Yüzlərlə pakistanlı həkim və tibb tələbəsi paytaxt İslamabadda nümayişə çıxaraq hökumətdən Özbəkistan və Qırğızıstan universitetlərinin verdiyi diplomların tanınmasını tələb ediblər.
Yanvarın 7-də tibb fakültələrinin 2000-dək tələbəsi və məzunu Pakistan Tibb Komissiyası binasının qarşısına toplaşaraq tələblərini səsləndiriblər.
Onların bir gün əvvəl keçirdikləri aksiyanı polis dəyənək və suatanlarla dağıtmışdı.
Bu aksiyanın dağıdılması zamanı adamlara ciddi xəsarət yetirilməsə də, nümayişçilərin polisi daşa basdığı xəbər verilir.
Bu etiraz aksiyasının keçirilməsinə Pakistan Tibb Komissiyasının Qırğızıstan və Özbəkistanın 21 tibb universitetindən verilən diplomların tanınmaması barədə qərarı səbəb olub.
Komissiya bildirib ki, sözü gedən tibb universitetləri “kriteriyaya” cavab vermir.
Komissiya bunu da bildirib ki, sözü gedən ali məktəblər bir ildən sonra reyestrə təkrar salınmaq üçün müraciət edə bilərlər.
Lakin onlar həmin müddətdə “səviyyələrini zəruri kriteriyaya yüksəltməlidirlər”.
Pakistanın özündə tibb tələbəsi olmaq çətindir
Lakin nümayişçilər israr edirlər ki, qara siyahıya salınmış universitetlərin hamısına Dünya Səhiyyə Təşkilatının (DST) şəhadətnamələri verilib.
Ümumilikdə Pakistan Tibb Komissiyasının qara siyahısına Özbəkistanın 6, Qırğızıstanınsa 15 universiteti salınıb.
Əcnəbi Tibb Məzunları etiraz qrupunun sözçüsü AzadlıqRadiosuna deyib ki, Pakistandan 9000-dən çox tələbə Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Əfqanıstan, Çin və Kubanın tibb universitetlərinə qəbul olunub.
AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, Pakistanın özündə tibb və stomatologiya fakültələrinə qəbulda yüksək rəqabət var.
Burada tibb fakültələrinə qəbul imtahanı vermək üçün orta məktəbin yüksək qiymətlərlə bitirilməsi zəruridir.