Özbəkistanda yeni prezident Şavkat Mirziyoyevin kadrları təmizləmə siyasətinin gedişində daha bir yüksək vəzifəli şəxs – ölkənin keçmiş baş prokuroru həbs olunub.
Özbəkistan baş propkurorluğundan AzadlıqRadiosuna bildiriblər ki, Raşid Qodirov fevralın 22-də həbs edilib və hazırda müstəntiqlər tərəfindən sorğu-sual olunur.
Adının çəkilməsini istəməyən rəsmi bunu da əlavə edib ki, Qodirovla birlikdə işləmiş iki yüksək vəzifəli prokurorluq işçisi də həbs edilib.
Qodirov bundan üç il əvvəl keçmiş prezident İslam Karimovun böyük qızı Qulnara ilə əlaqəli olan rəsmilərin təqib olunmasına görə vəzifəsindən uzaqlaşdırılmışdı.
Qulnara Karimova 2014-cü ildən məhbusdur və bəzi məlumatlara görə rüşvət və reket kampaniyası aparmaqda ittiham olunur.
2014-cü ildə Qulnara barəsində cinayət işi qaldırılanda Qodirov artıq 15 il idi ki, baş prokuror vəzifəsində idi.
Qodirovun həbsindən təxminən on gün əvvəl onun oğlu Alişer ölkədən qaçıb.
2016-cı ildə İslam Karimovun ölümündən sonra prezident olmuş Mirziyoyev tədricən, lakin çox sayda hökumət rəsmisini vəzifələrindən uzaqlaşdırb.
Ötən avqustda keçirilən hökumət müşavirəsində Mirziyoyev baş prokurorluğu tənqid edərək orada işləyənləri “oğrunun yekəsi” adlandırmışdı. O vaxt çoxları bu sözün Qodirova atıldığını düşünmüşdülər.
Ölkənin maliyyə naziri prezident tərəfindən kəskin tənqid olunduqdan sonra nazirliyin minədək işçisi vəzifələrindən uzaqlaşdırılıb.
Yanvarın 31-də isə prezident ölkə təhlükəsizlik qüvvələrinin qüdrətli başçısı Rustam İnoyatovu işdən çıxarıb. O Özbəkistan xüsusi xidmətinin əməkdaşlarını “qusdurğan itlər” adlandırıb və onları işgəncə və repressiyalarda ittiham edib.
Mirziyoyev vergi, səhiyyə və başqa dövlət qurumlarını da açıq şəkildə tənqid edib.
Özbəkistana sovet dövründən rəhbərlik edən Karimovun hakimiyyəti illərində ölkə iqtisadiyyatında durğunluq yaranmışdı. Özbəkistan beynəlxalq aləmdən tamamilə təcrid olunmuşdu.
Mirziyoyev hakimiyyətə gələndən ölkəyə gəliş üçün viza qaydalarını sərbəstləşdirib, tələbələrin məcburi pambıq yığımına cəlb olunmasını qadağan edib, bir sıra jurnalist və dissidentləri həbsxanalardan buraxdırıb.
Bundan başqa ölkədə xarici valyuta mübadiləsi üzərindəki dövlət nəzarəti qaldırılıb.