"Bir dəfə iş görüşməsində mənə dedilər ki, iş yerin rəsmi olacaq, maaşın kartına köçürüləcək. Mən də zarafatla dedim ki, gəlin əmək kitabçasını kənara qoyaq, ona ayıracağınız vəsaitin yarısını mənə verin, qeydiyyatsız da işləyərəm. Bu gün 50 manat artıq almaq mənim üçün 65 yaşımdan sonra pensiyama əlavə olunacaq puldan daha sərfəlidir".
Bunu AzadlıqRadiosuna 10 ilə yaxın Azərbaycanda müxtəlif müəssisələrdə çalışmış Səməd Şıxı deyir. Ölkədə yaşadığı illərdə fərqli sahələrdə işləyən Səməd bildirir ki, çalışdığı yerlərin əksəriyyətində onunla əmək müqaviləsi bağlanmayıb. İşə qəbul zamanı isə rəsmi qeydiyyatın olmayacağı əvvəlcədən deyilib: "Bir müddətdən sonra iş görüşmələrində heç soruşmurdum ki, işim rəsmi olacaq, yoxsa yox, maaşım kartla veriləcək, yoxsa "paket"lə. Çünki başa düşürsən ki, bu bazarda işləyib pul qazanmaq istəyirsənsə, mövcud qaydalara uyğunlaşmalısan. Artıq işlədiyin müddətin əmək kitabçana yazılıb-yazılmayacağını, pensiya fonduna pul köçürülüb-köçürülməyəcəyini düşünmürsən. İşçilərin çoxu buna əhəmiyyət vermir, çünki gələcəklə bağlı böyük gözləntiləri yoxdur. İndiki pensiyaçıların aldığı məbləğə baxıb düşünürlər ki, 60-70 yaşlarında alacaqları pula görə bugünkü güzəranlarını daha da çətinləşdirməyə dəyməz".
Azərbaycanda bəzi işçilərlə ümumiyyətlə əmək müqaviləsi bağlanmır, bəzilərinin isə rəsmi maaşı real qazancından az göstərilir. İkinci halda əməkhaqqının bir hissəsi bank hesabına, qalanı isə nağd və qeyri-rəsmi şəkildə ödənilir. El arasında bu təcrübəyə "paket maaş" deyilir.
Əməkhaqqına nəzarət üçün yeni mexanizm hazırlanır
Ölkədə maaşların gizlədilməsinin qarşısını almaq üçün yeni elektron mexanizm hazırlanır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib ki, yeni sistem maaş və digər ödənişləri elektron qaydada izləməyə imkan verəcək. Bu qaydaya görə, maaşlar nazirliyin bazasındakı məlumatlar əsasında Mərkəzi Bankın seçdiyi elektron ödəniş sistemi ilə köçürüləcək. İşçilər isə maaşlarını almaq istədikləri bankı özləri seçə biləcəklər.
Nazir müavininin sözlərinə görə, məqsəd təkcə müqavilədə yazılan məbləği deyil, işçiyə real ödənilən pulu da izləməkdir: "Nəticədə əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya bir hissəsinin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi yaradılacaq".
Təkcə elektron nəzarət yetərlidirmi?
İqtisadçı Akif Nəsirli hesab edir ki, yeni mexanizm "paket maaş" hallarını azaltmaq üçün mühüm addım ola bilər. Onun fikrincə, maaşlar tam rəsmiləşdirilsə, işçilərin pensiya kapitalı artacaq və gələcək sosial təminatı yaxşılaşacaq. Amma Nəsirli düşünür ki, sistemin uğuru onun necə işləyəcəyindən asılıdır. Çünki elektron nəzarət qeyri-rəsmi ödənişlərin bir hissəsini üzə çıxarsa da, əlavə addımlara ehtiyac qalacaq: "Bəzən işəgötürən işçinin kartına rəsmi maaşı köçürür, qalan pulu isə əlbəəl verir və ya köçürülən məbləğin bir hissəsini işçidən geri alır. Ona görə də elektron ödənişlərlə yanaşı, müqavilədəki rəqəmlərlə real ödənişlərin uyğunluğuna nəzarət güclənməlidir. Xüsusilə sahələr, vəzifələr və iş yükü üzrə real maaş göstəriciləri müqayisəli təhlil edilməlidir".
İqtisadçı işçilərin hüquqlarını qoruyan effektiv şikayət mexanizmlərinin yaradılmasını və qanunu pozan işəgötürənlərin cəzalandırılmasını vacib sayır. O həmçinin bildirir ki, problemi təkcə cəza və nəzarətlə deyil, iqtisadi stimullar və maarifləndirmə ilə də həll etmək lazımdır.
Azərbaycanda qeyri-rəsmi maaş alanların sayı nə qədərdir?
Ölkədə maaşının bir hissəsini qeyri-rəsmi alanların dəqiq sayı bilinmir. Dövlət Statistika Komitəsinin 2026-cı ilin oktyabrına olan məlumatına görə, Azərbaycanda muzdla çalışan 1 milyon 776.8 min nəfərin 942.6 mini özəl sektorda işləyir. Halbuki ümumi məşğul əhalinin sayı 5.1 milyon nəfərdən çoxdur. Bu rəqəmlər göstərir ki, işləyən əhalinin cəmi 35 faizi muzdlu işçi kimi rəsmiləşdirilib. Qalan hissəyə isə özünüməşğul şəxslər və fərdi sahibkarlar da daxildir.
Milli Məclisin komitə iclasında deputat Vüqar Bayramov deyib ki, məşğul əhalinin qalan 65 faizi əmək müqaviləsi olmadan çalışır. Onun sözlərinə görə, məhz buna görə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması üçün yeni dəyişikliklər vacibdir.
Müstəqil iqtisadçılar hesab edir ki, tikinti, iaşə və ticarət kimi gəlirli sahələrdə maaşların kütləvi şəkildə minimum yazılması qazancın çox hissəsinin "paket"lə verildiyini göstərir.
İqtisadçı Rəşad Həsənov deyir ki, maaşların olduğundan az yazılması daha çox özəl sektorda olur və müqavilələrin 40 faizindən çoxunda buna rast gəlmək olar: "Dəqiq rəqəm demək çətindir, amma söhbət kifayət qədər böyük göstəricidən gedir".
Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə Azərbaycan hesabatında da qeyri-rəsmi məşğulluq ciddi problem kimi vurğulanır: Hesabatda bildirilir ki, rəsmi əmək müqaviləsi olanlar özəl sektorda çalışanların cəmi 23 faizini təşkil edir. Bu isə özəl sektordakı işçilərin təxminən 77 faizinin müqaviləsiz işləməsi deməkdir. Fondun hesablamalarına əsasən, ölkədə kölgə iqtisadiyyatının həcmi ÜDM-in təxminən 50 faizinə bərabərdir. Bu, Mərkəzi Asiya və Qafqaz regionunda ən yüksək göstəricilərdən biridir.
"Şirkətlər yükü işçinin üzərinə yıxmağa çalışa bilər"
İqtisadçı R.Həsənov düşünür ki, təklif olunan yeni sistem qeyri-rəsmi maaşları leqallaşdırmaqdan çox, mövcud müqavilələr üzrə ödənişlərə nəzarət edəcək. Sistem işçilərə maaşı istədikləri bankdan almaq imkanı verəcək və müqavilədəki məbləğlə bank köçürmələrinin uyğunluğunu yoxlayacaq: "Bu mexanizm nə "paket maaş"ın qanuniləşdirilməsi üçün hər hansı tələb qoyur, nə də işəgötürənin maaşı minimum həddə göstərməsinin qarşısını alır".
Həsənovun fikrincə, maaşların tam rəsmiləşdirilməsi işçinin sosial müdafiəsini gücləndirsə də, mənfi tərəfləri də ola bilər. Belə ki, rəsmi ödənişlərə görə işəgötürənin vergi və sosial sığorta xərcləri artarsa, bəzi şirkətlər bu yükü işçinin üzərinə yıxmağa çalışa bilər: "Əmək bazarında rəqabətin kəskinliyini, işsizliyi, orta və yüksək maaşlı iş yerlərinin azlığını nəzərə alsaq, bu vəziyyət işçinin əlinə çatan xalis maaşın azalmasına gətirib çıxara bilər".
"Şikayət etsə, sadəcə işini itirəcək"
S.Şıxı deyir ki, Azərbaycanda işçilərin öz hüquqlarını tələb etməməsinin əsas səbəbi işsiz qalmaq qorxusu və şikayətlərin nəticə verəcəyinə inamsızlıqdır: "Problem ondadır ki, şirkətlərin hansısa məmurla və ya güclü şəxslə əlaqəsi olur. İşçi də buna görə çəkinir. Düşünür ki, şikayəti heç nəyi dəyişməyəcək, əksinə, işini itirəcək. Azərbaycan kimi məhdud əmək bazarında isə işsiz qalmağın ona nə qədər baha başa gələcəyini yaxşı bilir".