Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Yerevanda parlamentin spikerini döyüblər


Nikol Paşinyan
Nikol Paşinyan

Noyabrın 10-da səhər saat 5-dən Ermənistan Silahlı Qüvvələri Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə birlikdə üçtərəfli sazişin özlərinə aid hissəsinin icrasına başlayırlar. Bu haqda Ermənistanın Müdafiə Nazirliyinə istinadla AzadlıqRadiosunun Ermənistan xidməti yazır.

***

Yerevanda yüzlərlə insan şəhər mərkəzinə çıxaraq Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqda razılaşmanın bəzi bəndlərinə etiraz ediblər. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun “Amerikanın Səsi” ilə birgə “Currenttime” layihəsi xəbər verir.

Etirazçılar vətəndaşları onlara qoşulmağa çağırıb, “torpağı qaytarmarıq” şüarını səsləndiriblər.

“Novosti Armeniyi” agentliyinin müxbirinin verdiyi xəbərə görə, hökumət binalarına gedən yollara polis qüvvələri yerləşdirilib. Ancaq etirazçılar parlamentin spikeri Ararat Mirzoyanı avtomobildən çıxarıb döyüblər.

Hökumət binası tutulandan sonra Baş nazir Nikol Paşinyan Facebook sosial şəbəkəsində canlı efirə çıxıb. O, razılaşmanı imzalamaqdan başqa yolu qalmadığını deyib. Paşinyan deyib ki, iğtişaşlarda əli olanlar məsuliyyətə cəlb ediləcək: “Ermənistanda xaos olmayacaq!”

Noyabrın 10-na keçən gecə əldə olunmuş razılaşmaya görə, Azərbaycan Dağlıq Qarabağa daxil olmayan ərazilər üzərində nəzarətini bərpa edir, regiona Rusiya sülhməramlıları yerləşdirilir.

Noyabrın 9-da separatçı rejim Qarabağın mərkəzi Xankəndinin 10 kilometrliyində yerləşən Şuşaya nəzarəti itirdiklərini təsdiqləyib. Prezident İlham Əliyev bir gün öncə – noyabrın 8-də Şuşanın işğaldan azad olunduğunu açıqlayıb.

***

AzadlıqRadiosu-nun Ermənistan xidməti artıq Rusiyanın Dağlıq Qarabağa sülhməramlıları göndərdiyini xəbər verir. Rusiya XİN-dən əldə olunan məlumata görə, sülhməramlılar Qarabağa Ulyanovsk aerodromundan İl-76 təyyarələri ilə yola salınıb.

XİN-dən verilən məlumata görə, rus hərbçiləri Dağlıq Qarabağda təmas xəttində, eləcə də Laçın dəhlizi boyunca yerləşdiriləcək. Sülhməramlı əməliyyatların komandanlığı Xankəndində yerləşəcək.

***

Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladığı razılaşma artıq Yeravanda narazılıq yaradıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da səhər tezdən sosial media postunda razlılaşmanın imzalandığını elan edib. O deyib ki, Rusiya və Azərbaycan prezidentləri ilə gecə saat 1-dən başlayaraq Dağlıq Qarabağda müharibənin “başa çatması” haqda saziş imzalayıb.

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev razılaşmanın imzalandığını təsdiqləyiblər. Sənəddə Rusiya sülhməramlılarının bölgədə uzun müddətə yerləşdirilməsi nəzərdə tutulur.

“İnanırıq ki, əldə olunmuş razılaşma Dağlıq Qarabağ ətrafındakı böhranın ədalətli əsaslar və Ermənistan və Azərbaycan xalqının maraqlarına uyğun olaraq uzunmüddətli və hərtərəfli həllindən ötrü gərəkən şərtlər yaradacaq”, – Putin bəyanatında deyib.

***

Ermənistanın Baş nazir Nikol Paşinyan bəyanatında deyib ki, növbəti günlərdə daha artıq informasiya verəcək. Onun sözlərinə görə, razılaşma “indiki vəziyyətdə ən yaxşı həll yoludur”.

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutyunyan deyib ki, “mövcud ağır vəziyyətdə” əməliyyatları dayandırmaq, separatçı anklavı tamamilə itirməmək üçün Paşinyanla razılığa gəliblər.

Razılaşmanın əldə olunması Yerevanda etirazlara səbəb olub, minlərlə etirazçı hökumət binalarına girib, müxalifət isə Paşinyanı istefaya çağırıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə Putinlə videogörüşündə deyib ki, üçtərəfli razılaşma münaqişənin həllində vacib məqam olacaq. O, çıxışında qeyd edib ki, Türkiyə də atəşkəsə nəzarət üçün sülhməramlı missiyasına qatılacaq.

Son günlər Dağlıq Qarabağdan Ermənistana minlərlə insanın qaçdığı xəbər verilir, anklavı Ermənistana bağlayan əsas yolda tıxac yaranıb.

***

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Dağlıq Qarabağdakı döyüşlərin noyabrın 10-dan dayandırılması barədə Rusiya və Azərbaycanla saziş imzalayıb.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, noyabrın 10-u, erkən saatlarda verilmiş bu bəyanatdan əvvəl Dağlıq Qarabağ bölgəsindəki Azərbaycan silahlı qüvvələri böyük əraziləri nəzarət altına alıblar.

Azərbaycan qüvvələrinin Stepanakertə yaxınlaşdığına dair xəbər yayılıb.

Paşinyan özünün Facebook səhifəsində yazıb ki, o müharibəyə yerli vaxtla səhər 10-da son qoyulmasına dair Rusiya və Azərbaycan prezidentləri ilə razılığa gəlib:

“Mən özüm üçün və bizim hamımız üçün çox çətin qərar qəbul etmişəm. Mən bu qərarı hərbi vəziyyətin dərin təhlilindən və bunu hamıdan yaxşı bilənlərin qiymətləndirməsindən sonra qəbul etmişəm”.

Ermənistan baş naziri əlavə edir ki, bu razılaşma “hazırkı vəziyyətdə mümkün olan ən yaxşı həll yoludur”.

“Bu, qələbə deyil, amma sən özünü uduzmuş hesab edənədək məğlubiyyət də olmayacaq. Biz özümüzü heç vaxt uduzmuş saymayacağıq və bu bizim milli birlik və dirçəliş eramızın başlanğıcı olmalıdır”.

Paşinyan yazır ki, “biz müstəqillik illərimizi təhlil etməli, gələcəyimizi planlaşdırmalı bə keçmişin səhvlərini təkrar etməməliyik”.

Baş nazir yazır ki, o “əsgərlərin, generalların, könüllülərin qarşısında baş əyir”.

“Onlar öz fədakarlıqları ilə Qarabağ ermənilərini xilas ediblər. Biz sonadək mübarizə aparmışıq. Və biz qalib gələcəyik. Qarabağ ayaqdadır. Yaşasın Ermənistan, yaşasın Artsax!”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG