Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:04

'N.Paşinyan bu gün Rusiyaya güvənmir'


Azərbaycan, Qarabağ, Rusiya "sülhyaratma" bölməsinin əsgəri, 26 noyabr 2020
Azərbaycan, Qarabağ, Rusiya "sülhyaratma" bölməsinin əsgəri, 26 noyabr 2020

Azərbaycan prezidenti dəfələrlə münaqişənin bitdiyini və Ermənistanla sülh sazişinə hazır olduğunu deyib. Bu günlərdə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan da eyni fikirləri səsləndirib.

İyulun 22-də Ermənistanda Baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu deyib. Ermənistan mediasinin yazdığına görə, O, hökumətin iclasında bildirib ki, sülh və sabitliyin alternativi yoxdur :

«Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır".

Bir müddət əvvəl isə N.Paşinyan hökümətin iclasında Azərbaycanı aqressivlikdə ittiham etmişdi. O, bildirmişdi ki, Azərbaycan hökuməti regional kommunikasiyaları açmaq istəmir və Ermənistanı blokadada saxlamaq niyyətindədir.

Öz növbəsində Azərbaycan Prezident İlham Əliyev də dəfələrlə ölkəsinin Ermənistanla sülh müqaviləsinin inzalanması prosesini başlamağa hazır olduğunu bildirmişdi. Ancaq onun sözlərinə görə, Ermənistandan buna rəsmi reaksiya verilməyib."Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil.",deyə o vurğulamışdı.

Bəs görək, Azərbaycandakı təhlilçilər necə hesab edirlər, bundan sonra bu iki ölkə arasında sülh sazişi imzalanacaqmı? Hansı şərtlərlə bu reallaşa bilər?

Deputat: «Sülh olacaq»

Sabir Rustəmxanlı
Sabir Rustəmxanlı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı-nın «Turan» İnformasiya Agentliyinə deməsinə görə, Ermənistan da başa düşürük ki, sülhə alternativi yoxdur:

«Gec-tez iki qonşu respublika və yüz illər ərzində yanaşı yaşayan xalq arasında sülh olmalıdır. Bütün müharibələrin sonu sülhdür və onun alternativi yoxdur. Sülh olacaq».

Deputat qeyd edib ki, Ermənistanda radikal qüvvələr var və onlar məğlubiyyətlə barışmaq istəmir :

«Seçki dövründə (Bu ilin iyununda Ermənistanda parlament seçkiləri oldu ) onların səsini qazanmaq üçün N.Paşinyan müəyyən populist çıxışları edirdi. Belə çıxışlar ola bilər, amma N.Paşinyan öz dövlətinin imkanlarını bilir, beynəlxalq vəziyyət, Avropa Birliyinin, Rusiyanın mövqeyi də göz qabağındadır. N.Paşinyan da ölkənin gələcəyini fikirləşir və onun başqa cür danışmağa imkanı yoxdur».

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Nikol Paşinyanın ritorikasının dəyişməsinin bir neçə səbəbi var :

«Birincisi səbəb odur ki, Ermənistan müharibədə məğlub olub. Digər tərəfdən onun iqtisadi, insan resursları da məhduddur. Onun bu gün sülhdən başqa çıxış yolu yoxdur. Yəni, bu yolu seçməyə məcburdur».

«Bölgədə söz sahibi olan Rusiyanın Azərbaycana marağı daha çoxdur nəyinki Ermənistana »
Onun sözlərinə görə, N. Paşinyanın xarici siyasəti hələ ki, bəlli deyil :

«Biz diqqətlə baxsaq görərik ki, bölgədə söz sahibi olan Rusiyanın Azərbaycana marağı daha çoxdur nəyinki Ermənistana. Mən əsla demirəm ki, bu Azərbaycan üçün yaxşı əlamətdir, amma hər bir halda reallıq budur. Ona görə də N.Paşinyan bu gün Rusiyaya güvənmir».

Ərəstun Oruclu
Ərəstun Oruclu

Ekspertin fikrincə, üçüncü səbəb odur ki, N.Paşinyanın «sülhə alternativi yoxdur» deməklə çalışır Azərbaycan-Ermənistan sərhədində sülhməramlılarının yerləşdirilməsinə nail olsun:

«Bu işə Fransa maraq göstərir və Fransa bölgədə peyda olduğu halda O, N. Paşinyanı həm Rusiyadan qoruya bilər, həm də zərurət yarandıqda Azərbaycandan da».

Onun qənaətincə Nikol Paşinyan hərb variantını da istisna etmir .
Ə.Oruclu qeyd edib ki, Azərbaycan-Ermənistan arasında yaxın zamanlarda sülh mümkün olmayacaq :

«Çünki mübahisəli ərazi qalmaqdadır. Ermənistan Qarabağa iddiasından əsla imtina etməyib. Azərbaycan da öz ərazi bütövlüyü məsələsində güzəştə gedəsi deyil».

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG