Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:33

‘Pambıqda zəhərlənmə işi’ ilə bağlı həbsləri 'aşağıdan' başlayıblar?


İmişli rayonu, pambıq tarlası
İmişli rayonu, pambıq tarlası

Saxlananlardan birinin qohumu: “ Əsas yuxarıdan başlamalı idilər”

Bu gün, iyunun 21-də Nəsimi Rayon Məhkəməsində ‘Pambıqda zəhərlənmə işi’ ilə bağlı saxlananlardan bəzilərinin haqqında həbs qərarı verildiyi bildirilir. Onlardan birinin də Satlı Rayon Pambıq Zavodunun aqronomu Gülməmməd Qoçiyev olduğu deyilir. Bu barədə Azadlıq Radiosuna məhkəmənin qarşısında onun bacısı oğlu Vasif Nəsirov məlumat verib:

“ Bizə çatan məlumata görə, məhkəmə düzgün keçməyib. Dayım haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib”

Vasif Nəsirov deyib ki, dayısını günahkar saymır:

“Biz dayımızda heç bir günah görmürük. Günahı dərmanı verənlərdə görürük.Əsas yuxarıdan başlamalı idilər. Bu günahsız adamdır. Mən belə deyərdim. Tək bu deyil, 4-5 nəfərdir. Bəziləri də İmişli rayonundandır ”

Vasif Nəsirov deyib ki, dayısı Gülməmməd Qoçiyevin işi ilə bağlı sabah, iyunun 22-də vəkili apelyasiya şikayəti vermək niyyətindədir.

Bu açıqlamaya, hələlik, Nəsimi Rayon Məhkəməsi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

***

“MKT İK” məhdud məsuliyyətli cəmiyyətin (MMC) İmişli və Saatlı rayonundan olan bir neçə nümayəndəsinin izahat vermələrindən ötrü Baş Prokurorluğa çağrıldığı deyilir. Verilən məlumatlara görə, bunun ardınca onların barələrində həbs qətimkan tədbirinin seçilməsindən ötrü məhkəmələrə təqdimat göndərilib. Bu barədə AzadlıqRadiosuna adıçəkilən rayonlardan olan yerli sakinlər məlumat verib.

“MKT İK” MMC-nin İmişli rayonundakı İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev-in və həmin müəssisədə aqronom işləyən Surxay Məmmədovun da iyunun 19-da saxlanıldığı deyilir. Şahidlər bildirir ki, hadisə yerini müayinə etməyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları özləri iə aparıblar.

M. Quliyevin oğlu İman Quliyev bu deyilənləri təsdiqləyib:

“Bizə də belə deyilib. Bir azdan mən Nəsimi Rayon Məhkəməsinə gedəcəm. İşə orada baxılacaq.”

Zəhərlənmə hadisəsinə görə saxlanılanların olub-olmadığına Baş Prokurorluqdan isə münasibət öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, rəsmi məlumat olanda yayacağıq.

Xatırlatma

Son 2 hıəftədə Azərbaycandakı pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsinin qeydə alndığı bildirilir.
İyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.

Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi.Sonrakı günlərdə də müraciətlər davam edib.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi.

Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.

XS
SM
MD
LG