Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:18

Məscidlərdən 'yolka pulu' istəyirlər


Buxara
Buxara

Yeni il bayramı ərəfəsində Özbəkistanın mərkəzində yerləşən Buxara vilayətində məscidlərin imamlarını küçələrin bəzədilməsi işinə pul ayırmağa məcbur edirlər.

Özbəkistan rəsmiləri Buxara əyalətindəki yüzdən artıq məsciddən milyonlarla som vəsait tələb ediblər.

Buxara məscidlərindən birinin anonimlik şərtilə danışan işçisi AzadlıqRadiosunun özbək xidmətinə deyib ki, şəhərdəki 25-dək məscidə küçələrin bəzədilməsi üçün 30 milyon som (3680 dollar) vəsait toplamaq tapşırılıb.

Ancaq yerli məmurlar radionun sualına cavab olaraq israr edirlər ki, həm məscidlərin, həm də digər idarə və müəssisələrin ianələri tamamilə könüllüdür.

30 milyon hara xərclənə bilərdi

«Bütün yerli təşkilatlar, o cümlədən dini qurumlar küçələrin bəzədilməsi üçün bayram dekorasiyalarının alınmasına könüllü pul ianə edirlər», – deyə Buxara şəhər administrasiyasının adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

«Buxara tarixən dini ziyarət (pir) şəhəri sayılıb. İnsanlar şəhərin müqəddəs yerlərindəki nəzir qutularına pul qoyurlar. Heç bir din xadimi bu ianələrin kiçik bir hissəsini Yeni il bəzəklərinin alınması üçün hökumətə verməyə etiraz etmir», – deyə başqa bir şəhər rəsmisi israr edib.

Buxarada özbək xidmətinin əlaqə saxladığı imamların heç biri ianə məsələsi ilə bağlı şərh vermək istəməyib.

Əhalisinin ümumi sayı 30 milyon nəfər olan Özbəkistanın digər bölgələrində də məscidlərə buna bənzər təlimatların verilib-verilmədiyi haqda hər hansı məlumat yoxdur.

Daşkənddə Yeni il
Daşkənddə Yeni il

Ancaq ölkənin paytaxtı Daşkənddə nüfuzlu imamlardan biri olan Şermurod Togay deyib ki, «şəhərin gözəlləşməsinə pul ianə etməkdə pis bir şey yoxdur».

Bəzi vətəndaşlarsa məscidlərdən ianə tələb edilməsini ölkənin dini icmasına qarşı ədalətsiz məcburiyyət sayırlar. Onların fikrincə, dini qurumlar öz vəsaitlərini uyğun bildikləri şəkildə xərcləyə bilərdilər.

«Yeni il heç dini bayram da deyil... Yeni il bayramının qeyd edilməsi üçün məscidlərdən pul tələb etmək acınacaqlı və utancverici haldır. Həmin 30 milyon som geyməyə paltarı, yaşamağa yeri olmayan kəslərə ianə edilsə, daha yaxşı olar», – deyə Nurislam Yuldoşev adlı bir Facebook istifadəçisi yazıb.

Pambıq yığıldı, yolka vaxtıdır

«Bunun nə bayramı olmasının heç bir əhəmiyyəti yoxdur. Məscidlərdən buna görə pul istəmək sadəcə yanlış və ayıbdır», – Mirzohid Karimov adlı istifadəçi yazıb.

Dilorom Şahavutdinova adlı başqa bir Facebook istifadəçisi isə Özbəkistanda din xadimlərinə dövlətin pambıqyığma kampaniyasına dəstək verməklə bağlı təlimata eyham vurub: «Bu yaxınlaradək mollalar, imamlar və ağsaqqalları pambıqyığma işinə sürükləyirdilər, indi də yolka bayramı vaxtıdır».

Prezident məmurları işdən qovmaqla hədələdi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Şoira Hasanova isə hesab edir ki, imamların məmurların təlimatlarına tabe olmaqdan başqa çarəsi yoxdur.«Onlar pulu ödəməsələr, nə baş verəcəyini yaxşı bilirlər. Kimsə ağzını açsa, ona deyəcəklər «sən hökumətin siyasətinə qarşısan, prezidentə qarşısan». Sonra da onu içəri basacaqlar», – deyə o yazıb.

Özbəkistan hökuməti hər zaman dövlətin siyasətinə hər hansı etiraz, irad və ya tənqid bildirən şəxslərə dözümsüzlük sərgiləməsiylə tanınıb. Ancaq diktator İslam Kərimovun vəfatından sonra hakimiyyətə gəlmiş Şavkat Mirziyoyevin prezidentliyinin birinci ilində bəzi xırda islahatlar gerçəkləşdirilib. Bu islahatlar arasında ölkə vətəndaşları üçün çıxış vizalarının ləğvi və minlərlə insanın adlarının «qara siyahı»dan çıxarılması da var. Bu il sentyabrın sonunda hökumət bundan sonra tələbə, müəllim və tibb işçilərinin məcburi pambıq yığımına göndərilməyəcəyini elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG