Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:57

'Paşinyanın mövqeyi ilə Rusiyanın mövqeyində fərq yoxdur'


S.Lavrov və Z.Mnatsakanyan

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ tənzimləməsi bu regionun əhalisinin razılığı olmadan həyata keçirilə bilməz.

AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verib ki, o bu bəyanatı noyabrın 11-də Yerevanda həmkarı Zöhrab Mnatsakanyanla danışıqlardan sonra verib.

Qarabağın tənzimləmə prosesinə tamhüquqlu tərəf kimi daxil edilməsinə Rusiyanın münasibəti barədə suala cavab verərkən Lavrov deyib ki, danışıq iştirakçılarını tərəflər razılaşdırmalı və müəyyən etməlidirlər. S.Lavrov daha sonra da əlavə edib: «Biz həmsədrlər qrupu kimi bu prosesi davam etdirməklə yalnız ona nail ola bilərik ki, proses ümumi razılıq axarında getsin. Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma tərtib etmək mümkün olmayacaq. Ermənistan bunu, sadəcə olaraq, dəstəkləməyəcək».

XİN-dən Lavrova cavab

Bu açıqlamaya Azərbaycan rəsmilərindən, hələlik, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayeva münasibət bildirib. O deyib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir: «Yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan sərhədləri daxilində bölgənin hər iki - azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksəksəviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır».

İ.İsmayıl
İ.İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın AzadlıqRadiosuna bildirməsinə görə, S.Lavrovun bu bəyanatı o deməkdir ki, Azərbaycan hakimiyyəti atəşkəsdən sonrakı illərdə, xüsusilə V.Putin hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ məsələsini öz daxili işi olmaqdan çıxarıb, faktiki olaraq Rusiyanın öhdəliyinə verib:

«Bir az sonra deyəcək ki,...»

«Amma bu, məsələnin ATƏT-in Minsk qrupuna verilməsi kimi başa düşülə bilməz. ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan nümayəndələri S.Lavrov kimi belə ifadələr işlətmirlər. S.Lavrovun öz adından Dağlıq Qarabağla bağlı danışması ilk hadisə deyil. Bir dəfə də əvvəllər demişdi ki, «bu, artıq Azərbaycanin daxili işi deyil...».

Ekspert hesab edir ki, faktiki olaraq məsələni kökündən dəyişmək üçün Azərbaycan hakimiyyəti öz içində «inqilab» etməlidir və deməlidir: «Bu bizim daxili işimizdir... Ona görə də hesab edirəm ki, Lavrov hələ bundan artığını deyə biləcək».

O daha sonra əlavə edib: «Bir az sonra deyəcək ki, Dağlıq Qarabağ Rusiyanın protektoradır, Rusiyanın ərazisidir, Belə-belə sözlər deyəcək, biz də qalacağıq belə. Bütün bunlar hamısı Azərbaycan hakimiyyətinin, Azərbaycan diplomatiyasının uğursuzluğunun təntənəsidir».

Q.Hüseynli
Q.Hüseynli

«Bütün qırmızı xətləri aşan»

Politoloq Qabil Hüseynlinin «Turan» agentliyinə deməsinə görə isə, bu, siyasi etikadan uzaq, bütün qırmızı xətləri aşıb keçən və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş absurd bir bəyanatdır: «Biz əvvəl də ehtimal edirdik ki, danışıqları pozan S.Lavrov və onun komandasıdır. Bununla bağlı dəfələrlə fikri bildirmişik. Amma Rusiya, deyəsən, artıq açıq kartlarla oynamağa başlayır».

Q.Hüseynli onun fikirlərini Ermənistanın ilhaqçı siyasətinə açıq dəstək vermək kimi dəyərləndirir: «Belə təsəvvür yaranırdı ki, danışıqlar prosesində N.Paşinyanın «Artsax adından danışmaq səlahiyyətim yoxdur» cümləsini də elə Lavrov ona pıçıldayıb. Hazırda problemin həllinə dair Paşinyanın mövqeyi ilə Rusiyanın mövqeyi arasında heç bir fərq yoxdur, bu mövqelər tam üst-üstə düşür. Belə qənaətə gəlmək olar ki, artıq Rusiya prosesə tam nəzarət etmək qərarına gəlib. Bu prosesi də öz bildiyi, yozduğu müddəalarla həyata keçirməyə çalışır».

Politoloq hesab edir ki, Azərbaycan tərəfi bundan sonra ATƏT-in vasitəçilik səyləri üzərində düşünməlidir. Onun fikrincə, ən azından ATƏT-in Minsk qrupu tərkibində müəyyən dəyişikliklərin edilməsinə səy göstərməli və S.Lavrovun bu mövqeyi ilə bağlı Rusiyadan izahat tələb edilməlidir.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.​

Günün bütün mövzuları

XS
SM
MD
LG