Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Pakistan onun ərazisinə endirilən dron zərbəsini pisləyir


Yanvarın 20-də Taliban silahlıları Kabulun mərkəzindəki lüks otelə basqın etmişdilər
Yanvarın 20-də Taliban silahlıları Kabulun mərkəzindəki lüks otelə basqın etmişdilər

Pakistan rəsmiləri bildiriblər ki, ABŞ-a məxsus olduğu güman edilən dronun Əfqanıstanla sərhəddə bir evə hücumu nəticəsində ekstremist Haqqani şəbəkəsinə daxil iki yaraqlı öldürülüb.

Yerli polisin rəisi Amir Zaman Xan yanvarın 24-də deyib ki, dron zərbəsi şimal-qərbdəki Kurram tayfa ərazisinin yaxınlığında yerləşən Dapa Mamuzay kəndinə endirilib.

Pakistanın Xarici İşlər Nazirliyi ölkə ərazisinə endirilmiş bu hava zərbəsini pisləyib və bildirib ki, dron Kurramdakı bir “əfqan qaçqını hədəfləyib”.

Nazirliyin bəyanatında deyilir ki, “belə birtərəfli hərəkətlər iki ölkənin terrorizmə qarşı mübarizədə əməkdaşlığının ruhuna ziyan vurur”.

Bundan əvvəl adları çəkilməyən təhlükəsizlik rəsmiləri demişdilər ki, öldürülən yaraqlılar Pakistanda yerləşən, amma Əfqanıstandakı Talibanı dəstəkləyən Haqqani şəbəkəsindən olublar.

Öldürülənlərdən birinin səhra komandiri Əhsənullah olduğu xəbər verilib.

Bu dron hücumundan bir neçə gün əvvəl, yanvarın 20-də Taliban silahlıları Kabulun mərkəzindəki lüks otelə basqın etmişdilər. Bu hücum nəticəsində 14 əcnəbi də daxil 30 nəfər öldürülüb.

Əfqanıstanın Daxili İşlər Nazirliyi bu hücuma görə Haqqani şəbəkəsini ittiham edib.

Pakistan öz ərazisində ABŞ dron zərbələrini suverenliyinin pozulması kimi qiymətləndirir.

Son həftələrdə Vaşinqton və İslamabad arasındakı münasibətlər pisləşib. Birləşmiş Ştatlar Pakistanı ekstremist yaraqlılara öz ərazisində sığınacaq verməkdə ittiham edir.

İslamabad bu ittihamları rədd edir və bildirir ki, Vaşinqton Pakistanın terrorla mübarizədə verdiyi qurbanlara hörmət qoymur.

XS
SM
MD
LG