Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 02:44

Tələbə ‘trol fabriki’ yaratmağa çağırıb, dərhal iş təklifi alıb


Arxiv fotosu
Arxiv fotosu

Özbəkistanda bir universitet tələbəsi yaşadığı Qaşqadəryo əyalətinin icra hakimiyyətini hökuməti tənqid edənlərə qarşı onlayn trol fabriki yaratmağa çağırıb. Bu təklifdən dərhal sonra əyalət hökuməti ona iş təklif edib.

Onlayn tələbə qrupu

Hələlik, adı ictimailəşdirilməyən tələbə bu təklifi dekabrı 13-də Qaşqadəryo Dövlət Universitetində qubernator Murotcon Azimovla görüşdə verib.

Tələbə İnformasiya və Kütləvi Kommunikasiya üzrə Dövlət Agentliyinin tənqidçilərə qarşı Qaşqadəryoda baş verən “müsbət dəyişiklikləri göstərən” onlayn tələbə qrupu yaratmasını təklif edib.

Görüşdən çəkilmiş videoda tələbənin əyalətin 13 rayonunun hər birində tələbə və könüllülərdən ibarət onlayn qrupların yaradılmasını təklif etdiyini eşitmək olur.

Özbəkistanın bəzi mətbuat qurumları bu təşəbbüsün əslində “trol fabriki” yaradılması təklifi demək olduğunu yazırlar.

Reportyor və blogerlərlə mübarizə

Tələbə həmçinin hökuməti tələbələrə “bütün zəruri avadanlığı” və “müntəzəm təlim” verməyə çağırıb.

O əlavə edib ki, hökumət “100 müsbət şeyi” görməzdən gəlib “bir mənfi şeyi” göstərən və bu haqda “yanlış” məlumat verən reportyor və blogerlərlə mübarizə aparmalıdır.

"Bir az əvvəl dediyiniz kimi, bu blogerlərin işıqlandırması bizi narahat etməyə başlayıb”, - tələbə söyləyib.

Tədbirin videosunda qubernator Azimov ondan soruşur: "Siz tələbəsiniz, yoxsa müəllim?” Qız tələbə olduğunu söyləyəndən sonra Azimov deyir: "Biz sizi əyalət hökumətinə işə götürürük”. Auditoriya isə bunu alqışlayır.

Digər təkliflər

Azimovun ona hansı işi təklif etdiyi, yaxud təklifin həqiqi olub-olmadığı məlum deyil.

Qubernator Qashqadəryo Dövlət Universitetinin tələbələri ilə, Tibb fakültəsinin yenilənmiş binasının və bir yeni yataqxananın açılışından sonra görüşüb.

Azimovla görüşdə digər tələbələr də təkliflər irəli sürüblər. Bir tələbə hökumətin müxtəlif layihələrə, o cümlədən “gənclərə vətənpərvərlik ruhunun aşılanması” və “gənclər arasında cinayətkarlığın qarşısının alınması” layihələrinə qrant ayırmalı olduğunu deyib.

Tələbələrin təkliflərinin öncədən səhnələşdirilməsi haqda dəqiq məlumat yoxdur. Özbəkistanda bu cür hallara tez-tez rast gəlinir.

Azimovun tələbələrlə görüşündən bəri hökumət həmin tələbənin həqiqətən işə götürüldüyünü, yaxud təklifinin qəbul edildiyini təsdiqləməyib.

Avtoritar hökumətlərin metodu

Bir sıra avtoritar hökumətlər ictimai fikri manipulyasiya və tənqidçilərə hücumdan ötrü onlayn trollardan yararlanmaqda ittiham olunur.

Oksford Universitetinin İnternet İnstitutunun 2019-cu ildə dərc etdiyi hesabatda Özbəkistanın “kompüter təbliğatını xidmət kimi təklif edən özəl şirkətlər və strateji kommunikasiya şirkətləri ilə işləyən” 25 ölkədən biri olduğu deyilir.

"Azərbaycan, İsrail, Rusiya, Tacikistan, Özbəkistan kimi bəzi [ölkələrdə] hökumətlər tələbə və gənclərdən ibarət qrupları kompüter təbliğatından istifadə üçün işə götürürlər”, – hesabatda deyilir.

Özbəkistan hökumətinin neçə nəfəri onlayn trolluğa cəlb etməsi haqda dəqiq məlumat yoxdur.

Qonşu Tacikistanda 400-dək universitet tələbəsi, mühazirəçi və məmur dövlət tərəfindən internet trolluğuna məcbur edilir. Onlar hökumətin tənqidçilərinə hücum edirlər. AzadlıqRadiosunun tacik xidməti bu faktları 2019-cu ildə jurnalist araşdırması nəticəsində üzə çıxarıb.

Britaniya hökumətinin maliyyələşdirdiyi, bu ilin may ayında dərc olunmuş başqa bir hesabatda isə Rusiyanın yalan yaymaq, dünya liderlərinin sosial media hesablarına hücum, onlayn müzakirələri ələ keçirmək, rəy sorğularını manipulyasiya və Ukrayna müharibəsi dövründə Kremlin arqumentlərini yaymaq məqsədilə onlayn trollardan istifadə etdiyi göstərilir.

XS
SM
MD
LG