Keçid linkləri

2025, 25 May, bazar, Bakı vaxtı 03:45

Pakistan Hindistanla dəmir yolunu bağlayır, hind filmlərini qadağan edir


Hindistanın baş naziri Narendra Modi deyib ki, Hindistanın nəzarətində olan Kəşmirin xüsusi statusunun ləğv edilməsi regionu “terror və separatçılıqdan” azad edə bilər.

Baş nazir deyib ki, qonşu Pakistan bu regionun xüsusi muxtariyyətə malik olmasından Hindistana qarşı “silah” kimi istifadə edir.

Modi bu bəyanatı avqustun 8-də, Hindistan bu həftənin əvvəllərində Cammu və Kəşmir ştatına əhəmiyyətli muxtariyyət verən Konstitusiya müddəasını ləğv edəndən bəri ilk müraciətində verib.

Bu qərar Pakistanın acıqlı reaksiyasına səbəb olub. İslamabad Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsini beynəlxalq qanunların pozulması kimi qiymətləndirir.

Modi deyib ki, tarixi Kəşmirin Hindistana aid olan hissəsi üçün “yeni era” başlanır.

O Pakistanı Kəşmirin xüsusi statusundan bu bölgənin sakinlərini Hindistana qarşı qaldırmaq üçün alət kimi istifadə etdiyinə görə pisləyib.

Modi deyib ki, bundan sonra Nyu Delhi Cammu və Kəşmiri “terror və separatçılıqdan” xilas edə biləcək.

Kəşmir Pakistan və Hindistan arasında bölünüb, lakin hər ikisi nüvə silahına malik ölkələr bu əraziyə bütövlükdə iddialıdırlar və 1947-ci ildə Hindistanın bölünməsindən bəri iki dəfə müharibə ediblər.

Son otuz ildə Hindistan Kəşmirindəki üsyanlar on minlərlə insanın həlak olması ilə nəticələnib.

Kəşmirin Hindistanın nəzarətində olan hissəsi avqustun 4-dən bəri ətraf aləmdən təcrid edilib. Bu ərazidə mobil, stasionar telefonlar və internet kəsilib.

Avqustun 5-də Hindistan Konstitusiyasının 370-ci maddəsinin ləğv olunduğu bildirilib.

Bu maddə Kəşmirin Hindistan hissəsinə ölkənin başqa bölgələrindən daha böyük muxtariyyət tanıyırdı. Bölgənin əhalisinə təhsil, iş və mülkiyyət məsələsində xüsusi imtiyazlar verilmişdi.

Buna cavab olaraq Pakistan Hindistan səfirini ölkədən çıxarıb və iki ölkə arasında ticari əlaqələri və dəmir yolu nəqliyyatını dayandırıb.

Avqustun 8-də Pakistanın dəmir yolu naziri Şeyx Rashid Ahmad deyib ki, iki ölkə arasında “Dostluq ekspresi” qatarlarının hərəkəti dayandırılıb.

Bundan başqa Pakistan bildirir ki, ölkə boyunca kinoteatrlarda hind filmlərinin nümayişi qadağan edilir.

Bu, Pakistanın Bollivud filmlərini ləğv etdiyi ikinci hadisədir.

Bu arada Pakistanın xarici işlər naziri Şah Mehmood Qureshi deyib ki, İslamabad Hindistanın hərəkətinə siyasi, diplomatik və hüquqi müstəvidə cavab verməyi planlaşdırır.

Nazir deyib ki, Pakistan müharibə variantını nəzərdən keçirmir.

Bu arada BMT-nin baş katibi Antonio Guterres Cammu və Kəşmirin statusunu dəyişdirən addımlardan çəkinməyə çağırıb.

Birləşmiş Ştatlar iki tərəf arasında dialoq keçirilməsini təklif edib.

XS
SM
MD
LG