Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:36

Qoyun verməmək üçün 'oyun' qurulub?


Aqil Məmmədov
Aqil Məmmədov

"Dörd ildir ki, prezidentə, başqa rəsmilərə müraciət edirəm. Deyirəm, ya mənə iş verin, ya da ailə təsərrüfatımı qurmaq üçün imkan yaradın. Nə iş verirlər, nə də qoyun…". İmişlinin Bəcirəvan kəndində yaşayan Aqil Məmmədov belə deyir. O, 2010-2017-ci illərdə İmişli Şəkər Zavodunda fəhlə işlədiyini söyləyir: "2017-ci ildə İmişli Şəkər Zavodunda kütləvi ixtisar oldu. Amma bizdən ərizə alındı və əmək kitabçamızda qeyd olundu ki, işdən öz arzumuzla çıxmışıq".

Məmmədov yerli məşğulluq idarəsinə müraciət edərək "Özünüməşğulluq" proqramına yazıldığını bildirir. Deməsinə görə, bir müddət bundan xəbər çıxmayıb.

Prezidentə yazılan məktubun sorağı…

2021-ci ilin sentyabrında Məmmədov Azərbaycan prezidentinə "səmimi məktub" yazdığını söyləyir. Məktubda dörd nəfərdən ibarət ailəsinin, yaşlı valideynlərinin və yataq xəstəsi olan bacısının ümidinə qaldığını yazıb. Deməsinə görə, üstündən iki həftə ötəndən sonra onu İmişli Şəkər Zavoduna çağırıblar: "Getdim. Amma mənə münasib iş təklif olunmadı...".

Həmin ay ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin yerli filialından da çağırış gəldiyini bildirir: "Çoxdan xəbər gözlədiyim özünüməşğulluq proqramı ilə əlaqədar çağırmışdılar. Təlimə cəlb edildim. Ev təsərrüfatıma baxdılar, diaqnostik qiymətləndirmədən uğurla keçdim. Gözləyirdim ki, tezliklə mənim ailəmə dövlət hesabına 21 baş qoyun veriləcək. Aylarla gözlədim, vermədilər...".

Dövlət Məşğulluq Agentliyindən rəsmi cavab
Dövlət Məşğulluq Agentliyindən rəsmi cavab

"Qoyun verməmək üçün…"

Məmmədov deyir, aktivlərin verilməməsinə görə dəfələrlə məşğulluq idarəsinə gedib, qaynar xətlərə zəng edib. Nəhayət, Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan filialından ona göndərilən rəsmi cavabda imtinanın səbəbi yazılıb: "Sizin 11 noyabr 2021-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək "Qida Aqro" MMC ilə aktiv əmək müqaviləniz aşkarlandığı üçün…. "Özünüməşğulluq" proqramından kənarlaşdırılmısınız".

"Qida Aqro" MMC "Azərsun Holdinq"in törəmə müəssisəsidir. Məmmədov həmin müəssisə ilə əmək müqaviləsi bağlamadığını və oradan 1 qəpik də olsun əməkhaqqı almadığını iddia edir. Deməsinə görə, rəsmi cavab onda xeyli suallar doğurub: "Əgər şirkət sadəcə müqavilə bağlayıb, lakin məni işlətməyibsə, əməkhaqqı, ya məcburi boşdayanmaya görə ödəniş etməliydimi? Ortada iş, əmək fəaliyyəti, əməkhaqqı, digər hər hansı ödəniş olmadığı halda, müqavilə aylarla qüvvədə qala bilərdimi? Agentlik qoyun verməmək üçün belə oyun qurubsa, adıçəkilən şirkət niyə bu saxtakarlığa gedib? Əgər belə bir müqavilə olmayıbsa, burada cavabdeh dövlət orqanının, bu işə məsul vəzifəli şəxsin məsuliyyəti varmı?".

'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

İşəgötürən: "Bizim belə işçimiz olmayıb"

"Qida Aqro" MMC-nin Kadrlarla iş şöbəsinin müdiri Xəyyam İbrahimov Aqil Məmmədov ad-soyadlı işçilərinin olmadığını deyir: "Burada nəsə texniki səhv baş verib. Bir müddət əvvəl də bu şəxslə bağlı maraqlanılıb. Biz araşdırdıq, belə bir işçimiz olmayıb. Ümumiyyətlə, müqavilə bağladığımız işçilər uzağı növbəti gün işə başlayıb, daha günlər, aylar çəkməyib".

Agentlik: "Müqavilə olub, indi də sistemdə qalır"

Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev isə texniki səhvlə bağlı deyilənlərlə razılaşmır: "Aqil Məmmədovla "Qida Aqro" MMC arasında aktiv əmək müqaviləsi olub və hazırda da sistemdə görünür. Müqavilə barədə bildiriş elektron informasiya sisteminə işəgötürən tərəfindən yüklənir. Vətəndaş həqiqətən bu müqaviləni imzalayıb, ya imzalamayıb, o müəssisədə işləyib, ya işləməyib, bu məsələləri digər qurumlar araşdırmalıdır".

Bakı camaatına dibçəkdə gül verirlər ki, qulluq eləsin...
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Hüquqşünas: "...əməkhaqqı almalı idi"

"Mil" İmişli icmasının hüquqşünası Vazeh Zahidov isə deyir ki, əmək müqaviləsi işçinin işə başlamasını bildirən sənəddir: "Əmək Məcəlləsinə görə, əmək müqaviləsində işçinin vəzifəsi, işə başlamalı olduğu gün mütləq göstərilməlidir. Deməli, bu tip müqavilə formal olaraq mövcud ola bilməz. Əmək müqaviləsi bağlanan andan işçinin hüquqları yaranıb. O, işə cəlb edilməyibsə belə, müqavilə qüvvədə olduğu dövrdə əməkhaqqı almalı idi".

Zahidov hesab edir ki, işəgötürənin bu müqaviləni birtərəfli qaydada qüvvədən salmağı da qanunvericiliyə uyğun gəlmir.

Xatırlatma

Azərbaycanda 2016-cı ildən icrasına başlanılan Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarını yaratmaq üçün natura şəklində mal, material və ya digər əmlak verilir. Təkcə 2023-cü ildə 17 minə yaxın vətəndaşın Özünüməşğulluq proqramına cəlb ediləcəyi bildirilib.

XS
SM
MD
LG