Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 17:46

Pakistanda seçkilərin nəticəsi necə oldu

Nəvaz Şərif, Bilaval Bhutto-Zərdari və həbsdə olan İmran Xan
Nəvaz Şərif, Bilaval Bhutto-Zərdari və həbsdə olan İmran Xan

Pakistanda fevralın 8-də keçirilmiş parlament seçkilərinin aşkar qalibi olmadığından rəqib siyasi partiyalar koalisiya hökuməti qurmaq yönündə danışıqlar aparırlar. Ekspertlərin fikrincə, böyük ehtimalla keçmiş baş nazir Nəvaz Şərifin Pakistan Müsəlman Liqası (PML-N) ilə Pakistan Xalq Partiyası (PPP) arasında koalisiya qurulacaq.

Hazırda həbsdə olan keçmiş baş nazir İmran Xana bağlı namizədlər Milli Assambleyadakı 265 yerdən 93-nü qazanıblar. Ancaq onlar seçkiyə müstəqil namizəd kimi getməli olublar, çünki Xanın "Ədalət Uğrunda Hərəkat" (PTI) partiyası seçkiyə buraxılmayıb.

Keçmiş baş nazir N.Şərifin partiyası isə 75 yerlə ikinci yerdədir. Bilaval Bhutto-Zərdarinin Pakistan Xalq Partiyası (PPP) 54 yer qazanıb.

336 üzvü olan parlamentin aşağı palatası -- Milli Assambleyada çoxluğu təşkil etmək üçün azı 169 yer qazanmaq lazımdır. 70 yer qadınlar və dini azlıqlara saxlanır, seçkinin nəticələrinə görə paylaşılır.

AzadlıqRadiosunun müxbiri Abubakar Siddik yazır ki, növbəti günlər və həftələrdə bir neçə ssenari mümkündür.

Anti-Xan koalisiyası

Ekspertlərin fikrincə, ən mümkün nəticə PML-N və PPP arasında koalisiyadır. Xan 2022-cı ildə etimad səsverməsini uduzanda bu iki partiya sonuncu hökuməti formalaşdırmışdı.

Hazırda iki partiya danışıqlar aparır. Ancaq onların baş nazir postuna namizədlə bağlı razılığa gələ bilmədiyi xəbər verilir.

"Onların koalisiya hökuməti quracağına şübhə yoxdur. Hazırda baş nazirin kim olacağını müzakirə edirlər", - Pakistandan siyasi müxbir və şərhçi Azaz Syed deyir.

PPP liderlərindən biri fevralın 12-də deyib ki, partiya Bhutto-Zərdarinin həmin vəzifəni tutmasına çalışır.

PPP seçkidən sonra mərkəzi rol oynamağa başlayıb, nə Nəvaz fraksiyası (PML-N), nə də Xanın müttəfiqləri onsuz hökumət qura bilərlər.

Bu arada PML-N-i ordunun dəstəklədiyi bildirilir ki, ölkə siyasətində ordunun rolu kiçik deyil.

Xanın qayıdışı?

İmran Xanın dəstəklədiyi müstəqil namizədlər də koalisiya hökuməti yaratmağa çalışacaqlarını deyirlər.

Ancaq ordu onlara qarşıdır. "Ədalət Uğrunda Hərəkat" (PTI) ordunu ötən il Xanın həbsinin, eləcə də özünə qarşı təzyiq kampaniyasının təşkilində ittiham edir.

Ekspertlər ordu ilə Xan arasında barışığı mümkün saymırlar.

Xanın müttəfiqləri isə daha kiçik partiya ilə birləşərək bir blok yarada bilərlər. Bu zaman əlavə 70 ehtiyat yerə də çıxış əldə etmiş olarlar.

PTI-nin dəstəklədiyi onlarla namizəd seçkidə saxtakarlıq olduğunu deyir, nəticələri məhkəmələrdə mübahisələndirir. Bu da onların yerlərinin sayını artıra bilər. Xanın tərəfdarları son günlər seçkinin nəticələrinə etiraz üçün küçələrə çıxıblar.

Ancaq PTI tərəfdarları ehtiyat edirlər ki, ordu Xanın dəstəklədiyi namizədləri tərəf dəyişməyə vadar edə bilər.

Artıq bir namizəd fevralın 11-də PML-N-ə keçdiyini elan edib.

İslamabadda yaşayan siyasi təhlilçi Rafiulla Kakar isə daha bir ehtimaldan danışır- PTI PPP ilə əl-ələ verir, rəqibinə baş nazir postunu təklif edir. Amma təhlilçi bunun sürpriz olacağını da sözlərinə əlavə edir.

Qanuna görə, Milli Assambleya seçkidən sonra 21 gün ərzində yığışmalı, deputatlar and içməli, yeni baş nazir seçməlidirlər. Ancaq rəqib partiyalar o vaxtadək hökuməti formalaşdıra bilməsələr, proses uzanacaq, qeyri-müəyyənlik artacaq.

XS
SM
MD
LG