Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Pambıqçıların ‘zəhərlənməsi işi’ məhkəmədə


İmişli rayonunda pambıqçılar (Foto arxivdəndir)
İmişli rayonunda pambıqçılar (Foto arxivdəndir)

İyunda Saatlı, Tərtər, İmişli və başqa rayonlarda pambıqçıların zəhərlənməsinə görə açılmış cinayət işləri məhkəməyə göndərilib.

Bu haqda Baş Prokurorluğun məlumatında bildirilir.

Məlumata görə, zəhərlənmə olayları ilə bağlı cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırılıb. Araşdırmaya kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət komissiya da cəlb edilib.

Prokurorluğun məlumatında kimyəvi zəhərlənmələrə məruz qalan bütün şəxslərin zərərçəkmiş kimi tanındığı, onların sağlığının zəruri tibbi və sair təminatlarla əhatə olunduğu vurğulanır.

Müxalifət pambıqçılığı qul əməyi hesab edir (Foto arxivdəndir)
Müxalifət pambıqçılığı qul əməyi hesab edir (Foto arxivdəndir)

Həbslər yuxarıdan başlanmalıydı...

Cinayət işinin istintaqı çərçivəsində pestisidlərin dövriyyəyə buraxılması və dərmanlama işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasına aid şübhəlilərin müəyyən edildiyi, həmin şəxslərin təqsirləndirilən şəxs qismində cəlb olunduğu bildirilir. Məlumata görə, həmin şəxslər barəsində məhkəmə qaydasında həbs qətimkan tədbiri seçilib.

10-a qədər şəxs həbs edilib.

Həbs edilənlər “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronom Gülməmməd Küçiyev, cəmiyyətin İmişli İnnovasiya filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədovdur.

Bundan başqa “CTS Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, köməkçi aqronomu Habil Quliyev də həbs ediliblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbovun, İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanovun və Tərtər rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimovun da həbs edilənlər sırasında olduğu bildirilir.

Prokurorluq cinayət işlərinin ibtidai istintaqının tamamlandığını, Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərildiyini bildirir.

Baş verənlərə, hələlik, həbs edilənlərin özlərinin və vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb. Ancaq onların qohumları həbsləri düzgün saymayıblar. Həmin şəxslər vurğulayıblar ki, əgər həsbslər olacaqdısa, bu yuxarılardan başlanmalı idi.

Xatırlatma

Bu il pambıq yığımı mövsümündə Tərtər, Saatlı və İmişli rayonlarında kütləvi zəhərlənmə baş verib. Tərtər rayonunda iyunun 16-da 14 nəfərin zəhərləndiyi, onlardan 4 nəfərin Yevlax Rayon Mərkəzi Xəstəxanasında Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilirdi.

İyunun 10-da isə Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onlardan 8 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya gətirilmişdi.

İmişli rayonunda isə zəhərlənmə ilə bağlı 100-dən çox şəxsin xəstəxanaya müraciət etdiyi açıqlanmışdı.

Faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılmişdi.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedirdi.

Son illər hökumət pambıqçılığıa diqqəti artırıb. Həm əkin sahələri, həm də tədarük edilən pambığın çəkisi çoxalıb. Ötən il ölkədə 200 min tondan çox pambıq yığılıb. Hökumət rəsmiləri, üstəlik bu sahəyə yeni iş yerlərinin açılması kimi baxırlar.

Hökumətin opponentləri bunu düzgün saymırlar, pambıqçılığı qul əməyi hesab edirlər. Onların dediyinə görə, pambıq sahələrinin artırılması heyvandarlığa da mənfi təsir edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG