Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:34

Azərbaycanda özəl pensiya fondlarına güvənən olacaqmı?


İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…'

Azərbaycanda özəl pensiya fondlarının yaradılması uzun illərdir müzakirə mövzusudur. Hətta 2012-ci ildə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası"nda da bu fondların qurulacağı vəd edilirdi. Konsepsiyanın əhatə dövrünün bitməsindən üç il ötüb, ancaq hələ də ölkədə özəl pensiya fondları fəaliyyətə başlamayıb.

Bugünlərdə Milli Məclisin üzvü Vüqar Bayramov mediaya açıqlamasında bildirib ki, özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür. Hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq.

İstər-istəməz, "özəl pensiya fondlarının hansı faydası var" sualı ortaya çıxır. Belə fondlar imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl pensiya fondundan da pensiya ala bilsin. Başqa deyimlə, vətəndaşın bir deyil, iki mənbədən vəsait alması pensiya məbləğinin artmasına gətirib çıxarır. Bundan ötrü vətəndaşlar çalışarkən sosial ödənişlər ödəməklə yanaşı, gəlirinin bir bölümünü də həmin fondlara köçürür. Bu fondların işi vətəndaşlardan toplanan vəsaiti yatırmaq hesabına pul qazanmaqdır. Deməli, həmin fondlar vətəndaşların ödədiyi vəsaitlə investisiya fəaliyyəti göstərib gəlir götürür və əvəzində o vətəndaşlar pensiya yaşına çatınca bu gəlir hesabına ödədiyi vəsaitdən əlavə pul qazanmaq imkanına sahiblənir.

İş yeri və maaşlar azdır

Özəl pensiya fondlarının fəaliyyətə başlamasından hökumətin böyük gözləntiləri var. Di gəl, "ölkə iqtisadiyyatının mövcud durumu belə fondların səmərəli fəaliyyətinə nə dərəcədə imkan verir" sualı mütləq gündəmə gəlir. Azərbaycanda muzdlu işçilərin sayı azdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, hazırda ölkədə muzdla - aylıq maaş əsasında təxminən 1.7 milyon nəfər çalışır. İqtisadi fəal əhalinin sayının təxminən 5.3 milyon nəfər olduğu nəzərə alınsa, bəlli olur ki, Azərbaycanda iqtisadi fəal əhalinin cəmi 32 faizi muzdlu işçilərdir. Müqayisə üçün: inkişaf etmiş ölkələrdə bu göstərici 80-90 faiz, əksər region ölkələrində isə 60-70 faizdir.

Azərbaycanda muzdlu işçilərin say azlığının iki başlıca səbəbi var. Bunlardan biri kölgə iqtisadiyyatıdır. Ölkədə yetərincə çox sayda iş yerində vergidən yayınmaq üçün işçilərlə əmək müqaviləsi bağlanmır. Bu məqam həmin işçiləri sosial haqlardan məhrum edir. Digər tərəfdən, axı Azərbaycanda iş yerlərinin sayı da çox deyil. Hökumət bölgədə iş yeri sayını artırmasa, qeyri-rəsmi məşğulluq sona çatmasa, özəl pensiya fondlarının səmərəliliyi də aşağı olacaq. Axı bu fondların xidmətinə ehtiyacı olan şəxslər, əsasən, məhz muzdlu işçilərdir. Belə işçilərin sayca azlığı fondların gəlir imkanlarını azaldacaq.

İş yeri azlığı ilə yanaşı, ölkədə orta aylıq əməkhaqqı məbləği də çox deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, hazırda Azərbaycanda median əməkhaqqı 459 manatdır. Deməli, aylıq maaş əsasında çalışan həmin 1.7 milyon nəfərin tən yarısı 459 manatdan az maaş alır. Hazırda ölkədə maaş alan şəxslərin böyük hissəsinin gəliri heç onların aylıq xərclərini qarşılamağa yetmir. Bu baxımdan, həmin işçilərin onsuz da az olan gəlirlərinin bir bölümünü də özəl pensiya fondlarına köçürməkdə maraqlı olacağı inandırıcı deyil. Ölkədə özəl investisiya fondlarına marağın artması üçün insanların gəlirləri onların xərcləri üstələməlidir və bu məqam çox önəmlidir.

Özəl pensiya fondlarının riskləri

Özəl pensiya fondları vətəndaşlardan toplanan vəsaitləri investisiyalara da yönəltməlidir. Həmin investisiya ortamı baxımından da Azərbaycandakı durumu cəlbedici saymaq olmaz. İnvestisiya şirkətlərinin əsas fəaliyyət yönlərindən biri olan qiymətli kağızlar bazarı ölkədə zəif inkişaf edib. Eyni zamanda, bazarda əsas yeri özəl yox, dövlət sektoru tutur. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanın qiymətli kağızlar bazarında 15 milyard 563 milyon manatlıq əməliyyat aparılıb. Bazarda qeyri-adi artım trendləri də gözə çarpmır. Əksinə, ötən il qeydə alınan göstərici 2021-ci illə müqayisədə 7.8 faiz azdır. Hesabat dövründə qiymətli kağızlar bazarında 11 min 18 əqd bağlanılıb. Bu, illik müqayisədə 12 faiz azdır. Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 53.4 faizi dövlət qiymətli kağızlar bazarının, 14.1 faizi korporativ qiymətli kağızların, 32.5 faizi repo əməliyyatlarının payına düşüb.

Beləcə, mövcud rəqəmlər göstərir ki, Azərbaycanın daxili maliyyə bazarlarında fəaliyyət investisiya şirkətləri üçün heç də böyük gəlirlər vəd etmir. Bu baxımdan, ölkədə biznes ortamının gəlişməsi, dolayısıyla maliyyə bazarlarının inkişafı da özəl pensiya fondlarının effektiv fəaliyyəti üçün çox vacibdir. Bütün bu dəyişikliklər baş vermədən pensiya fondları, olsa-olsa, çox məhdud sayda vətəndaşın yararlanacağı bir xidmətə çevrilə bilər.

Düzdür, bu şirkətlər xarici maliyyə bazarlarında da fəaliyyət göstərə bilərlər. Həmin bazarlar daha çox gəlir əldə etmək imkanı versə də, unutmaq olmaz ki, bu fəaliyyətin riski də yüksəkdir. Belə olan halda, həmin pensiya fondlarının gələcək fəaliyyətində üzləşə biləcəkləri çətinliklər onların müştərilər qarşısında öhdəliklərini gerçəkləşdirmələrini risk altında qoya bilər. Bu risk amillərinin nəzərə alınması, hökumətin özəl pensiya fondlarının fəaliyyəti ilə bağlı sığorta mexanizmlərini tətbiq etməsi müştərilərin bu fondlara güvən göstərməsi baxımından çox önəmlidir.

XS
SM
MD
LG