Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Təqsir zəhərlənən pambıqçıların özündədir?


Nazir: “Bu özəl şirkətlərin, fermerlərin üzərinə öhdəlik qoyur ki...”

İyunun 19-da İmişli rayonunda pambıq sahəsində çalışan onlarca işçi rayon xəstəxanasına müraciət edib.

“Deyilmişdi, ehtiyatlı olun”

Zərərçəkənlər başlarına gələni belə nəql edirlər:

“Ürəyimiz getdi. Yerə yıxıldıq. On nəfərə qədər bizim adamın ürəyi getdi. Sonra burda sistem köçürdülər. Şükr yaxşıyıq... Briqadir bizə demişdi ki, əlinizi vurmayın. Biz də bilmirdik”.

“Bizə dedilər ki, sahə dərmanlıdır, ehtiyatlı olun”.

“İçəridə bir neçə yüz insan var. Hamısı da zəhərlənib. İçəri doludur”, - bunu isə zərərçəkənlərdən birinin yaxını söyləyir.

Zərəçəkən Yaqut Məmmədova sahəyə təxminən 16 avtobus işçi gətirildiyini deyir:

“Deyilmişdi, ehtiyatlı olun. Bəziləri ağzını bağlamamışdı. Ona görə sonradan hamıya keçdi”.

Səhiyyə Nazirliyi hadisəylə bağlı İmişliyə həkim briqadası göndərib. Nazirliyin Kliniki Tibbi Mərkəzinin toksikoloqu Eyvaz Salahovun sözlərinə görə, onlara 55 nəfər müraciət edib, günün sonuna onların əksəriyyəti evə buraxılacaq.

O xəstələr arasında “kəskin zəhərlənmə” halının müşahidə olunmadığını desə də, analiz götürülərək Bakıya göndərildiyini, dəqiq diaqnozun bundan sonra qoyulacağını söyləyir.

Nazir: “Bu özəl şirkətlərin, fermerlərin üzərinə öhdəlik qoyur ki...”

İyunun 19-da İmişliyə gedən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, məsələ birbaşa prezidentin nəzarətindədir, hüquq-mühafizə orqanları araşdırma aparılır. Nazir zərərvercilərə qarşı kimyəvi maddələrdən istifadənin qaçılmaz olduğunu söyləyib:

“Əvvəlki hallar da, bugünkü hadisə də özəl şirkətlərin becərdiyi, idarəçiliyində olan sahədə baş verib. Bu özəl şirkətlərin, fermerlərin üzərinə öhdəlik qoyur ki, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunsun”.

İnam Kərimov həmçinin deyib ki, istifadə olunan dərmanların keyfiyyəti, qadağan edilmiş olub-olmaması araşdırılacaq. Nazirin sözlərinə görə, gələn aydan ölkəyə gətirilən bu cür dərmanların idxalına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

Baş Prokurorluq, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri İmişlidə olublar.

Deputat: “Baş verənləri faciəyə döndərmək lazım deyil”

Milli Məclisin Aqrar komitəsinin sədri Eldar İbrahimov isə AzadlıqRadiosuna deyib ki, sovet vaxtında da bu cür hallar baş verib və buna səbəb ehtiyatsızlıq da ola bilər. Bununla belə o hadisəni şişirtməməyi məsələhət görüb:

“Adam da yeridiyi yerdə ölə bilər, baş verənləri faciəyə döndərmək lazım deyil”.

Xatırlatma

Son 9 gündə Azərbaycanda pambıqçılar üçüncü dəfədir kütləvi şəkildə xəstəxanaya müraciət edirlər. İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya müraciət edib. Saatlı rayonunda zəhərlənənlərin hamısı artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqəli oxşar cinayət işlərinin açıldığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG