Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:52

Pakistan Bişkekdəki iğtişaşların ardınca vətəndaşlarını Qırğızıstandan çıxarır


İslamabadda Qırğızıstandakı pakistanlı tələbələrə qarşı zorakılığa etiraz aksiyalaırndan biri
İslamabadda Qırğızıstandakı pakistanlı tələbələrə qarşı zorakılığa etiraz aksiyalaırndan biri

Pakistan hakimiyyəti Bişkek şəhərində baş vermiş iğtişaşların ardınca Qırğızıstandakı vətəndaşlarının bu ölkədən çıxarılmasına başlayıb.

İlkin olaraq mayın 18-də Pakistanın 180 vətəndaşı Qırğızıstandan çıxarılıb. Onlardan 140-ü tələbələr, qalanları isə Qırğızıstanda işləyən pakistanlılardır.

Bunların arasında iğtişaşlar zamanı xəsarət alanlar da var. Mayın 19-da daha 130 tələbə xüsusi reyslə Pakistana aparılıb.

Pakistanın Bişkekdəki səfirliyinin nümayəndəsi AzadlıqRadiosuna deyib ki, mayın 21-dək tələbələrin Pakistana qaytarılması üçün daha bir neçə xüsusi təyyarə reysi təşkil olunacaq.

Nümayəndə deyib ki, onun fikrincə bunların əksəriyyəti tezliklə Qırğızıstana qayıdacaq və tələbələrin ölkədən çıxarılması müvəqqəti tədbirdir.

Pakistanın baş naziri Şahbaz Şərif ölkəsinin Qırğızıstandakı səfiri Həsən Əli Zeyqəmə deyib ki, bütün xəsarət alan və zərər çəkən tələbələr Qırğızıstandan çıxarılmalıdır.

Onun sözlərinə görə vəziyyət hətta normallaşsa da, hər hansı pakistanlı tələbə vətəninə qayıda bilər və bunun üçün bütün lazımi şərait yaradılmalıdır.

Qırğızıstanın daxili işlər naziri Jeyenbek Kulibayev pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon söhbətində deyib ki, hazırda paytaxtda ictimai asayiş tam təmin edilir və vəziyyət nəzarət altındadır.

İki nazir mayın 21-də Astanada Şanxay Əməkdaşlıq qrupunun nazirlərinin iclası çərçivəsində görüşməlidir.

Bişkekdəki pakistanlı tələbələr
Bişkekdəki pakistanlı tələbələr

Hadisə

Qırğızıstan DİN-in məlumatına görə iğtişaşlara səbəb olmuş dava-dalaş mayın 13-də baş verib.

Həmin gecə dörd naməlum şəxs bir qrup əcnəbiyə hücum edib. Buna görə xaricilər yaşadıqları hostelə qaçıblar. Hücum edənlər onları təqib edərək zorla pullarını və əşyalarını əllərindən alıblar.

Nazirliyin məlumatına görə bu dörd hücum edən şəxs hostelin müxtəlif otaqlarına daxil olmaq üçün qapıları sındırıblar. Onlar qızların yaşadığı otağa çatanda qışqırığa hosteldəki başqa xaricilər çıxıblar. Məhz onlar birlikdə hücum edənlərin qarşısını alıblar.

Bunun ardınca hostelin həyətində dava-dalaş başlanıb. Bundan sonra hücum edənlərdən üçü qaçıb, biri isə xəsarət aldığından orada qalıb. Xaricilər onun üçün təcili tibb yardımı çağırıblar.

Dava ilə əlaqədar xuliqanlıq ittihamı ilə cinayət işinin açıldığı bildirilir. Hadisə ilə bağlı dörd xarici saxlanıb. Onlardan üçü Misir vətəndaşıdır. DİN bildirir ki, hücum edən dörd nəfərdən ikisi də saxlanıb.

Videodan başlanan iğtişaş

Mayın 17-də sosial şəbəkələrdə hosteldəki dava-dalaşın videosu yayılmışdı. DİN bildirir ki, bu videodan hadisədə kimin günahkar olması məlum olmurdu.

Bu səbəbdən gecə saatlarında Bişkekdə 700 nəfərədək etirazçı toplaşıb.

Onlar yolları kəsiblər və xaricilərin yaşadıqları yataqxananın pəncərə və qapılarını sındırıblar.

Media xəbərlərinə görə başqa bir yataqxanaya soxulan dəstə soyğunçuluğa başlayıb. İğtişaş salanlar mayın 18-də səhər dağılışıblar.

Bununla əlaqədar “kütləvi iğtişaş” və “irqi, etnik, milli, dini və regionlararası nifrətin qızışdırılması” maddələri ilə cinayət işləri açılıb.

Qırğızıstan hökuməti bildirir ki, iğtişaşlarda 29 nəfər xəsarət alıb. Onlardan üçü xəstəxanadadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG