Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

Özbəkistanla Qırğızıstanın sərhəd problemi həllini tapır


Sərhəd mübahisəsi
Sərhəd mübahisəsi

Bu ilin əvvəlində Özbəkistanla Qırğızıstan aralarında on illərlə davam edən sərhəd mübahisəsinin həllində böyük irəliləyiş əldə ediblər. İşin çətini isə ilin sonunadək məsələnin ən ağır tərəfləri ilə bağlı razılaşma əldə etməkdir.

Stalin siyasətinin izi

İki ölkənin 200 kilometrlik mübahisəli sərhədi sovet diktatoru İosif Stalinin «parçala və hökm et» siyasətinin nəticəsidir. Son illər ərazidə mövcud olan beş kiçik eksklavda (Eksklav – Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi, digər dövlətin və ya dövlətlərin ərazisi ilə əhatə olunmuş əraziyə deyilir) ciddi problemlər – üsyanlar, həbslər, atışmalar və hətta qətllər yaşanıb. Məsələnin həll yolları arasında tərəflər hətta ərazi mübadiləsi və sakinlərin əsrlərlə yaşadıqları ərazilərdən köçürülməsi kimi qeyri-adi tədbirləri də nəzərdən keçirirlər.

Bu sərhəd problemlərini təqribən bir əsr öncə sovet rəsmiləri yaradıb. 1924-1927-ci illər arasında onlar Orta Asiya respublikaları arasında sərhədi cızarkən, Fərqanə vadisində yaşayan özbəkləri, qırğızları və tacikləri nəzərə almayıblar. 1991-ci ildə SSRİ-nin dağılması ilə regionun beş dövləti arasında sərhədsiz, azad keçid dövrü də bitdi. Yaranan yeni avtoritar hökumətlər sərhədlərini möhkəmləndirərək, insanların və malların keçidinə nəzarəti gücləndirdilər. Son illər özbək və qırğız hökumətləri arasındakı qarşıdurma gedişində hətta sərhəddə atışma və zorakılıq da müşahidə olunub.

«Özbəkistan təcrid olunmaq istəmir»

1999-cu ildə Daşkənddə bomba partlayışlarından sonra Özbəkistan hökuməti islamçı terrorçuların ölkəyə girişini önləməkdən ötrü Fərqanə vadisində Qırğızıstanla sərhəd boyu hasar çəkib və səngərlər qazıb. 2000-ci ilin yayında sərhədin bəzi hissələrində hətta minalar basdırılıb. Nəticədə insanlar və mal-qara ölüb və xəsarət alıb.

Özbəkistan prezidenti İslam Kərimovun vaxtında heç irəli getməyən bu məsələ onun ölümündən sonra həllini tapmağa başlayıb. Ötən il Özbəkistan prezidenti Şavkat Mirziyoyev və qırğız həmkarı Almazbek Atambayev iki ölkənin 1300 kilometrlik sərhədinin 85 faizinin demarkasiyasına dair saziş imzalayıb.

«Kərimov dövründə problemin həllinə cəhd edilmirdi, xüsusən də Özbəkistan tərəfindən. Ancaq indi Özbəkistan artıq təcrid olunmaq istəmir. Yeni prezident ölkənin ticarət və sənaye potensialının tam reallaşdırılmasını istədiyinə görə sərhədlərin açıq olmasına çalışır», – bişkekli ekspert Çinara Esengül deyir.

Sox eksklavında iğtişaşlar. 2013
Sox eksklavında iğtişaşlar. 2013

Mübahisəli sərhədin demarkasiya olunmamış qalan 15%-i işin ən çətin hissəsidir. Burada beş etnik eksklav var.

Məktəbdə cəmi 8 şagird var

Qırğızıstan hökumətinin sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi Kurbanbay İskandarov AzadlıqRadiosuna bildirib ki, bu eksklavların yerləşdiyi Oş, Cəlalabad və Batken bölgələrində hələ də mübahisəli 36 məntəqə var. Qırğızıstanın ərazisiylə əhatələnmiş, lakin Özbəkistana məxsus Sox, Şahimərdan, Xalmion və Çon Qora/Qalaça eksklavlarında yaşayan Özbəkistan vətəndaşları bir çox hallarda öz ölkələrinin digər yerlərinə getmək üçün Qırğızıstan sərhədini keçməli olurlar.

50 mindən artıq özbəyin yaşadığı 350 kvadrat kilometrlik Sox ərazisində sərhəd keşikçiləri ilə yerli əhali arasında münaqişələr olub. Nəticədə Qırğızıstan hökuməti tez-tez yolları və sərhədləri bağlayır. Bu isə zəruri tələbat mallarının çatışmazlığına yol açır. Nəticədə tez-tez üsyanlar və zorakılıq baş qaldırır.

Qırğızıstanın Barak kəndi isə Özbəkistan ərazisindədir. Burada 230 hektarlıq ərazidə cəmi 75 Qırğızıstan vətəndaşı yaşayır. Vaxtilə Barakda yüzlərlə insan yaşasa da, onlar yavaş-yavaş kəndi tərk ediblər. Kəndin rəhbəri Nurkanbek Aşirov deyir ki, buranın məktəbində cəmi 8 şagird oxuyur.

Hər iki ölkənin rəsmiləri ilin sonunadək bu mürəkkəb sərhəd məsələsini həll etmək istədiklərini bildiriblər.

Özbəkistanla Qırğızıstanın sərhəd mübahisəsi (İnfoqrafika)
Özbəkistanla Qırğızıstanın sərhəd mübahisəsi (İnfoqrafika)

Siyasi iradə

«Siyasi iradə işin ən vacib tərəfidir. Prezident Mirziyoyev də hazırda bunu sərgiləyir. Odur ki, irəliləyiş gözləməyə əsas var», – Britaniyanın Nyukasl Universitetindən 1995-ci ildən bəri qırğız-özbək sərhədində yerləşən əraziləri araşdıran coğrafiyaçı alim Nik Meqoran deyir.

İki ölkənin münasibətlərinin hazırda ən yüksək səviyyədə olması və sərhəd məsələlərinin həllini tapması təsadüf deyil.

«Bunlar dostluq sərhədlərinə çevrilməlidir», – prezident Mirziyoyevin sentyabrda dediyi bu sözlər Bişkekdə çox gözəl qarşılanıb.

N.Meqoran deyir ki, sonucda yaxşı və ya pis sərhəd yoxdur, ölkələr arasında yaxşı, yaxud pis münasibətlər var. Görünür, Mirziyoyev bu konsepsiyanı anlayır.

Dekabrın 14-də Daşkənddə Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekovla görüşən Mirziyoyev öz çıxışında «açıq sərhəd» yolunu dəstəklədiyini deyib.

«Bizim Qırğızıstanla sərhədlərimiz olmamalıdır. Tamamilə fərqli səviyyəyə keçməliyik», - Özbəkistan prezidenti deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG