Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:08

Pambıq yığımında altı aylıq körpəsini itirib


Pambıq yığımı
Pambıq yığımı

Özbəkistanın Cizak vilayətinin sakini 28 yaşlı Dilorom Juraeva altı aylıq hamilə ola-ola pambıq yığmağa göndərilib və körpəsini itirib. Yerli sakinlər hamilə qadını pambıq yığmağa məhəllə fəallarının məcbur etdiyini deyirlər. Ancaq məmurlar baş verənlərə görə gənc qadının ailəsini günahlandırmağa çalışırlar.

İnsident barədə AzadlıqRadiosunun özbək xidmətinə həmin rayonun bir sakini bilgi verib. Adının çəkilməsini istəməyən sakin deyir ki, hadisə bir həftə öncə baş verib.

QADININ PAMBIQ TARLASINDA SANCISI TUTUB

««Müstəqillik» məhəlləsinin vətəndaşlarla iş şöbəsinin sədri altı aylıq hamilə olan gənc qadını pambıq yığmağa məcbur etdi. Ona dedi ki, «pambıq yığmağa çıxmasan, uşaq doğulandan sonra biz də sənə uşaqpulu verməyəcəyik». Üstəlik, qadını pambığa getməyə məcbur etməkdən ötrürayon daxili işlər şöbəsinin (RDİŞ) əməkdaşını onun üstünə göndərdi. O da qadına siyasətdən danışıb və onu qorxudub. Hamilə qadın uşağını pambıq yığımının elə ilk günündə itirdi. Olanları gözümlə gördüyümdən hələ də özümə gələ bilmirəm. İstəyirəm ki, məhəllə sədrini və RDİŞ əməkdaşını cinayət məsuliyyətinə cəlb etsinlər», - həmin sakin söyləyib.

Radionun reportyoru hadisənin baş verdiyi Zarbdar rayonunun digər sakinləri ilə də danışa bilib.

Hadisənin başqa bir şahidi deyib ki, 28 yaşlı Dilorom-un evdə bir qızı böyüyür. Bu onun ikinci hamiləliyi imiş. Onun sözlərinə görə, avtobusla pambıq tarlasına gətirilən kimi qadının sancısı tutub. «Rəislər bunu eşidib qorxuya düşdülər. Təsərrüfatın sədri Dilorom-u öz maşınında rayon xəstəxanasına apardı. Həkimlər vəziyyətinin ağır olduğunu görüb onu vilayət xəstəxanasına göndəriblər. Ancaq ora çatanda açılış baş verib. Deyirlər, uşaq oğlan imiş. Qaynanası bunu eşidib yaman ağlayıb. Deyib ki, beşik toyuna (uşağın doğulması münasibətilə təşkil olunan məclis) hazırlaşırmış...», – adının çəkilməsini istəməyən rayon sakini bildirib.

Buna da bax-Özbəkistanda pambıq yığımında 3 nəfər həlak olub

Özbəkistanda pambıq yığımında 3 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

HƏR AİLƏDƏN AZI BİR NƏFƏR

Onun sözlərinə görə, faciədən bir gün qabaq məhəllə sədri Ismail Latipov səlahiyyətli qurumların nümayəndələri ilə birlikdə ev-ev gəzib, adamlardan pambıq tarlalarına çıxmağı tələb edirmiş.

«Ismail əkənin yanında milis əməkdaşları və icra hakimiyyətinin nümayəndələri var idi. Beş nəfər idilər. Deyirdilər ki, hər ailədən pambıq yığmağa azı bir nəfər çıxmalıdır. Deyirdilər ki, bu, «yuxarılar»ın göstərişidir və hamı buna əməl etməlidir. Bu məmurlar uşaq müavinəti alan analara deyirdilər ki, pambığa getməsələr, onlara uşaqpulu verməyəcəklər», - məhəllə sakini danışır.

AzadlıqRadiosunun müxbiri məhəllə sədri Ismail Latipov-la telefon əlaqəsi yaradaraq şərh istəyib.

«DEDİ, HAVADA OLMAQ İSTƏYİR»

Latipov hamilə qadının pambıq yığmağa məcbur edildiyi faktını inkar etməyə çalışıb. O, baş verənlərə görə Juraeva-nın özünü və ailəsini günahlandırıb.

«Biz onu pambıq yığımına çıxmağa məcbur etməmişik. Evdə əri və iki qaynı işsiz oturub. Biz onlara getdik ki, pambıq yığımı mövsümünün başlandığını bildirək, onlar da bir az pul qazana bilsinlər. Onda evin gəlini Dilorom sahəyə çıxmaq arzusunu bildirdi. Dedi ki, bir az təmiz havada olmaq istəyir. Onu heç kim məhsul yığmağa məcbur etməyib, özü istəyib. Qaynanası ilə danışanda mənə belə dedi: «Bizim heç kimə qarşı iddiamız yoxdur, gəlinin özü səhv hərəkət edib», - məhəllə sədri Ismail Latipov AzadlıqRadiosuna söyləyib.

Ancaq AzadlıqRadiosu «Müstəqillik» məhəlləsinin sakinlərindən öyrənib ki, rayon rəhbərliyi ailəni ziyarət edəndən sonra ailə şikayət vermək fikrindən daşınıb.

Məhəllədəki mənbə evə milis əməkdaşlarının da gəldiyini bildirir. Onlar Dilorom-un ailəsi ilə danışıb onları sakitləşdirməyə çalışıblar. Bundan sonra ailə üzvləri daha heç kimdən şikayətçi olmadıqlarını və özlərinin günahkar olduqlarını deyirlər.

«SİZƏ SƏHV MƏLUMAT VERİBLƏR»

Dilorom Juraeva-nın əri Fakhriddin Abdusalomov Azadlıq Radiosuna deyib ki, arvadının uşağı salması pambıq siyasəti ilə bağlı deyil.

«Pambığın məsələyə dəxli yoxdur. Bütün bunlar evdə baş verib. Sizə səhv məlumat veriblər. İndi o, evdədir», - deyən Abdusalomov reportyorun arvadı ilə danışmasına icazə verməyib.

Bəlli olub ki, bu hadisədən sonra Zarbdar rayonunun rəhbərliyi hamilə qadınların pambıq yığımına cəlbinə son qoyub. Hətta 1-2 aylıq hamilə olanları da aparmırlar.

Özbəkistanın digər rayonlarında da yerli məmurların gənc anaları uşaqpulunu kəsəcəkləri ilə hədələyərək pambıq yığımına cəlb etməsi halları qeydə alınır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG