Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:25

Dünya xəbərləri

Aşura mərasimində azı 4 nəfər həlak olub

Pakistanda Aşura, 19 avqust, 2021-ci il
Pakistanda Aşura, 19 avqust, 2021-ci il

Əhalisi əsasən sünnilər olan Pakistanda şiələr azlıq sayılır. Ekstremist sünni müsəlmanlar isə onları dönük hesab edir

Pakistanın şərqində Aşura mərasimində qumbara partladılıb, azı 4 nəfər həlak olub.

Məclisi-Vəhdət Müslimin şiə təşkilatının sözçüsü “Mashaal” Radiosuna deyib ki, avqustun 19-da şərqi Puncab vilayətindəki Bahavalnaqar şəhərində hücumda bir neçə nəfər xəsarət alıb.

Sözçü qumbaranın kütləyə atıldığını deyib, adekvat təhlükəsizlik tədbirləri görmədiyinə görə yerli orqanları ittiham edib.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər. Məhərrəm ayının 10-cü günü isə Aşura mərasimləri keçirilirş

Əhalisi əsasən sünnilər olan Pakistanda şiələr azlıq sayılır. Ekstremist sünni müsəlmanlar isə onları dönük hesab edir.

Bütün xəbərləri izləyin

İsrail Livana zərbələri gücləndirir. Xamenei moizə edəcək

Rəfiq Həriri Beynəlxalq Hava Limanı yaxınlığında İsrailin zərbəsindən sonra Beyrutun cənubu üzərində tüstü qalxır.
Rəfiq Həriri Beynəlxalq Hava Limanı yaxınlığında İsrailin zərbəsindən sonra Beyrutun cənubu üzərində tüstü qalxır.

Oktyabrın 4-də İranın ali dini lideri Əli Xamenei ictimaiyyət qarşısına çıxacaq. Bu arada İsrail Livana zərbələri gücləndirib, Yaxın Şərqdə münaqişənin genişlənməsi narahatlığı var.

Xamenei Tehranın mərkəzindəki İmam Xomeyni məscidində cümə moizəsini aparacaq. Onun İranın münaqişədə növbəti addımları ilə bağlı ipucu verəcəyi gözlənilir.

Təxminən beş ildir ki, Xamenei moizə aparmır. O, sonuncu dəfə 2020-ci ilin yanvarında cümə moizəsinə başçılıq edib. Bu, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin ABŞ-nin Bağdada zərbəsi nəticəsində ölümündən sonra baş vermişdi.

Bugünkü moizədən öncə "Hizbullah" qruplaşmasının ötən həftə qətlə yetirilmiş lideri Həsən Nəsrullah üçün dini mərasim keçiriləcək.

Beyrutda kütləvi partlayışlar

Oktyabrın 3-də axşam Beyrutun ətrafında İsrailin havadan zərbələri nəticəsində çoxsaylı partlayışlar eşidilib. Birləşmiş Ştatlar isə bildirib ki, Tehranın həftənin əvvəlində İsrailə raket hücumuna cavab olaraq İranın neft obyektlərinə zərbələri müzakirə edir.

Livanın paytaxtı ətrafında gecə səmaya qalxan nəhəng tüstü dalğaları görünüb. Bundan bir neçə saat öncə İsrail ordusu şəhərin bəzi yerlərində yaşayanlara evakuasiya əmri verib.

Livanın rəsmi Milli Xəbər Agentliyi azı 10 ardıcıl zərbə endirildiyini yazıb, bunu "İsrail Livana qarşı müharibəyə başlayandan Beyrutun cənub ətrafına ən güclü reydlərdən biri" adlandırıb.

İsrail ordusu zərbələrin hədəfi barədə şərh verməyib. Ancaq bəzi media orqanları və təhlilçilərin təxmininə görə, onların məkanı, ölçüsü və miqyası hədəfin Haşim Səfiəddin ola biləcəyini göstərir. O, "Hizbullah" qruplaşmasının liderlərindən sayılır.

Livanın cənubuna nəzarət edən "Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiyadır. ABŞ onu terrorçu hesab edir, Avropa İttifaqı isə yalnız hərbi qanadını qara siyahıya salıb.

Qruplaşmanın öncəki lideri Həsən Nəsrullah ötən həftə İsrailin raket zərbəsi ilə öldürülüb.

Co Bayden
Co Bayden

Baydenin cavabı

İsrail həftənin əvvəlində Livanda quru əməliyyatına başlayıb. Bundan sonra Tehran İsrailə kütləvi ballistik raket zərbəsi endirib. İsrail və onun əsas müttəfiqi Birləşmiş Ştatlar əks-tədbirlərlə bağlı xəbərdarlıq ediblər.

ABŞ Prezidenti Co Bayden (Joe Biden) oktyabrın 3-də Vaşinqtonda jurnalistlərin "Ağ ev İranın neft obyektlərinə zərbələri dəstəkləyirmi" sualına cavabında deyib: "Bunu müzakirə edirik".

"Bu gün heç nə baş verməyəcək", – Bayden sözlərinə əlavə edib. O, bir gün öncə demişdi ki, İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləmir.

İran ordusu isə xəbərdarlıq edib ki, İsrail 1 oktyabr raket zərbəsinə cavab verərsə, o, daha geniş zərbələr endirəcək.

Bir gün öncə baş verənlər

Oktyabrın 3-də isə İsrail Beyrutun mərkəzində yaşayış binasını vurub, 9 nəfər həlak olub. İsrail bu zərbənin dəqiq əməliyyat olduğunu bildirsə də, təhlükəsizlik mənbəyi hədəfin Livan parlamenti yaxınlığındakı yaşayış binası olduğunu deyib.

"Hizbullah"a bağlı mülki müdafiə qrupu Beyruta hücumda ikisi tibb işçisi olmaqla, 7 üzvünün öldürüldüyünü açıqlayıb.

İsrail ordusu Livanın cənubunda azı 20 şəhərin də dərhal boşaldılmasını əmr edib. Bu, İsrailin "Hizbullah"a qarşı əməliyyatının genişləndiriləcəyini göstərir.

İsrail Livanın cənubuna müdaxilə zamanı 8 əsgərinin həlak olduğunu açıqlayıb.

İranın Xarici İşlər Nazirliyi oktyabrın 3-də Almaniya və Avstriyanın səfirlərini çağırıb. Onların hökumətləri Tehranı İsrailə raket hücumuna görə tənqid etmişdi. Məlumatı İranın rəsmi IRNA xəbər agentliyi yayıb.

Qeyd edilir ki, bu addım Almaniya və Avstriyanın 1 oktyabr hücumu ilə bağlı "qəbuledilməz" tədbirlərinə cavab olaraq atılıb.

Rusiya dost ölkələrə 1.5 trilyon kredit ayıracaq 

Rubl
Rubl

Yaxın üç il ərzində Rusiya hakimiyyəti "dost" dediyi ölkələrə azı 1.5 trilyon rubl (15.68 milyard ABŞ dolları) həcmində kredit ayırmağı planlaşdırır. Bunu 2025-2027-ci illərin büdcə layihəsinə əsasən demək olar.

Bu xərclər hökumətlərarası razılaşmalar çərçivəsində öhdəliklərin icrasının vacibliyi, Rusiya məhsullarının rəqabətqabiliyyətli olduğu sahələrdə ixraca maliyyə dəstəyinin göstərilməsi ilə izah olunur.

Bundan öncə prezident Vladimir Putin bir neçə ölkəyə icazə verib ki, dövlətlərarası kreditlərlə ayrılmış 600 milyon dolları qaytarmasınlar.

Rusiya hakimiyyəti borclular, onların borcunun məbləğini açıqlamır. Dünya Bankının məlumatına görə, 2022-ci ildə xarici dövlətlərin Rusiyaya borcunun ümumi məbləği 28.9 milyard dollar olub. Borcluların içində birinci yerdə Belarusdur – 8.2 milyard dollar. Sonrakı yerlərdə Banqladeş (5.9 milyard dollar), Hindistan (3.8 milyard dollar), Misir (1.8 milyard dollar) və Vyetnam (1.4 milyard dollar) gəlir.

Moskva "dost ölkələr" deyəndə Qərbin Rusiyaya sanksiya siyasətini dəstəkləməyən, Rusiyanın təcavüzkar müharibəsinə qarşı Ukraynaya kömək etməyən dövlətləri nəzərdə tutur.

Gürcüstan prezidenti LGBT hüquqlarını məhdudlaşdıran qanunları imzalamayıb 

Tbilisidə "Ləyaqət yürüşü"
Tbilisidə "Ləyaqət yürüşü"

Gürcüstanın prezidenti Salome Zurabişvili LGBT hüquqlarını məhdudlaşdıran qanun layihələrini nəzərdə tutulan müddət ərzində imzalamayıb, ancaq onlara veto da qoymayıb. Konstitusiyaya görə, bu halda qanunlar ölkə parlamenti spikerinin beş gün ərzində imzalamasından sonra qüvvəyə minir.

S.Zurabişvilinin qanun layihələrinə veto qoyacağı gözlənirdi. Ancaq hakim "Gürcü arzusu" partiyasının parlamentdəki mandat sayı ona vetonu aşmaq imkanı verir.

"Ailə dəyərləri və azyaşlıların müdafiəsi" adlı sənədlər paketinə sentyabrın ortasında 84 deputat səs verib, onun əleyhinə çıxan olmayıb. Müxalifət bu parlamentin işini boykot edir, onun iclaslarına qatılmır.

Qanun layihələrinə görə, Gürcüstanda LGBT fərdlərin nikaha girməsi, övladlığa uşaq götürməsi qadağan olunacaq. Həmçinin transgender dəyişikliyi çərçivəsində əməliyyatların aparılması, sənədlərdə gender işarəsinin dəyişdirilməsi, o cümlədən məktəblərdə və mediada LGBT+ barədə danışmaq yasaqlanacaq.

Bundan əlavə, deputatlar son illərdə homofobların hücumuna məruz qalan "Ləyaqət yürüşləri" və festivallar da daxil olmaqla "qəribə mövzulu" toplantıları qadağan ediblər.

Gürcüstanın üzvlüyə namizəd olduğu Avropa İttifaqı (Aİ) qanun layihələrini sərt tənqid edib. Blokun xarici siyasət rəhbəri Jozep Borrel deyib ki, bu qanunvericilik "ölkəni Aİ-yə gedən yoldan daha da sapdırır".

Almaniya kanslerinin Putinlə telefonla danışacağı xəbərləri yayılıb 

Vladimir Putin Kremldə Olaf Şoltsla görüşür. 15 fevral 2022
Vladimir Putin Kremldə Olaf Şoltsla görüşür. 15 fevral 2022

Almaniyada kansler Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq planları barədə xəbərlər yayılıb. Belə bir söhbət baş tutarsa, Şolts 2022-ci ildən bəri Ukraynanın müttəfiqlərindən Putinlə birbaşa danışacaq ilk lider olacaq.

Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb.

Şoltsla Putinin planlaşdırılan telefon danışığı barədə ilk dəfə oktyabrın 1-də hökumət dairələrinə istinadla "Die Zeit" nəşri yazıb. Nəşrin yazdığına görə, danışıq noyabrda Böyük İyirmilik (G20) ölkələrinin Braziliya görüşü öncəsi baş tutmalıdır. Ancaq qeyd edilir ki, Berlin danışıqla bağlı Kremlə rəsmi müraciət etməyib.

Daha sonra "Süddeutsche Zeitung" kanslerin administrasiyasına istinadla yazıb ki, hələlik, mümkün telefon söhbəti barədə konkret planlar, vaxt müzakirə edilməyib.

O.Şolts əvvəl demişdi ki, Ukraynadakı müharibə ilə əlaqədar mümkün atəşkəslə bağlı danışıqlar yalnız Putinin iştirakı ilə aparılacaq. Bəzi məlumatlara görə, kansler bu məsələ üzrə sentyabrda Ukrayna prezidenti Volodimir Zelenski ilə onun Ramşteyndəki ABŞ aviabazasına səfəri zamanı müzakirə aparıb.

Şolts bir neçə dəfə deyib ki, Putinlə telefon söhbətləri "Rusiya prezidentini reallıqla üzləşdirmək" üçün nadir fürsətdir.

Sonuncu dəfə kansler Rusiya prezidenti ilə 2022-ci il dekabrın 2-də danışıb. O zaman iki liderin mövqelərində yaxınlaşma baş vermədiyi deyilirdi.

Gürcüstanda 'xarici agent' reyestrinə salınan QHT-lər var 

Nümayişçilər Tbilisi küçələrinə çıxaraq "xarici agentlər" qanununa etiraz edirlər.
Nümayişçilər Tbilisi küçələrinə çıxaraq "xarici agentlər" qanununa etiraz edirlər.

Gürcüstanda doqquz QHT "xarici agent" reyestrinə salınıb. Ölkədə etirazla qarşılanmış, xarici təsirlə bağlı bu qanun iki ay öncə qüvvəyə minib.

QHT-lər siyahıya oktyabrın 1-də salınıb. Onların sırasında Gürcüstanda Ukraynalı Gənclər Təşkilatları, Gürcüstan Fermerləri və Kənd Təsərrüfatı İşçilərinin Peşəkar Birliyi, Xristianlar Birliyi, Yəhudi Mədəniyyət və Təhsil Fondu, Qızlar- Dünya Liderləri kimi qurumlar var.

Təşkilatların adları və maliyyə hesabatları reyestrin rəsmi vebsaytında dərc edilib.

Qanuna görə, 2023-cü ildə maliyyəsinin azı 20 faizini xarici mənbələrdən alan media orqanları və QHT-lər "xarici qüvvənin maraqlarına uyğun" işləyən qurumlar kimi qeydiyyatdan keçməlidirlər. Ötən il Gürcüstanda media və qeyri-kommersiya təşkilatlarının əksəriyyəti maliyyəsinin bu hissəsini xaricdən əldə edib.

Qeydiyyat prosesi Tbilisidə yerləşən Ədliyyə Evi vasitəsilə tamamlanmalıdır.

Ədliyyə Nazirliyinə təşkilatların qanuna necə əməl etməsini monitorinq etməsi və araşdırması üçün geniş səlahiyyətlər verilib. Quruma şəxsi data kimi həssas informasiyaya belə çıxış səlahiyyəti belə verilib.

Bir çox təşkilatlar və media orqanları qanuna qarşı çıxdıqlarını elan ediblər, bəziləri ona əməl etməyəcəklərini açıq bildiriblər. Ancaq qanuna əməl etməmək, qeydiyyata düşməmək ağır cərimələr ilə cəzalandırıla bilər.

Beynəlxalq reaksiya

Gürcüstanın beynəlxalq tərəfdaşları qanun sarıdan ciddi narahatlıqlarını dilə gətiriblər. Tənqidçilər onu Rusiyadakı ziddiyyətli "xarici agent" qanunvericiliyi ilə müqayisə edirlər. Moskva həmin qanundan narazıları susdurmaq, demokratik institutları zəiflətmək üçün istifadə edir.

Aİ-nin Gürcüstandakı səfiri Panel Herçinski xəbərdarlıq edib ki, bu qanun Tbilisinin Aİ-yə qoşulması perspektivinə ciddi ziyan vurur. Onun dediyinə görə, nəticədə Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırılıb. Ölkənin Şengen zonasında vizasız səyahət kimi diplomatik uğuruna da təhdid yaranıb.

Ancaq bütün bunlara baxmayaraq, hakim "Gürcü Arzusu" partiyası davamlı olaraq iddia edir ki, ölkə 2030-cu ildə Aİ üzvlüyü əldə etmək yolunda irəliləyir.

Moskva isə qanunu alqışlayıb. Kremlin sözçüsü Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov Gürcüstan hökumətinin qanunu qəbul etməsini təqdir ediblər.

Artıq qanunun ləğvi tələbi ilə Gürcüstan Konstitusiya Məhkəməsində beş iddia qaldırılıb. Məhkəmə sentyabrın 1-də üç günlük dinləmələri başa çatdırıb, amma heç bir hökm çıxarılmayıb.

Qanuna cavab olaraq Birləşmiş Ştatlar onun qəbulunda iştirak edən Gürcüstan rəsmilərinə viza qadağaları elan edib, ikitərəfli münasibətləri hərtərəfli nəzərdən keçirməyə başlayıb.

Rusiya Xersonda bazarı vurub, 6 nəfər həlak olub

Xersonun atəşə tutulması (Foto arxiv)
Xersonun atəşə tutulması (Foto arxiv)

Oktyabrın 1-də Rusiya əsgərləri Xersonun mərkəzində bazarı atəşə tutublar. Son məlumatlara görə, 6 nəfər həlak olub. Bu barədə Xerson vilayəti hərbi administrasiyasının başçısı Aleksandr Prokudin məlumat verib.

O, xersonluların səhər saatlarında alış-veriş etdiyi ticarət nöqtələrinin vurulduğunu bildirib. Üç nəfər xəsarət alıb və xəstəxanaya aparılıb.

Oktyabrın 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya 32 "Şahed" zərbə dronuyla hücum edib. Ukrayna Silahlı Qüvvələri onlardan 29-nun vurulduğunu bildirir.

Xerson vilayəti 2022-ci ilin payızında Rusiya işğalından azad olunsa da, mütəmadi atəşə tutulur. Son günlər açılan atəş və raket zərbələrindən 17 nəfərin yaralandığı xəbər verilir.

Şərqdə vəziyyət "çox, çox ağırdır"

Ukrayna oktyabrın 1-də Müdafiəçilər Gününü qeyd edir. Yerli vaxtla səhər 9-da ölkə boyunca bir dəqiqəlik sükutla Ukraynanın müstəqilliyi uğrunda həyatını qurban verənlər yad olunublar.

Bu gün 2014-cü ildə, Rusiya Ukraynanın Krım vilayətini, Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrini qanunsuz işğal edəndən sonra elan olunub. Daha öncə fevralın 23-də sovet vaxtı təsis olunmuş Vətənin Müdafiəçisi günü qeyd edilirdi.

Sentyabrın 30-da Ukrayna prezidenti Volodimir Zelenski bir daha etiraf edib ki, ordu ölkənin şərqində "çox, çox ağır" vəziyyətlə üzləşib. Rusiya qüvvələri aylardır Donetsk vilayətinin Pokrovsk logistika habını ələ keçirməyə çalışırlar.

Rusiyanın Müdafiə Nazirliyi isə oktyabrın 1-də sərhədyanı Belqorod vilayətində Ukraynanın səkkiz dronunun vurulduğunu açıqlayıb.

Mişustin İrana gedir

Mixail Mişustin
Mixail Mişustin

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Kreml elan dib ki, baş nazir Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək və İran prezidenti Məsud Pezeşkian ilə görüşəcək.

Moskva İsrailin Livanda İranın dəstəklədiyi Hizbullah yaraqlılarına hücumlarını pisləyib. Qərb hökumətləri isə Tehranı Rusiyanı Ukraynada apardığı müharibədə silahlar, xüsusilə ölümcül dronlarla təchiz etməkdə suçlayır.

Baş nazir postunu tutmasına baxmayaraq, Mişustinin Rusiyada baş nazir kimi hakimiyyəti zəifdir, ölkə əsasən prezident Vladimir Putin tərəfindən idarə olunur. Ancaq onun səfərinə Yaxın Şərqdə artan gərginlik fonunda İrana dəstəyin nümayişi kimi baxılır.

Kreml onu da bildirib ki, Mişustin oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi Forumunun iclasında iştirak edəcək. Bu qrupa Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

Forumda Avrasiya İqtisadi İttifaqının on illik fəaliyyətinin yekunlarına, inkişaf perspektivlərinə həsr olunacağı bildirilir.

İsrail qüvvələri Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyünü bildirir

Həsən Nəsrullah
Həsən Nəsrullah

İsrail qüvvələri Hizbullah silahlı qruplaşmasının lideri Həsən Nəsrullahı sentyabrın 27-də Beyruta zərbələr nəticəsində qətlə yetirib. Bunu ordunun ərəbcə danışan sözçüsü sentyabrın 28-də deyib.

Hizbullahın bir neçə komandiri də öldürülüb.

Hizbullah hələlik, Nəsrullahın ölümünü təsdiqləməyib.

Hizbullah Livanın cənubuna nəzarət edən həm silahlı qrup, həm də siyasi partiyadır. Birləşmiş Ştatlar bu qrupu terrorçu təşkilat kimi tanıyıb, amma Avropa İttifaqında onun yalnız silahlı qanadını qara siyahıya salıb.

İsrail ordusu sentyabrın 28-də səhər Beyrutun cənubunda və Livanın şərqində Hizbullah hədəflərinə yeni zərbələr endirdiyini bildirib. Bir gün öncə isə Beyrut kənarı kütləvi bombalanıb, Hizbullah lideri və digər aparıcı fiqurlar hədəfə alınıb.

Ancaq zərbələrdən sonra Nəsrullahın taleyi barədə məlumat yox idi.

Həsən Nəsrullah Livanda Hizbullah qruplaşmasını güclü siyasi və hərbi təşkilata, eləcə də İranın yardımı sayəsində regionda böyük oyunçuya çevirib.

İsrail mediası sentyabrın 28-də səhər Nəsrullahın qızı Zeynəbin öldürüldüyünü yazıb. Hizbullah bu xəbəri təsdiqləməyib.

Nəsrullahın oğlu Hadi 1997-ci ildə İsrail qoşunlarına qarşı döyüşdə öldürülüb.

Naomi Kempbell beş illiyə xeyriyyə işindən kənarlaşdırılıb

İngilis model Naomi Kempbell Bakıda "Formula 1" Azərbaycan Qran Prisində.
İngilis model Naomi Kempbell Bakıda "Formula 1" Azərbaycan Qran Prisində.

Model Naomi Kempbellin (Naomi Campbell) 5 il ərzində xeyriyyə qəyyumu olması yasaqlanıb. Səbəb onun yaratdığı xeyriyyə qurumunda maliyyə pozuntularının aşkarlanmasıdır. Bu haqda "The Guardian" qəzeti yazır.

Böyük Britaniyanın Xeyriyyə Komissiyası aşkar edib ki, Kempbellin "Fashion for Relief" xeyriyyə təşkilatı moda tədbirlərindən yığdığı milyonlarla funt-sterlinqin cüzi hissəsini bu məqsədlə xərcləyib.

Xeyriyyə təşkilatının on minlərlə funt-sterlinqi Kempbell üçün dəbdəbəli otel nömrələrinə, uçuşlara, spa müalicələrinə, şəxsi təhlükəsizlik və siqaretə xərclədiyi aşkarlanıb. Məlumata görə, Kempbellin qurumundan daha bir qəyyuma isə yüz minlərlə funt-sterlinq məbləğində qanunsuz konsultasiya ödənişləri olunub.

2016-cı ildən başlayaraq beş il ərzində "Fashion for Relief" müxtəlif dəb şoularından 4.8 milyon funt-sterlinq vəsait yığıb. Bunun yalnız 389 mini tərəfdaş xeyriyyə təşkilatlarına ödənib.

350 min funt-sterlinq geri alınaraq paylanıb

Komissiyanın təyin etdiyi aralıq menecerləri xeyriyyə qurumundan 350 min funt-sterlinqə qədər vəsaiti geri alaraq "Save the Children", "Mayor's Fund for London" kimi təşkilatlara ödəyə biliblər. Məhz bu təşkilatlar dörd il öncə onlara vəd olunan ödənişləri ala bilməyəndə dövlət orqanlarına şikayət etmişdilər.

Kempbellin qəyyum həmkarı Byanka Hellmiç (Bianka Hellmich) isə 9 il müddətinə bu işdən kənarlaşdırılıb. Ona qanunsuz konsultasiya ödənişi kimi 290 min, bir ildə səyahət xərcləri formasında isə 26 min funt-sterlinq ödəniş olunub.

Hellmiç 2022-ci ilin fevralında komissiyaya həmin məbləği qaytarmağı təklif edib və 2023-cü ilin aprelində məbləğ bütünlükdə ödənib.

"The Guardian" yazır ki, "Fashion for Relief" daha öncə yalnız fandreyzinq xeyriyyə qurumu olduğunu bildirib.

2018-ci ilin mayında Kannda bir tədbirə keçmiş qəyyumun və donorun aparılması üçün uçuş quruma 14 min 800 funt-sterlinqə başa gəlib. Kempbell orada gecəsi 3 min funt-sterlinqə nömrədə qalıb, təhlükəsizlik xərcləri 4 min funt-sterlinqi ötüb.

Qəzet Kempbell və Hellmiçə şərh üçün müraciət etdiyini yazır.

Özbəkistanda məktəbdə rus dili qalmaqalı

Alişer Qodirov və Mariya Zaxarova
Alişer Qodirov və Mariya Zaxarova

Özbəkistanda məktəbdə müəllimlə altıncı sinif şagirdi arasında insident Rusiya və Özbəkistan rəsmiləri arasında qarşılıqlı bəyanatlara səbəb olub.

İnsident sentyabrın 23-də Daşkənddə bir məktəbdə baş verib. Rus dili sinfində qadın müəllim şagirdin qulağını dartıb, ona şillə vurub. Buna şagirdin müəllimdən niyə rusca danışmadığını soruşması səbəb olub.

İnsidentin videosu internetdə sürətlə yayılıb, sosial mediada rusların kəskin reaksiyasını doğurub.

Rusiya XİN-in mövqeyi

Sentyabrın 25-də Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova müsahibəsində deyib ki, Rusiya insidentlə bağlı Özbəkistan tərəfdən rəsmi izahat istəyib.

"Mediada yayılmış materiala hüquqi qiymət vermək üçün Özbəkistana təcili müraciət göndərilib, insident sübut olunarsa, uşağa qarşı qəddarlıq edən şəxsə qarşı tədbirlər görülməlidir", – Zaxarova söyləyib.

Özbəkistan parlamentinin sədr müavini, Milli Dirçəliş Demokratik Partiyasının lideri Alişer Qodirov sentyabrın 26-da Telegram-da yazıb ki, "Rusiya yaxşı olar, özünün problemlərlə dolu işlərini həll etsin, bizim daxili məsələlərimizə qarışmasın".

"Özbəkistanlı uşağın Özbəkistanda məktəbdə hüquqlarının pozulması ölkə qanunlarına uyğun araşdırılacaq. Heç nədən hay-küy yaratmağın mənası yoxdur", – Qodirov yazıb.

Əhalinin cəmi 2 faizi etnik ruslardır

Özbəkistanın 35 milyonluq əhalisinin yalnız 2 faizə yaxını etnik ruslardır. Ancaq ölkə məktəblərində rus dili ayrıca keçilir.

Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Özbəkistan və digər postsovet respublikaları ölkələrində rus dilinin tədrisinə ehtiyatla yanaşmağa başlayıblar.

Moskva təcavüzünü həm də "Ukraynanın rusdilli əhalisini nasist hökumətdən qorumaq" ilə əsaslandırırdı. Ukrayna hökuməti demokratik yolla seçilib, ifrat sağçı partiyalar ora daxil deyil.

Sentyabrın əvvəlində Qodirov təklif edib ki, ölkədə bütün sovet simvolları və ideologiyası yasaqlansın. Buna Səmərqənd şəhərində məhkəmənin bir yerli sakinə şərti cəza kəsməsi səbəb olub. Həmin şəxs Sovet İttifaqının bərpasına çağıran Rusiya qrupu ilə işləməkdə təqsirli bilinib.

Aİ İsrail və Livanı 'dözülməz' vəziyyətə son qoymaq üçün atəşkəs imzalamağa çağırır

Beyrutda İsrailin hücumu nəticəsində yuxarı iki mərtəbəsi zədələnmiş yaşayış binası.
Beyrutda İsrailin hücumu nəticəsində yuxarı iki mərtəbəsi zədələnmiş yaşayış binası.

Sentyabrın 26-da Avropa İttifaqı (Aİ) İsraili və İranın dəstəklədiyi, ABŞ-nin terrorçu təşkilat saydığı "Hizbullah" qruplaşmasını "diplomatiyaya yer ayırmaqdan ötrü" dərhal 21 günlük atəşkəs elan etməyə çağırıb. Livan-İsrail sərhədində intensiv hava zərbələri quru işğalı sarıdan qorxuları gücləndirib.

"2023-cü il oktyabrın 8-dən bəri Livanla İsrail arasında vəziyyət dözülməzdir, daha geniş regional eskalasiya kimi qəbuledilməz risk yaradır", – 27 üzvdən ibarət blok sentyabrın 26-da bəyanatda bildirib.

"Bu heç kəsin, nə İsrail, nə də Livan xalqının marağındadır. Sərhədin hər iki tərəfində yaşayan dinc sakinlərin evlərinə təhlükəsiz qayıtmasından ötrü diplomatik həllin vaxtı çatıb", – bəyanatda vurğulanır.

Sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ, Fransa və bir neçə başqa müttəfiq 21 günlük atəşkəsə dəstək yığmaqdan ötrü diplomatik dəhlizlərdə işləyiblər. İsrailin İranın dəstəklədiyi, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşması ilə savaşdığı Qəzza zolağında da döyüşlərə fasilə verilməsi istənilir.

Atəşkəs planı

Diplomatlar deyirlər ki, atəşkəs İsrail və Livan arasındakı "Mavi xətt" adlı demarkasiya xəttində tətbiq ediləcək, tərəflərə imkan verəcək ki, münaqişənin potensial diplomatik həlli üçün danışıqlar aparsınlar.

"Bütün tərəfləri, o cümlədən İsrail və Livan hökumətlərini dərhal müvəqqəti atəşkəs elan etməyə... diplomatik həllə real şans verməyə çağırırıq", – Aİ bildirib.

"Bunun ardınca bu müddət ərzində Livanla İsrail arasında razılaşma əldə etmək üçün bütün diplomatik səylərə tam dəstək verməyə..., bu münaqişəyə birdəfəlik son qoymağa hazırıq", – bəyanatda daha sonra vurğulanır.

Ancaq diplomatik səylərə rəğmən, İsrail ötən gecə Bekaa vadisində "Hizbullah"ın 75 hədəfini vurduğunu bildirib. İsrail deyir ki, şimal sərhədinin təhlükəsizliyini, on minlərlə sakinin evinə qayıtmasını təmin etməyə çalışır. Həmin sakinlər "Hizbullah" ilə İsrail arasında davamlı raket atəşi nəticəsində evlərini tərk etməli olublar.

"Reuters" Livanın Yunin şəhərinin merinə istinadla yazır ki, zərbələrdən biri azı 23 suriyalının həyatına son qoyub, onların çoxu qadınlar və uşaqlar olub. Zərbə üçmərtəbəli binanı hədəfə alıbmış.

Nyu-Yorkun merinə qarşı cinayət ittihamları irəli sürülüb

 Erik Adams
Erik Adams

Nyu-Yorkun meri Erik Adamsa (Eric Adams) qarşı cinayət ittihamları irəli sürülüb. Bu barədə "The New York Times" mənbələrə istinadla yazır. Şəhərin tarixində ilk dəfə olaraq vəzifədə olan mer cinayət törətməkdə ittiham edilir.

İttihamlar rəsmən elan edilməyib. Amma Nyu-York prokurorluğu bir ildir ki, merin bəzi müşavirləri və köməkçiləri, o cümlədən onun təhlükəsizlik məsələləri üzrə müavini ilə bağlı təhqiqat aparır. Bu yaxınlarda Nyu-York polisinin rəisi, Nyu-Yorkda məktəblər üzrə idarəçi vəzifələrindən istefa veriblər.

Seçki kampaniyasının maliyyə mənbələri araşdırılır

Şəhər mediasının yazdığına görə, federal prokurorluq Adamsın seçki kampaniyasının maliyyə mənbələrini araşdırır. O, 2021-ci ildə Nyu-Yorkun meri vəzifəsinə namizədliyini verib.

Prokurorlar ötən ilin payızından bəri Adams ilə maraqlanmağa başlayıblar. FTB agentləri onu bir ictimai tədbirdən sonra saxlayaraq smartfon və planşetini müsadirə ediblər.

Adams Nyu-Yorkun tarixində ikinci qaradərili merdir. O, daha öncə polis kapitanı olub, cinayətkarlığın azaldılması, ABŞ-nin ən böyük şəhərinin idarə olunmasında peşəkarlığın artırılması devizi ilə kampaniyalar aparıb.

Adams sentyabrın 25-də axşam yaydığı videomüraciətdə deyib ki, ona qarşı istənilən ittihamlar "tamamilə yalandır". Dediyinə görə, federal prokurorların diqqətini ona görə çəkib ki, "nyu-yorkluları müdafiə edib". Adams istefaya getməyəcəyinin anonsunu verib.

"The Associated Press" yazır ki, merə qarşı ittihamlar sentyabrın 26-da açıqlana bilər.

Tramp deyir ki, Zelenski müharibəni bitirəcək saziş razılaşdırmaqdan imtina edir və milyardlar alır

Donald Tramp
Donald Tramp

ABŞ-də prezidentliyə respublikaçıların namizədi Donald Tramp (Donald Trump) sentyabrın 25-də deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlardan milyardlar alır və Rusiyanın tammiqyaslı işğalını bitirəcək saziş razılaşdırmaqdan imtina edir. Tramp Vaşinqtonun Kiyevə ayırdığı yardımını tənqid edir. Onun mövqeyincə, Rusiya 2022-ci ilin fevralında hücuma başlamazdan öncə Ukrayna Rusiya prezidenti Vladimir Putinə güzəştə getməliydi.

"İstənilən saziş – hətta ən pis saziş belə indi baş verənlərdən daha yaxşı olardı. Pis saziş əldə etsəydilər belə, daha yaxşı olardı. Azacıq güzəştə gedərdilər və hər kəs sağ qalardı, binalar tikilərdi, qüllələr daha 2 min il salamat qalardı", – Tramp vurğulayıb.

Tramp bunları Şimali Karolinada seçki mitinqində deyib. Zelenski isə həmin vaxt Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edirdi.

Trampın öncəki iddiaları

ABŞ-nin keçmiş prezidenti Tramp əvvəllər də bir neçə dəfə iddia edib ki, o, ölkə başçısı olsaydı, Rusiya heç vaxt Ukraynanı işğal etməzdi, Ağ evə qayıdarsa, müharibəyə tezliklə son qoyacaq. Ancaq bunu necə edəcəyini konkret izah etməyib.

Bu ayın əvvəlində demokratların namizədi Kamala Harris ilə debatda Tramp Ukraynanın müharibəni udmasını istəyib-istəmədiyini deməkdən imtina edib.

2022-ci ilin fevralında işğal başlamazdan öncə Rusiya və Ukrayna arasında bir neçə dəfə danışıqlar keçirilib. Ancaq Kiyev Moskvanın tələblərini rədd edib. Tələblərə Rusiyanın Krım vilayətini qanunsuz ilhaqının, separatçıların nəzarətində olan Luqansk və Donetskin tanınması daxil idi.

Tramp görünür, Zelenskinin "The New Yorker"ə müsahibəsinə cavab verib. Zelenski deyib ki, "Tramp müharibəni necə dayandırmağı gerçəkdən bilmir, hətta bildiyini düşünsə belə".

Zelenski Nyu-Yorkda Baydenə "qələbə planı"nı təqdim edəcəyini bildirib. Plana ABŞ-nin verdiyi uzaqvuran silahlarla Rusiyada hədəflərin vurulmasına icazə üçün xahişin də salındığı deyilir.

Nyu-Yorkda Trampla Zelenskinin də üzbəüz görüşəcəyi barədə xəbərlər vardı, ancaq ABŞ mediası bu görüşün təxirə salındığını yazıb.

Birgə dəstək bəyannaməsi

Ağ evin məlumatına görə, Bayden Ukraynanın bərpası və yenidən qurulması üçün birgə dəstək bəyannaməsi açıqlayıb. Təşəbbüsə azı 30 ölkə, o cümlədən "Böyük yeddilik" üzvləri, Aİ də daxildir.

Bayden, Zelenski və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Nyu-Yorkda bir araya gələrək Ukraynaya güclü dəstək nümayiş etdiriblər.

Ağ evin yaydığı sənəddə deyilir ki, Rusiya Ukraynada törətdiyi dağıntılardan ötrü kompensasiya ödəmək üçün beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşıyır.

ABŞ Müdafiə Nazirliyi isə sentyabrın 25-də Vaşinqtonun Ukraynaya 375 milyon dollarlıq əlavə hərbi yardım ayıracağını bildirib. Paketə HIMARS sistemləri, minaya davamlı zirehli texnika, eləcə də tank əleyhinə "Javelin" raket kompleksləri və TOW idarəolunun raketlər daxildir.

Bu il 12 mindən çox etnik qazax vətənə repatriasiya edilib

Əfqanıstandan Qazaxıstana repatriasiya edilənlərdən biri
Əfqanıstandan Qazaxıstana repatriasiya edilənlərdən biri

2024-cü ildə 12 min 325 etnik qazax Qazaxıstana repatriasiya edilib və qandas (qandaş) statusu alıb.

Bu məlumatı Qazaxıstan Əmək və Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, əvvəllər belə qazaxları oralman adlandırırdılar, lakin 2020-ci ildən onların rəsmi statusu qandasdır. Qandas başqa dillərə qandaş, soydaş kimi tərcümə oluna bilər.

Qandaslar Qazaxıstanda oturum hüququnu sadələşdirilmiş prosedurla almaq hüququna malikdirlər.

Belə ki, onlar Qazaxıstana köçdükləri andan vətəndaşlıq üçün ərizə verə bilərlər.

Bu da xəbər verilir ki, bu ilin əvvəlindən Qazaxıstana gəlmiş qandasların 45,6 faizi Çindən, 39.2 faizi Özbəkistandan, 5.5 faizi Türkmənistandan, 5.4 faizi Monqolustandan, 3.1 faizi Rusiyadan və başqa ölkələrdən köçüb.

1 milyondan çox

Hakimiyyət bir qayda olaraq onları işçi qüvvəsinin çatışmadığı regionlarda - Akmola, Abay, Kustanay, Pavlodar, Şərqi və Şimali Qazaxıstan vilayətlərində yerləşdirir.

Tarixi vətənə qayıtmış şəxslərin 58.2 faizi əmək qabiliyyəti yaşındadır. Bunlardan 32.4 faizi yetkinlik yaşına çatmayanlar, 9.4 faizi pensiyaçılardır.

Nazirlikdən birliriblər ki, 2023-cü ildən qandas statusunun verilməsi Qazaxıstan səfirlikləri vasitəsilə “vahid pəncərə” pilot rejimində həyata keçirilir.

Buna görə də hazırda vətənə səfər, iş yeri, mənzil şəraiti kimi məsələləri Qazaxıstana gəlmədən də həll etmək mümkündür.

Ümumilikdə 1991-ci ildən bəri rəsmi məlumata görə Qazaxıstanda 1 milyon 140 min 700 etnik qazax məskunlaşdırılıb.

Trampın qərargahı Zelenski ilə görüş planlaşdırılmadığını deyir

Zelenski və Tramp
Zelenski və Tramp

ABŞ-də respublikaçılardan prezidentliyə namizəd, keçmiş prezident Donald Tramp (Donald Trump) bu həftə Birləşmiş Ştatlarda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün planlaşdırılmadığını deyir. Bu barədə "The Associated Press" Trampın seçki qərargahı təmsilçisinə istinadla xəbər verir.

Ukrayna rəsmiləri isə daha öncə bildirmişdilər ki, Zelenski prezidentliyə hər iki namizəd – Tramp və vitse-prezident, demokratların namizədi Kamala Harris ilə görüşəcək, onlara öz təkliflərini təqdim edəcək. Zelenski söhbətin Ukraynanın Rusiyanın təcavüzkar müharibəsində qələbə planından getdiyini deyib.

Son günlər Tramp bir neçə bəyanatla Ukraynanın müharibədə qələbəsinin mümkünlüyünü, hazırkı administrasiyanın Kiyevə yardımını davam etdirməyin vacibliyini şübhə altına alıb. O vəd edib ki, ABŞ-də seçkini udarsa, müharibədən çıxacaqlar, çünki sülhü razılaşdıra biləcək. Tramp həmçinin Rusiya üzərində qələbə çalmağın mümkünlüyünə şübhəsini bildirərək deyib ki, onun fikrincə, Rusiya yaxşı savaşa bilir, daha öncə Hitleri və Napoleonu məğlub edib.

Tramp daha öncə belə bir fikir irəli sürüb ki, Zelenski ABŞ seçkisində K.Harrisin qalib gəlməsini istəyir, Ukrayna prezidentini "dünyanın ən yaxşı taciri" kimi təsvir edib.

Zelenskinin mövqeyi

Zelenski Trampın son açıqlamalarını şərh etməsə də, daha öncə keçmiş prezidentin müharibəni 24 saat içində bitirməyin mümkünlüyü barədə dediyinə şübhə ilə yanaşıb. O, respublikaçıların ABŞ-nin vitse-prezidenti postuna namizədi Ceyms Devid Vensi (JD Vance) də tənqid edib, Ukraynanın sülh qarşılığında ərazisinin bir hissəsindən imtina etməsi ideyası ilə razılaşmadığını deyib.

Prezident Co Bayden (Joe Biden) və vitse-prezident Harris isə sentyabrın 26-da Ağ evdə Zelenski ilə görüşməlidirlər. Ukrayna prezidenti onlara "qələbə planı"nı təqdim edəcəyini deyib. ABŞ rəhbərliyinin bu plana necə yanaşacağı bəlli deyil. Medianın yazdığına görə, planda Ukraynanın NATO-ya dəvət olunması, Ukraynaya Rusiyanın dərinliklərini Qərbin verdiyi uzaqvuran silahlarla vurmaq məsələləri salınıb.

Bayden BMT Baş Assambleyasında çıxışında deyib ki, ABŞ Ukraynanın qələbə çalması, ədalətli sülh əldə etməsi üçün ona dəstəyi davam etdirəcək.

Pezeşkian deyir ki, Tehran nüvə qarşıdurmasını bitirmək üçün əməkdaşlığa hazırdır

Məsud Pezeşkian
Məsud Pezeşkian

İran prezidenti Məsud Pezeşkian BMT-nin Baş Assambleyasındakı çıxışında deyib ki, İran Qərblə nüvə qarşıdurmasını bitirməyə hazırdır. O, Ukrayna və Yaxın Şərqdəki müharibələrə dialoq yoluyla son qoymağa çağırıb.

"Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) öhdəlikləri tam şəkildə və xoş məramla icra olunarsa, biz bu planın iştirakçıları ilə işləməyə hazırıq. Digər məsələlərlə bağlı dialoq davam edə bilər", – Pezeşkian sentyabrın 24-də illik toplantıdakı ilk çıxışında deyib.

Pezeşkian prezident İbrahim Rəisi mayda vertolyot qəzasında həlak olandan sonra prezident seçilib, iyulda prezident andı içib. Pezeşkian daha öncə demişdi ki, Tehran 2015-ci ildə imzalanmış nüvə sazişini yenidən işə salmaq üçün Birləşmiş Ştatlar ilə danışıqlara hazırdır.

Nüvə sazişinin taleyi

Prezident Donald Tramp (Donald Trump) 2018-ci ildə Birləşmiş Ştatları birtərəfli şəkildə sazişdən çıxarıb, Tehrana ağır maliyyə sanksiyaları tətbiq edib.

Sazişə Çin, Fransa, Rusiya, Böyük Britaniya, Almaniya və Avropa İttifaqı da imza atmışdı.

Prezident Co Bayden (Joe Biden) nüvə sazişinə yenidən təkan vermək istəsə də, Vaşinqton və Tehran şərtləri razılaşdıra bilməyiblər.

Pezeşkian onu da deyib ki, İran sanksiyaların yüngülləşdiriləcəyinə ümid edir. O, sanksiyaları "ölkəmizin iqtisadiyyatına zərbə vurmağı hədəfləyən dağıdıcı və qeyri-insani silahlar" adlandırıb.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS silahlı qruplaşması ötən ilin oktyabrında İsrailə hücum edəndən bəri İranla Qərbin münasibətləri pisləşib. Tehran həmçinin Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinə dəstəyini artırıb.

Ancaq Pezeşkian BMT-dəki çıxışında deyib ki, "İran hamı üçün sülh istəyir, heç kəslə müharibə, yaxud mübahisə istəmir". O, Ukraynadakı müharibənin başa çatmasının vacibliyini də vurğulayıb.

"Biz bütün dinc həlləri dəstəkləyir və inanırıq ki, dialoq bu böhranı həll etməyin yeganə yoludur", – o bildirib.

Qəzzada atəşkəs çağırışı

Pezeşkian İsrailin Qəzzada apardığı hərbi əməliyyatları da kəskin tənqid edib, onu "soyqırımı" adlandıraraq dərhal dayandırılmasını vacib sayıb.

"Beynəlxalq ictimaiyyətin Qəzzada daimi atəşkəsi təmin etməsi, İsrailin Livandakı ümidsiz barbarlığına regionu və dünyanı bürüməyincə son qoyması vacibdir", – o vurğulayıb.

Pezeşkian bundan öncə xəbərdarlıq edib ki, İsrailin öz ərazisinə Livanın cənubundan "Hizbullah"ın hücumlarına cavab olaraq hava kampaniyası regional müharibəyə çevrilə bilər. Birləşmiş Ştatlar "Hizbullah"ı terrorçu təşkilat sayır.

İran uzun müddət "Hizbullah"ın əsas sponsoru olub.

Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşüblər

Ərdoğan-Paşinyan görüşü
Ərdoğan-Paşinyan görüşü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərində normallaşmanı Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına bağlayır. Bunu o, sentyabrın 24-də Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bir daha dilə gətirib.

Hər iki lider BMT Baş Assambleyasının iclasına qatılandan sonra Nyu-Yorkdakı Türk Evində bir araya gəliblər. Onların ikitərəfli əlaqələrin normallaşdırılması, eləcə də Ermənistan-Azərbaycan danışıqlar prosesi yönündə səyləri müzakirə etdiyi bildirilir.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumata görə, liderlər Ankara və Yerevanın 2022-ci ildən bəri əldə etdiyi anlaşmaları "detallı" nəzərdən keçirib, normallaşma prosesinə "yeni təkan" verməyə razılaşıblar.

"Azərbaycan-Ermənistan sülh prosesində əldə edilənlərin Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsiri olacaq", – Ərdoğan daha öncə BMT Baş Assambleyasındakı çıxışında deyib.

Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.

"Zəngəzur dəhlizi"

Ərdoğan bu ilin iyulunda bir daha deyib ki, Ermənistan-Azərbaycan sülh sazişində Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan eksklavına quru dəhliz məsələsi salınmalıdır. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın da Bakıya son səfəri zamanı həmin bəyanatı dilə gətirib. Kalın da Ərdoğanın Paşinyanla danışıqlarında iştirak edib.

Rəsmi Bakının "Zəngəzur dəhlizi" dediyi həmin marşrut 2020-ci ilin üçtərəfli atəşkəs bəyanatında nəzərdə tutulub. Yerevan öz ərazisindən heç bir ölkəyə dəhliz verməyəcəyini deyir. Bu ilin yayında Bakı sözügedən maddənin sülh sazişi layihəsindən çıxarıldığını açıqlayıb.

Ermənistan hökumətinin mövqeyi belədir ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında daşımalara Ermənistan nəzarət etməlidir. Paşinyanın mətbuat xidmətinin məlumatına görə, Türkiyə liderinə Yerevanın bu məsələdə mövqeyi barədə məlumat verilib.

Bakı və Ankaranın tələb etdiyi dəhliz Ermənistanın İranla həmsərhəd Sünik vilayətindən keçməlidir. Tehran dəfələrlə onu Ermənistanla ümumi sərhəd və nəqliyyat əlaqələrindən məhrum etmək səylərinə qarşı xəbərdarlıq edib.

Azərbaycan 2020-ci il 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatlarla ərazi bütövlüyünü bərpa edib. Ancaq Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.

Rusofobiyaya görə cəza Rusiya Cinayət Məcəlləsinə salınacaq

Rusiya Cinayət Məcəlləsi
Rusiya Cinayət Məcəlləsi

Rusiya hakimiyyəti ölkənin Cinayət Məcəlləsinə rusofobiyaya görə cəzanı daxil edəcək. "Rusofobiya" xaricdə rusiyalı vətəndaşlara və Rusiya Federasiyası rezidentlərinə qarşı əcnəbilər və xarici məmurlar tərəfindən diskriminasiyanı, yaxud belə hərəkətlərə çağırışları ehtiva edir.

"Interfax" xəbər agentliyi sentyabrın 23-də yazıb ki, bir qrup deputatın hazırladığı qanun layihəsini təsdiqləyən sənədi əldə edib. Bu layihədə deyilir ki, rusofobiyada ittiham olunanlar qiyabi mühakimə oluna bilərlər.

Cəzası nə olacaq

Hökumət layihəni təsdiqləsə də, rusofobiyada təqsirli bilinənlər üçün cəzaya yenidən baxılmalı olduğunu bildirib.

Qanun layihəsinə görə, rusofobiyaya görə cəza təqsirli bilinənlərin müəyyən postları tutmasını, Rusiyada müəyyən fəaliyyətlə məşğul olmasını yasaqlamalıdır.

Ancaq hökumətin mövqeyi belədir ki, belə bir cəzanın mənası yoxdur, çünki Rusiyadan kənarda yaşayanlara təsiri olmayacaq.

Cinayət Məcəlləsinə əlavə olunacaq maddə yalnız xaricdə rusofobiya halları üçün cəzaları nəzərdə tutacaq. Sənəddə rusiyalı vətəndaşlar və Rusiya Federasiyasının rezidentlərinə qarşı nəyin diskriminasiya sayıldığını detallı göstərilmir.

Rusofobiya Ukrayna müharibəsi fonunda

Son illər, xüsusilə Rusiya 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlayandan Moskva Qərb rəsmilərini rusofobiyada ittiham edib.

Prezident Vladimir Putin Qərbdə "rus mədəniyyətinin ləğvi"ndən açıq şəkildə danışıb.

Rusiya Xarici İşlər Nazirliyi Qərbin Rusiya rəsmilərinə, qurumlarına qarşı sanksiyalarını "rusofobiyanın ifadəsi" adlandırıb. Sanksiyalar Moskvanın Ukraynaya qarşı tammiqyaslı təcavüzündən sonra qoyulub.

Rusofobiya terminini ilk dəfə 19-cu əsrdə rusiyalı şair və diplomat Fyodor Tyutçev qərbpərəst rusiyalı liberallar barədə işlədib.

Yel Universitetində tarix professoru Timoti Snayder 2023-cü ilin martında BMT-nin Təhlükəsizlik Şurasında təqdimatında deyib ki, müasir Rusiya rusofobiyadan silahlı qüvvələrinin Ukraynada şübhəli hərbi cinayətlərini əsaslandırmaq üçün alət kimi istifadə edir.

İran kömür mədəni partlayışında 38 nəfərin öldüyünü bildirir, 14 nəfər itkin düşüb

Cənubi Xorasan ostanında kömür mədənində qaz partlayışından sonra mədənçilər çöldə toplaşır.
Cənubi Xorasan ostanında kömür mədənində qaz partlayışından sonra mədənçilər çöldə toplaşır.

Sentyabrın 23-də İran hakimiyyəti kömür mədəni partlayışında 38 nəfərin həlak olduğunu, 14 nəfərin mədəndə qaldığını açıqlayıb.

Bir gün öncə isə 51 nəfərin öldüyü açıqlanmışdı. İran dövlət televiziyası sentyabrın 21-də Təbəsdə mədən partlayışına metan qazı sızmasının səbəb olduğunu bildirib.

Dağıntılar altında qalanların xilas edilməsi işləri çətin gedir, çünki mədəndə metan qazının səviyyəsi yüksək olaraq qalır. Bunu Təbəsin yerləşdiyi Cənubi Xorasan vilayətinin qubernatoru Cavad Qənaət deyib.

Daxili işlər naziri İskəndər Mömini sentyabrın 22-də bildirib ki, xilasedicilər mədəndə qalanlardan 400 metr aralıdadır.

İnsidentlə bağlı araşdırma başladılıb, amma hələlik, həbs edilən yoxdur. Vilayət prokuroru deyib ki, rəsmi orqanlar partlayışın səbəbini daha yaxşı anlamaq üçün ekspert rəyini gözləyirlər.

Cənubi Xorasanda üçgünlük matəm elan edilib.

+++

Bu, İranın mədən sənayesində ilk partlayış deyil.

Ötən il şimaldakı Damğan şəhərində mədən partlayışında altı nəfər həlak olub.

2021-ci ilin mayında isə həmin ərazidə uçqunda iki mədənçi ölüb.

2017-ci ildə İranın şimalında Azadşəhr şəhərində partlayışda 43 şaxtaçı həlak olub.

Adətən, qəzalara təhlükəsizlik standartlarında boşluqlar, fövqəladə xidmətlərin qeyri-adekvatlığı səbəb göstərilir.

Rusiyanın Sarmat qitələrarası raketinin atışı bu dəfə də uğursuz olub?

Sarmat raketinin 2022-ci ildəki sınağı
Sarmat raketinin 2022-ci ildəki sınağı

Yeni peyk fotolarında Rusiyada, ekspertlərin qənaətinə görə, qitələrarası ballistik raketin uğursuz sınaq atışı nəticəsində yaranmış böyük krater görünür.

Sentyabrın 21-də çəkilmiş fotolarda Arxangelsk vilayətindəki Plesetsk Kosmodromunda habelə dörd yanğınsöndürən maşını da görmək mümkündür.

Açıq mənbələrin təhlili üzrə @MeNMyRC1 adı ilə tanınan ekspert fotoları öyrəndikdən sonra bu nəticəyə gəlib ki, krater RS 28 Sarmat qitələrarası ballistik raketinin partlaması nəticəsində yaranıb. Bu o deməkdir ki, raket havaya qalxmadan elə şaxtada partlaya bilərdi. Başqa ekspertlər də onun bu qənaəti ilə razılaşıblar.

Əgər təhlil doğrudursa, söhbət Sarmat raketinin sayca 4-cü uğursuz startından gedir.

Rusiya 2022-ci ildə bu tip raketi uğurla sınaqdan çıxardığını xəbər vermişdi.

Tikintisi 2000-ci illərdə başlanmış Sarmat maye yanacaqla işləyir və 18 min kilometr məsafəni qət edə bilir.

İddia olunduğuna görə uzunluğu 35 metr olan raket 10 ton ağırlığında müxtəlifb döyüş başlıqları daşıya bilər.

İnsan ürəyi yemiş rusiyalı killer Ukrayna müharibəsindən evinə qayıdıb

Dmitri Malışev
Dmitri Malışev

Qətldə, qurbanlarının birinin ürəyini bişirib yeməkdə təqsirli bilinmiş rusiyalı kişi Ukrayna müharibəsindən müvəqqəti olaraq evinə qayıdıb. Bu barədə yerli media yazır.

Dmitri Malışev döyüşdə aldığı yaralardan müalicə olunmaq üçün evə göndərilib. Bunu Volqoqrad vilayətindəki Raxinka kəndinin başçısı Fyodor Kadovba V1.ru saytına deyib.

"Onu dünən mağazada gördüm, salam verdi. Mənə dedi ki, hazırda müalicə olunur, cəbhəyə qayıdacaq", – Kadovba bildirib.

Kadovbanın sözlərinə görə, Malışev bu il ikinci dəfədir müalicə üçün evinə qayıdır. O, Malışevin çənəsində yara, qolunda qəlpə olduğunu söyləyib.

Mütəşəkkil cinayətkar dəstə başçısı olan Malışev üç nəfəri öldürdüyünə görə 2015-ci ildə 25 il həbsə məhkum edilib. Onlardan ikisi yerli biznesmen, biri tacikistanlı olub. Malışev öldürdüyü tacikin ürəyini yeyib.

2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayan Rusiya hökuməti əfv qarşılığında minlərlə məhbusa cəbhəyə getmək təklif edəndə Malışev də bundan yararlanıb.

Müharibədən qayıdan onlarla məhbus qətl daxil olmaqla, zorakı cinayətlər törədiblər.

Ursula fon der Leyen Kiyvdə Ukrayna üçün 35 milyard avroluq kredit elan etdi

Volodimir Zelenski və Ursula fon der Leyen sentaybrın 20 Kiyevdə keçirilən birgə mətbuat konfransında
Volodimir Zelenski və Ursula fon der Leyen sentaybrın 20 Kiyevdə keçirilən birgə mətbuat konfransında

Avropa İttifaqı Ukraynaya 35 milyard avro məbləğində kredit təqdim edəcək.

Bunu Avropa Komissiyasının hazırda Kiyevdə səfərdə olan prezidenti Ursula fon der Leyen elan edib.

Xəbər verilir ki, bu kredit üçün vəsaitlər Rusiyanın Avropada dondurulmuş aktivlərinin gəliri ilə formalaşdırılacaq.

Ukrayna bu vəsaiti 40 il müddətində qaytarmalıdır.

Kiyevdə prezident Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında fon der Leyen deyib ki, bu məbləğdə kreditin ayrılması G7 ölkələri qrupunun Ukraynanı uzunmüddətli dəstəkləmək öhdəliyinin yerinə yetirilməsində növbəti addımdır.

G7 ölkələrinin NATO-nun ötən iyulda Vilnüsdə keçirilən sammitində elan edilmiş yardımına həm hərbi yardımlar, həm də müharibədən sonra ölkənin bərpası üçün ayrılan vəsaitlər daxildir.

Volodimir Zelenski bəyan edib ki, bu vəsait ilk növbədə ölkənin enerji sektorunun dəstəklənməsinə, sığınacaqların və dinc əhalinin qorunması üçün başqa qurğuların tikilməsinə, habelə Ukrayna hərbi sənayesinin inkişafına xərclənəcək.

Zelenski habelə ölkə rəhbərliyinin yeni silah növləri, xüsusilə də hava hücumundan müdafiə sistemləri almaq planlarından söz açıb.

Rusiyanın 200 milyard avrosu

Financial Times qəzeti dəqiqləşdirir ki, Ukraynaya veriləcək kredit Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş aktivlərinin gəlirlərindən formalaşdırlacaq.

Hazırda Avropada Rusiya dövlət strukturlarının 200 milyard avrosu dondurulub.

Bu vəsaitin hamısının müsadirə olunması mexanizmi hələ ki, işlənib hazırlanmayıb.

Bununla belə Aİ dondurulmuş vəsaitlərdən gələn gəlirləri Ukraynanın ehtiyaclarına xərcləyir.

Ursula fon der Leyen 8-ci dəfə Kiyevə gəlib

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sentyabrın 20-də Kiyevə gəlib.

Onun burada qarşıdan qışın gəldiyi bir vaxtda Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələri ilə bağlı Kiyevə davamlı dəstək elan edəcəyi gözlənilir:

"Mənim Kiyevə sayca 8-ci səfərim tezliklə isitmə mövsümünün başlanacağı və Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələrinin davam etdiyi bir vaxta təsadüf edir”.

Avropa Komissiyasının rəhbəri az sonra prezident Volodimir Zelenski ilə görüşərək Ukraynanın enerji təchizatına dəstək məsələsini müzakirə etməlidir.

Ursula fon der Leyen bildirib ki, görüşün gündəliyinə Ukraynanın qışa hazırlığına Avropa İttifaqının köməyi məsələsi daxildir.

Görüşdə habelə Ukraynaya İttifaqa üzvlük prosesində dəstək verilməsi və G7 qrupunun kreditləri müzakirə olunacaq.

Xanım fon der Leyen bundan bir gün əvvəl Ukraynanın enerji infrastrukturunun bərpası üçün Kiyevə əlavə olaraq 178 milyon dollar yardım elan etmişdi.

Bir həftə bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi xəbərdarlıq etmişdi ki, qarşıdan gələn qış Ukrayna üçün indiyədək keçilmiş sınaqların ən ağırı ola bilər.

Bu arada Ukraynanın hərbi hava qüvvələri sentyabrın 20-ə keçən gecə Rusiyanın 70 dronundan 61-nin məhv edildiyini bildirib.

Hər hansı dağıntı və ya itkilər barədə məlumat verilməyib.

Rusiyada qanunsuz miqrantların uşaqları məktəbə buraxılmayacaq

Rusiyada miqrant işçilər
Rusiyada miqrant işçilər

Rusiyada qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bu barədə "Kommersant"a Daxili İşlər Nazirliyi (DİN) rəisinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

İndi hakimiyyət Rusiyada qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaradır. Həmin sistemə düşdükdən sonra miqrantlar nəqliyyat vasitələri sürə, bank xidmətlərindən istifadə edə, əmlakı qeydiyyata ala, nikah bağlaya və ya poza bilməyəcəklər.

Qorovoy qeyd edib ki, "maraqlanan idarələr" və deputatlar miqrasiya sahəsində digər qanunvericilik təşəbbüsləri üzərində də işləyirlər.

Qorovoyun sözlərinə görə, hazırda Rusiyada 739 minə yaxın və ya miqrantların ümumi sayının 9 faizi qədər qanunsuz miqrant var. Bunlar, əsasən, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşlarıdır.

DİN rəsmisi 2022-ci ilə qədər qeyri-qanuni miqrantların xüsusi çəkisinin 30 faizdən çox olduğunu vurğulayıb. O, indiki azalmanı "Daxili İşlər Nazirliyinin bütün səviyyələrdə hakimiyyət orqanları ilə birgə fəaliyyətinin yaxşı nəticəsi" adlandırıb.

Qorovoy həmçinin bildirib ki, bu ilin birinci yarısında miqrantların Rusiyadan çıxarılması ilə bağlı 100 minə yaxın qərar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Xatırlatma

Bu ilin martında "Crocus City Hall" konsert zalında 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra Rusiyada miqrantlara qarşı ksenofobiya hissləri kəskinləşib. Hüquq-mühafizə orqanları xaricilərin evlərində və iş yerlərində reydlər keçirir.

İqtisadçıların fikrincə, Rusiyaya son 10 ildə ən aşağı səviyyəyə düşən miqrant axını ölkədə kadr böhranını ciddi şəkildə gərginləşdirə bilər.

Şoyqu gözlənilmədən İrana gedib

Sergey Şoyqu və Məsud Pezeşkian
Sergey Şoyqu və Məsud Pezeşkian

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də İran paytaxtı Tehrana gəlib. İran prezidenti qonağa müraciət edərək Qərb sanksiyalarına qarşı Rusiya ilə daha dərin əlaqələrin inkişaf etdiriləcəyinə söz verib.

Bu barədə "Reuters" İran dövlət mediasına istinadən məlumat yayıb.

"Mənim hökumətim iki ölkə arasında davam edən əməkdaşlığı və münasibətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərini ciddi şəkildə izləyəcək", — IRNA dövlət informasiya agentliyi İran prezidenti Məsud Pezeşkianın Rusiya Təhlükəsizlik Şurasının katibinə dediyi sözləri sitat gətirir.

Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşdən bir neçə gün sonra İran paytaxtına gəlib. "Reuters" vurğulayır ki, Rusiya Ukrayna ilə iki il yarımdan çox davam edən müharibədə ABŞ-yə düşmən olan sözügedən iki ölkə ilə əlaqələri inkişaf etdirməyə çalışır. Bu ölkələrin Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün ballistik raketlər verdiyi bildirilir. Amma İran Rusiyaya ballistik raketlərin göndərilməsini inkar edir. Moskvada isə deyirlər ki, İran bütün mümkün sahələrdə Rusiyanın tərəfdaşıdır.

Şoyqunun xarici səfərləri müharibənin kritik anına təsadüf edir, Kiyev Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə etməyə icazə almaq üçün ABŞ və onun müttəfiqlərinə təzyiq göstərir.

Rusiya prezidenti Vladimir Putin ötən həftə bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə versə, bu, NATO-nun Rusiya ilə birbaşa toqquşması olacaq və Moskva buna cavab verəcək.

İranın Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqəli "Nour" xəbər agentliyi Şoyqunun iranlı həmkarı Əli Əhmədian ilə görüşdüyünü bildirib. Bu görüşün təfərrüatları hələ açıqlanmayıb.

Rusiya dəfələrlə bəyan edib ki, strateji tərəfdaşlığı möhkəmləndirmək üçün İranla böyük sazişin imzalanmasına yaxındırlar.

Keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb 

Elman Paşayev
Elman Paşayev

Moskvada hüquq-mühafizə orqanları əməkdaşları vəkil statusundan məhrum edilmiş Elman Paşayevi saxlayıblar. Ona qarşı xüsusilə böyük məbləğdə dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb. Məlumatı İstintaq Komitəsi yayıb.

İstintaq materiallarına görə, Paşayev bloger Yelena Blinovskayanın əri Alekseyə “böyük pul mükafatı” qarşılığında cütlüyün cinayət məsuliyyətindən azad olunmasında kömək vəd edib. Keçmiş vəkilin Blinovskidən “xüsusilə böyük məbləğdə” pul vəsaiti aldığı iddia edilir. Ancaq Paşayevə hansı məbləğin verildiyi açıqlanmır.

İnstagram blogeri Yelena Blinovskaya “Arzular marafonu” şəxsi kurslarının müəllifidir. Onun hesabına milyonlarla adam yazılıb. Blinovskaya özünü “motivasiya spikeri” adlandırıb. Rusiya hakimiyyəti onu vergidən yayınmada, qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham edir. Blogerin təxminən milyard rubl vergi borcu olduğu iddia edilir, ona qarşı məhkəmə davam edir. Onun həyat yoldaşı isə cinayət yoluyla əldə olunmuş gəlirlərin leqallaşdırılmasında, vergidən yayınmada əlbirlikdə ittiham olunur. O, Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsində iştirak edib.

Elman Paşayev Moskvada ölümlə nəticələnmiş yol qəzasına görə 8 il azadlıqdan məhrum edilmiş aktyor Mixail Yefremovu müdafiə edib. Yefremov hökm çıxarılandan dərhal sonra onun xidmətlərindən imtina edib.

Bundan öncə Paşayev bir neçə dəfə vəkil statutusundan məhrum edilib, həmçinin dələduzluğa görə mühakimə olunub.

Davamı

XS
SM
MD
LG