Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:39

Pərvanə Əhmədova: 'Hər kəsə cavab verməkdən tükəndim'


P.Əhmədova
P.Əhmədova

Müxalifətin son piketində ölkə prezidentinin əleyhinə səsləndirdiyi fikirlərlə sosial mediada populyarlaşmış Pərvanə Əhmədova AzadlıqRadiosuna danışıb. O, son iki gündə naməlum şəxslər tərəfindən oğurlanması, ona hədə-qorxu gəlinməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

«Elə şey yoxdur, şükürlər olsun. Sağ-salamatıq, nəfəsimiz də gəlir», – Əhmədova söyləyib.

«Hamamın pəncərəsi əvvəldən olmayıb»

O, son günlər KİV-də yaşadığı evin boş, qapısının açıq qalması, pəncərəsinin sındırıldığı əks olunan videogörüntülərə də aydınlıq gətirib: «Yəqin hamamın pəncərəsini nəzərdə tuturlar. Oranın şüşəsi əvvəldən olmayıb. Qapının da qıfılı yoxdur, daim açıqdır. Bir mismardır vurmuşuq. Onunla bağlayırıq. Heç bir təxribat-zad yoxdur, şükür olsun Allaha. Hər şey normaldır».

P.Əhmədova, sadəcə, son günlər çoxsaylı zənglərdən yorulduğunu, buna görə də evdən getdiyini bildirir. Onun sözlərinə görə, hazırda qohum evində dincəlir:


«Tükənmişdim. Söz-söhbətdən beynim çox yorulmuşdu. Bir az istirahətə ehtiyacım var idi. Taqətim yox idi, ağzımı açmağa halım qalmamışdı. Mən 48 saat, gecə-gündüz yatmadım, gələn zənglərə cavab verirdim. Ona görə də bir müddət uzaqlaşmaq istədim, telefonu söndürdüm. Özüm xəstəyəm. Əvvəldən bitkin durumdaydım. İndi də bu söz-söhbət, suallar, cavablar, aləm qarışdı... Hər kəsə cavab verməkdən tükəndim. Hazırda dincəlirəm. Həm də zökəm oldum möhkəm. Uşaqlar idarə edir məni. Bilmirəm özümə nə vaxt gələcəm. Söz-söhbət yatışsın, sonra üzə çıxacam. Sizinlə danışıram bədənim əsir, vibrasiyadadır elə bil».

«Sorğu-sual olunmuşam tanımadığım insanlar tərəfindən»

P.Əhmədova ona rəsmi qurumlar və ya hər hansı şəxslər tərəfindən təzyiq olmadığını da bildirir: «Hərənin öz müstəqil fikri var. Mən də fikrimi demişəm. Məni heç kim doldurmayıb, ya təxribata getməmişəm. Bu cəhətdən də heç kəsdən təhdid almamışam. Sorğu-sual olunmuşam tanımadığım insanlar tərəfindən. Tanımadığım insanlar danışıblar mənimlə».

O, «piketdə səsləndirdiyiniz fikirlərinizdə dəyişiklik varmı» sualını bu şəkildə cavablandırıb: «Elə bir şey yoxdur. Nəsə fikirləşəcək durumda da deyiləm. Həyatım necə var elədir. Hələlik dəyişən bir şey yoxdur, olduğu kimi qalır. Ora da sosial problemlərimə görə getmişdim».

P.Əhmədova ona müxtəlif ölkələrdən dəstək vermək istəyənlərin olduğunu, artıq iki nəfərin konkret maddi yardım göstərdiyini də əlavə edir.

Bu xanım oktyabrın 8-də Milli Şuranın təşkil etdiyi aksiyada iştirak edib. Orada hakimiyyətin ünvanına bəzi tənqid fikrilər səsləndirib, prezident İlham Əliyevin tərəfdarı ilə mübahisə edib. Bu söhbətin əks olunduğu görüntülər sosial mediada onu fenomenə çevirib. O, çoxsaylı kanallara, eləcə də AzadlıqRadiosuna müsahibələr verib, piketə sosial problemlərinin həll olunması üçün getdiyini bildirib. Onun sözlərinə görə, özünün və övladlarından birinin səhhətində problemlər var, bu səbəbdən işləyə bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG