Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

'Agentlikdən aparat istədim, cavab gələnə kimi zeytunlar qurudu'


Çörəyi zeytundan çıxanlar
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Çörəyi zeytundan çıxanlar (Video arxiv. 2017)

Sehran Qasımov 10 ilə yaxındır ki, işsizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi rəsmi qeydiyyata alınsa da, ötən dövrdə özünə uyğun iş ilə təmin edilməyib. O deyir ki, təklif edilən işlər ya yaşına uyğun olmayıb, ya da maaşı altı nəfərlik ailəni dolandırmağa bəs etməyib.

Son çarə olaraq həyətindəki zeytun ağaclarının barından qazanmaq üçün Dövlət Məşğulluq Agentliyindən (DMA) kömək istəyib, amma bu dəfə də bəxti gətirməyib.

"Düşündüm ki, yağ tutub sataram"

"Özüm Bakı Dövlət Universitetinin kimya-biologiya ixtisasını bitirmişəm, uzun illər dövlət işlərində yaxşı vəzifələrdə çalışmışam. Sonra bəzi səbəblərdən ayrıldım, ticarət ilə məşğul oldum. 58 yaşım var, özümü biləndən də boş-bikar qalmamışam. Sonradan iş tapa bilmədim, Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Amma müraciətlərim hələ də cavabsız qalır", - Qasımov AzadlıqRadiosuna müsahibəsində deyib.

Azərbaycanda işsizlərin sayı

Azərbaycanda rəsmi rəqəmlərə görə, işsizlərin sayı 307 min nəfərdir, yəni, işsizlik səviyyəsi 5.76 faizdir. Rəsmilər Azərbaycanda yoxsulluğun səviyyəsinin təxminən 5 faiz olduğunu deyirlər. Müstəqil iqtisadçılar isə bu rəqəmlərin daha çox olduğunu bildirirlər. Pay torpağı olanların, evdar qadınların işsiz sayılmaması və digər bu kimi amillər hökumətə işsizliyin gerçək səviyyəsini gizlətmək imkanı verir.

Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təzəlikcə açıqladığı rəqəmlər ölkədə iş tapmaqla bağlı çətinlikləri açıqca göstərir. Belə ki, Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür, 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır.

Bakının Binə qəsəbəsində yaşayan Qasımov danışır ki, uyğun iş tapmağa kömək olmayan agentlikdən zeytun yağı istehsalı üçün yardım istəyib, amma bu dəfə də əliboş qayıdıb. "Həyətdə dörd-beş zeytun ağacı var ki, hamısından da yaxşı məhsul yığıram, özüm üçün duza qoyub, qohum-əqrəbaya da verirəm. Düşündüm ki, yağ tutub sataram, həm həyət məhsulu istəyənlər faydalanar, həm də çörəkpulu qazanaram. Amma agentlik "yardım edəcəyik", "müraciətə cavab verəcəyik" deyərək uzun müddətdir ki, məni yola verir. Ötən ildən cavab gözləyirdim, zeytun qurudu, cavab gəlmədi. Məcbur qalıb indi duza qoyuram, bəlkə, kimsə eşidər, alar", – o əlavə edib.

"Agentlik get-gedə saldı"

Kimliyini anonim saxlayan 40-yaşlı xanım da AzadlıqRadiosuna Dövlət Məşğulluq Agentliyindən gileylənib. Onun sözlərinə görə, nə iş tapa, nə də iş qurmaq üçün avadanlıq ala bilir.

"Onsuz da kasıb adamam, hər dəfə oğul-qız əlinə baxmağa möhtacam. İstədim ki, pensiya yaşıma kimi işləyim, ya da 17 yaşımda öyrəndiklərimi işə salım, DMA-dan avadanlıq alım. Avadanlıqlarım olsa idi, toxuculuq ilə məşğul olardım. Növbəyə düşsəm də, nə avadanlıqları aldım, nə də bir xəbər verdilər. Onsuz da təklif edilən işlər ya məsafə, ya maaşa görə uyğun olmur. Agentlik get-gedə saldı, yaş elə artır ki, birazdan onsuz da toxumağa görən gözüm qalmayacaq", – o söyləyib.

T.Maşallı
T.Maşallı

DMA inək, qoyun verməklə məsələnin həll olunduğunu düşünür

İqtisadçı-ekspert Toğrul Maşallı AzadlıqRadiosuna deyib ki, özünüməşğulluq proqramı kənd təsərrüfatı sahələrini əhatə etməklə yekunlaşır.

"Özünüməşğulluq yalnız kənd təsərrüfatına köməklə məhdudlaşmalı deyil. Proqram digər sahələri də əhatələməlidir. Amma bizdə agentlik inək, qoyun, keçi verməklə işini gördüyünü düşünür. Təəssüf ki, bu, belə deyil. Hətta gələn il üçün 100 faiz kənd təsərrüfatını əhatə etmək nəzərdə tutulub ki, bu, tamamilə, yanlışdır və qeyri-effektiv olacaq", – o deyib.

Onun sözlərinə görə, gələnilki büdcə layihəsində torpaq payı olanlar da işsiz sayıla biləcək. Lakin ekspert bunun özünüməşğulluq proqramından yararlanacaq şəxslərin sayını artıracağına inanmır. O, köklü islahatları vacib sayır.

Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Deputatlar da narazıdır - Özünüməşğulluq xidməti də özünü doğrultmur

Milli Məclisin deputatı Razi Nurullayev noyabrın 17-də parlamentin iclasında məşğulluq mərkəzlərinin fəaliyyətinin qənaətbəxş olmadığını dilə gətirib.

"Aidiyyəti üzrə göndərdikləri iş yerlərinin 95 faizində vakansiya az qala iki aydır ki, tutulmuş olur. Amma müsbət həll olundu kimi qarşısına "üstəgəl" işarəsi qoyulur və o vətəndaşın evi yıxılır. Çünki bu yalançı "üstəgəl" işarəsi onun bütün instansiyalara qapısını bağlayır. Belə çıxır ki, dövlət idarələri, özəl şirkətlər, digər qurumlar bir-birini aldatmaqla məşğuldur? Bizə isə yalan rəqəmlər yox, narazı insanların sayını azaldacaq real nəticələr lazımdır. Özünüməşğulluq yardım deyil, biznes fəaliyyətidir", – deyən Nurullayev deputatların komissiya yaradaraq monitorinq və sorğu aparmasını təklif edib.

F.Mustafa
F.Mustafa

Deputat Fazil Mustafa da AzadlıqRadiosuna müsahibəsində DMA-nı "insanları yola vermək üçün nəzərdə tutulan", insanların vaxt itkisinə səbəb olan qurum adlandırıb: "Vətəndaşlar müraciət edir, onlara elə iş təklif olunur ki, insanlar bir daha yolunu oradan salmır. Maaş aşağı, şərtlər isə çətindir. Mahiyyətcə məşğulluq proqramları fərqli idarə olunmalıdır. Azərbaycanda da bu, dövlətə deyil, özəl biznes qurumlarına, sahibkarlara həvalə edilməlidir. Dövlət öz üzərinə götürəndə maaşlar aşağı olur. Amma özəl sektora tapşırılsa, sistem daha yaxşı işləyər. Bu məsələ müzakirəyə çıxarılmalı, islahatlar aparılmalıdır".

Agentlikdən cavab – Özünüməşğulluq 5 ildə 13 dəfə genişlənib

Dövlət Məşğulluq Agentliyindən (DMA) AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildiriblər ki, 2021-ci ildə proqrama 16 min 232 şəxs cəlb edilib. Bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 13.6 dəfə artım deməkdir. Qurumun açıqlamasına görə, 2020-ci ildə 12 min, bu ilin 9 ayı ərzində isə 12 min 758 nəfər özünüməşğulluq proqramına cəlb edilib.

Bakı camaatına dibçəkdə gül verirlər ki, qulluq eləsin...
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

DMA nizamnaməsinə əsasən, özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata düşənlər müraciət edə bilər.

"2022-ci ilin yanvar-sentyabrında 77.7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 26.2 min şəxs münasib işlərlə təmin edilib, 12 min 758 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən bu ilin 9 ayında həmçinin 3 mindən çox işsiz şəxs peşə hazırlığına cəlb edilib. Qeyd olunan dövrdə 35.3 min şəxsə peşəyönümü xidmətlər göstərilib", – qurum AzadlıqRadiosunun sorğusuna cavabda qeyd edib.

Vurğulanıb ki, narazı vətəndaşlar onlarla ilə əlaqə saxlayıb problemlərini deyə bilərlər.

"Məsələn, vətəndaşın qeyd etdiyi istiqamət (zeytundan yağ çəkmək üçün aparatla təminat) özünüməşğulluq zərflərinin siyahısında hazırda mövcud deyil. Lakin proqram çərçivəsində vətəndaşlara təqdim edilən biznes istiqamətləri üzrə istənilən vaxt proqrama müraciət edə bilər", – qurumdan deyilib.

Lakin agentlik digər tənqidlərə cavab verməyib.

Yenidən müraciət...

Sehran Qasımov isə Dövlət Məşğulluq Agentliyinə sayını itirdiyi növbəti müraciətini edəcəyini deyir.

"Allahdan ümid kəsilməz deyirlər. Yenidən müraciət edəcəyəm. Bəlkə, bu dəfə ya iş ilə təmin edərlər, ya da iş qurmağa yardım göstərərlər", – o bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG