Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:44

Dövlət zəhərlənmiş pambıqçısına niyə sahib çıxmır?


Muharrem Ince seçkidə səhvlərini izah edir
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Muharrem Ince seçkidə səhvlərini izah edir

Həmayıl İsmayılova İmişlinin Bəcrəvan kəndindəndir. O ötən həftə zəhərlənmiş pambıqçılardan biridir. Yenidən kətməni əlində tarlada işləyir. Zəhərlənmədən qorunmaq üçün başını yaylıqla elə sarıyır ki, bircə gözləri görünür.

Deyir ki, təkrar zəhərlənmədən sığortalanmasa da, çörək dərdindən işləməyə gəlib. Əri gözdən əlildir, 53 manat təqaüd alır. O da dərmana, elektrikə, qaza ya çata ya çatmaya:

“Bankada özümüzə qatıq, ayran gətiririk. Hər ehtimala qarşı yardımdır, zəhərlənsək bundan içək deyə. Hər saniyə ölümü gözümüzün qabağına gətiririk ki, birdən zəhərlənərik. Məcbur gəlirik, əlac yoxdur. Bir 10 manat alaq, evə qənd, çay, çörək alaq aparaq”.

Cavadxanlı kəndindən olan Kəmalə Fətullayeva da az əvvəl pambıq tarlasında zəhərlənənlərdəndir. Yenə kətməni əlinə alıb tarlada işləyir:

“Bir uşağım xəstədir. Mən xəstəxanaya düşəndən sonra uşağıma kim baxacaq? Evimdə un yoxdur. Onu fikirləşsin prezident. Xalqa xidmət etsin, çörək versin. Yoxsa apar bizi tök xəstəxanaya, hamımız qırılaq... Bəs evdəkilər yazıq deyil?”

Bu qadınların briqadiri Rahilə Hümbətovanın bir xahişi var. O istəyir ki,hadisədən sonra müalicə alanların üç günlük pulu ödənsin.

“Çoxu borc elədi, xəstəxanaya getdilər. Heç olmasa əmək günü veriləydi. Çıxılmaz vəziyyətdəydilər. çoxu ağrıdan işləyə bilmir, başları ağrıyır, yanlarında qatıq saxlayırlar ki, zəhər bədənlərindən getsin”.

Bu gün uşağına çörəkpulu aparmaq üçün həyatını riskə atanların təhlükəsizliyinə kim zəmanət verir? Onların başına təkrar bir iş gəlsə onların övladına, ailəsinə kim yardım edəcək?

Qanunvericiliyə görə, işçinin işə götürənlə rəsmi müqaviləsi varsa, o istehsalatda bədbəxt hadisədən və peşə xəstəliklərindən sığortalanmış olur. Bəs müqavilə bağlanmadıqda pambıqçı taleyin ixtiyarınamı buraxılmaldırı?

Sualı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov cavablandırır:

“Belədə onların müalicə xərclərini işəgötürən ödəməlidir. Əmək qanunvericiliyi bunu deyir. Işçi ilə əmək müqaviıəsi yoxdur və s. bunun işçiyə dəxli yoxdur. Faktiki əmək münasibətində olubsa xərcləri boynuna götürməlidir. Amma burda növbəti problem ortaya çıxır. Bizdə tibb pulsuzdur. O şəxslər rayon xəstəxanasına gediblər və onlara dövlət hesabına xidmət göstərilib. Onlar orda kiməsə 5 manat veriblərsə qəbz ala bilmirlər”.

Bəs pambıqçıların işləmədiyi günlərin pulu ödənməlidirmi? Sahib Məmmədovun sözlərinə görə, işçi müvəqqəti əmək qabiliyyətini itiribsə, onun əməkhaqqının ilk 14 gününü işəgötürən ödəyir, yerdə qalanını Dövlət Sosial Əmək Fondu.

Amma indiki halda həmin pambıqçılara Fond pul ödəyə bilmir. Çıxış yolunu yenə Sahib Məmmədov təklif edir. O deyir ki, həmin şəxslərlə əmək münasibəti qeyri-rəsmi qurulduğundan işəgötürən də ödəmələri qeyri-rəsmi şəkildə davam etdirməlidir. Ya da bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır ki, onlarla işçiylə əmək müqaviləsi bağlanmır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası özünüməşğul insanların fəaliyyətinin leqallaşdırılması məqsədilə hökumətə təkliflər verib. Bəzi prosedurların sadələşdirlməsi istənilib.

“Bu adamlar VÖEN açdırmalıdır, rübdə bir dəfə hesabat verməlidir, ildə bir dəfə ümumi hesabat verməlidir. Bunu asanlaşdırmaq lazımdır. Getsin ASAN xidmətə 50 manatını versin, yarımillik patent alısn, leqal fəaliyyət göstərsin. Bunu etmirlər. Vergilər Nazirliyi maraqlı deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu işlə məşğul olan yoxdur. Problem bundadır”.

Bu barədə rəsmi qurumlardan cavab almaq mümkün olmayıb. Ancaq Həmkarlar İttifaqının apparat rəhbəri Həsən Cəfərov AzadlıqRadiosuna deyir ki, bu cür hallarda ancaq dövlət müdaxilə edərək işçinin hüquqlarını qorumalıdır. Bəs Həmkarlar İttifaqı duruma əl qoya bilərmi?

Həsən Cəfərovun izahatına görə, müqavilə bağlanmayıbsa, Həmkarlar İttifaqı bu məsələdə heç nə edə bilməz:

“Bu işlərə Dövlət Əmək Müfəttişlyi nəzarət edir. Yəqin dövlət müvafiq addım atır. Həmkarlar İttifaqı olan təşkilatlarda belə hala rast gəlinmir. Hadisə baş verib, bilirik, amma bizim təşkilata aidiyyatı yoxdur”.

Həsən Cəfərov günəmuzd işçilərin hüquqlarının qorunması məqsədilə dövlətlə birgə fəaliyyət göstərdiklərini, qeyri-formal fəaliyyətin qarşısını almaq məsədilə hökumətlə ikitərəfli komissiya çərçivəsində işlədiklərini bildirir.

Azərbaycanda bu ilin iyununda Sabirabad, Yevlax, İmişli rayonlarında pambıqçıların tarlada işləyərkən halları pisləşib, onlar xəstəxanaya çatdırılıb.

İlkin məlumatlarda pambıqçıların sahəyə vurulan dərman preparatlarından zəhərləndiklərini deyilirdi.

Bundan sonra hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi açıblar, beş nəfər saxlanıb. Amma konkret işəgötürənlərin işçiləri müqaviləsiz işlətməsi ilə bağlı araşdırma aparılması haqda məlumat verilməyib. Bu məsələnin araşdıırlıb-araşdırılmadığı bilinmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG