Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Paşinyan bütün Ermənistanı silaha sarılmağa çağırır


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələsində diplomatik çözümün axtarışı tamamilə mənasızdır.

AzadlıqRadiosunun Erməni xidmətinin xəbərinə görə Paşinyan deyib ki, diplomatik həllə olan bütün ümidlərə hazırkı mərhələdə son qoyulub:

“Biz dəfələrlə demişik ki, bu məsələni kompromislər yolu ilə həll etməyə hazırıq. Amma bizim razı olduğumuzla və ya razı ola biləcəyimizlə Azərbaycan artıq razı deyil. Bu onu göstərir ki, hər hansı diplomatik həll barədə ən azı indiki mərhələdə danışmaq tamamilə mənasızdır”.

Ermənistanın baş naziri ölkəsi ilə Rusiya arasında olan əməkdaşlıq və qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib.

O deyib ki, Ermənistan Rusiyanın “erməni xalqına və Ermənistana müttəfiq dəstəyini hiss edir”.

“Azərbaycan Qarabağın kapitulyasiyasından başqa heç nəyə razı deyil”

Paşinyan deyib ki, indiki mərhələdə erməni xalqının məqsədi sonadək mübarizə aparmaqdır:

“Nəyin baş verməsindən asılı olmayaraq xalqımızın hüququ uğrunda mübarizə aparmaq lazımdır. Azərbaycanın mövqeyi nəzərə alınarsa, bizim xalqımızın hüququ uğrunda mübarizə aparmaq o deməkdir ki, hamı əlinə silah alıb vətənin müdafiəsinə getməlidir. Bunun səmərəli təşkilinə nail ola bilsək, biz son nəticəsə özümüz üçün məqbul diplomatik həllə nail ola bilərik. Azərbaycan bu gün deyir ki, Qarabağın kapitulyasiyasından başqa heç nəyə razı deyil”.

Paşinyan bildirib ki, mübarizəni bu məsələnin diplomatik yolla hər hansı məqbul variantına nail olunanadək davam etdirmək lazımdır.

Paşinyan deyib ki, bu diplomatik həll “son həll variantı” olmalıdır.

“Onların resursları çox, lap çox böyükdür...”

Ermənistan baş naziri şəhərlərin merlərini, kənd və icma liderlərini könüllü dəstələr yaratmağa çağırıb.

O deyib ki, bu dəstələr Ermənistan silahlı qüvvələri baş qərargahına tabe olmalıdır.

Paşinyan hazırda cəbhədəki vəziyyət barədə də məlumat verib:

“Bəli ön cəbhədə hazırda xeyli mürəkkəb, xeyli çətin vəziyyət yaranıb. Artsaxın (Qarabağın – red) bütün cənub hissəsində döyüş əməliyyatları davam edir. Düşmən döyüşə son resurslarını atır. Bəli, onların resursları çox, lap çox böyükdür, amma bizim qəhrəman əsgərlərimiz onların izahedilməz şəkildə böyük itkilər verməsinə nail olurlar”.

Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin bütün cəbhə xətlərində üstünlüyə malik olduğunu bildirir.

Hikmət Hacıyev Nikol Paşinyanın sözlərinə münasibət bildirib

“Ermənistanın baş nazirinin “münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyil ”.

AZƏRTAC-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev
Hikmət Hacıyev

Hikmət Hacıyev bildirib ki, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir:

“Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Azərbaycanın Gəncə şəhərini “SCUD” tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi, əslində, təəccüb doğurmamalıdır.”

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir:

“Prezident İlham Əliyev beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan edib...”

Onun fikrincə, Ermənistan rəhbərliyinin açıqlaması, eyni zamanda, münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir:

“Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG