Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

Valentin bayramı qadağan edilib


Pakistanlı gənclər.
Pakistanlı gənclər.

Pakistanda məhkəmə Valentin gününü qeyd etməyi yasaqlayıb. İslamabad məhkəməsinin qərarına görə, Valentin günü münasibətilə ictimai yerlərdə bayram etmək olmaz. Mətbuat da bu günlə bağlı bir şey yaza, TV kanalları bu haqda proqram yayımlaya bilməz.

«QƏRBƏ AİDDİR»

BBC yazır ki, məhkəmə şəxsi müraciət əsasında belə qərar çıxarıb. Müraciətdə Valentin bayramının İslam dəyərlərinə zidd olduğu, «məhəbbət pərdəsi altında əxlaqsızlığı, çılpaqlığı, ədəbsizliyi təbliğ etdiyi» deyilir.

Son 10 ildə Pakistan şəhərlərinin çoxunda Valentin bayramı populyarlaşıb, ilk dəfədir ölkədə bu günün qeyd edilməsinə qadağa qoyulur.

Mətbuat prezident Mamnoon Hussain-in keçən il Valentin bayramıyla bağlı dediklərini xatırladır. Prezident xalqı bu günü qeyd etməməyə çağırıb, bayramın müsəlmanlara deyil, Qərbə aid olduğunu söyləmişdi. «Valentin bayramının bizim mədəniyyətimizlə əlaqəsi yoxdur, belə şeylərdən qaçmaq lazımdır», – demişdi.

Prezident kimi düşünənlər çoxdur. Keçən il yerli mühafizəkar qəzetlərdən biri bu günün «əxlaqsızlıq bayramı» olduğunu yazmışdı.

SEKSUAL BAYRAM?

«Mühafizəkarlar, belə getsə, Pakistanda Milad bayramının da keçiriləcəyindən qorxurlar», – BBC-dən Haroon Rashid belə yazır. Onun sözlərinə görə, adi pakistanlılar Valentin bayramının bilərəkdən, kommersiya məqsədilə təbliğ edildiyini, güclə qazandıqları pulu xərcləməyə vadar edildiklərini düşünürlər.

BBC yazır ki, Pakistanda Valentin bayramının yasaqlanmasına əsas səbəb onun haqqında məlumatın az olmasıdır. Bu günü sevgi günü kimi yox, cinsi münasibətləri təbliğ edən seksual bayram kimi qavrayanlar çoxdur.

Elə pakistanlıların bu gün bu qadağaya nə dərəcədə əməl edəcəyi də qavrayışdan asılıdır. Əgər dükana gedib Valentin günü münasibətilə hədiyyə almaq da bayram etməkdirsə, qadağa, yəqin, dükanlara da tətbiq edilməliydi. Amma bu haqda, hələ ki, bir söz deyilmir.

İslamabad məhkəməsinin qərarı daha çox mətbuata təsir edib, dükan və restoranlar öz işlərindədirlər. Restoranlar xüsusi yeməklər təklif edir, gül dükanlarında isə qızılgülün qiyməti bu gün Pakistanda da ərşə qalxır.

XS
SM
MD
LG