dollar) bu, 2500-3000 dollara bərabərdir».

Rövşən Ağayev hesab edir ki, hətta pambıq daxili bazarda dəyər zənciri yaratmaq imkanı qazansa da, Azərbaycanda pambıq emalı inhisarda olduğundan, bu sahəyə rəqabətli gələcək vəd etmir.

TÜRKİYƏ GEYİM İXRACINDAN 18 MİLYARD DOLLAR QAZANIB

Qonşu Türkiyə pambıq emalı ilə daha çox gəlir əldə edir. Ege bölgəsində Pambıq və Yağlı Toxumlar Tarım Satış Kooperativlər Birliyinin əməkdaşı Şenol Aydemir AzadlıqRadiosuna açıqlamasında deyir ki, Türkiyədə pambıqdan həm qida, həm tibb, həm də sənaye sahəsi üçün məhsul alınır: «Biz firma olaraq yalnız mahlıc və pambıq çiyidindən alınan məhsulları satırıq. Pambıq çiyidindən bir çox məhsul alırıq. Onu da həm ölkədə, həm də xarici bazarda satırıq».

Şenol Aydemir-in sözlərinə görə, Türkiyə daha çox iplik və tekstil məhsulu ixrac edir. Üstəlik, ölkə Amerikadan, Pakistan, Yunanıstandan da mahlıc alır.

Gömrük və Ticarət Nazirliyinin hesabatında deyilir ki, ölkədə tekstil sənayesi genişləndiyindən Türkiyə artıq mahlıc idxalçısına da çevrilir. Ancaq ötən il Türkiyə 76 milyon dollarlıq (48 min tonluq) mahlıc satıb, idxalı isə təxminən 1 milyon dollar civarında olub.

Nazirliyin hesabatında göstərilir ki, 2014-cü ildə Türkiyə 18.5 milyard dollarlıq geyim və geyim məhsulları ixrac edib. Həmin il tekstil və xam maddələrin ixracatı 8.5 milyard dollar olub. Rəqəmlərə görə, həmin il hazır geyim və tekstil, o cümlədən, xammalın ixracı cəmi ixracatın 17.1 faizini təşkil edib.

Azərbaycan pambıqdan nə qazanacaq və mahlıc, çiyid əlavə dəyər zəncirini hara qədər uzada biləcək, bunu gələn ilin statistikası deyəcək.

XS
SM
MD
LG