Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:05

Uşaq ölümləri ilə əlaqələndirilən dərmanın istehsalı dayandırılır


Arxiv fotosu
Arxiv fotosu

Hindistanın dərman tənzimləyicisi dekabrın 29-da bildirib ki, “Marion Biotech” şirkətinin istehsalat obyektini təftiş edib. Qurum bu şirkətin hazırladığı öskürək dərmanının Özbəkistanda 18 uşağın ölümünə səbəb olması haqda məlumatlardan sonra tərtib olunan yoxlanış aktı üzrə tədbirlər görəcəyini vəd edib.

“Marion Biotech”in təmsilçisi şirkətin ölümlərdən təəssüfləndiyini və “Dok-1 Max” siropunun istehsalını dayandırdığını açıqlayıb.

Hindistanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir ki, şirkətin Noida zavodunda təftiş aparılıb və Özbəkistandakı həmkarlarla daimi əlaqə saxlanır.

+++

Özbəkistan hakimiyyəti Hindistan farmaseptik şirkətinin buraxdığı soyuqdəymə və qrip dərmanı içən 18 uşağın öldüyünü bildirir.

Ombudsman aparatı 18 ölüm haqda bu həftə məlumat yayıb. Daha öncə isə “Doc-1 Max” dərmanı qəbul edən 21 uşaqdan 15-nin öldüyü deyilirdi.

15 uşağın yaşı 3-dən az idi

Səhiyyə Nazirliyi də dekabrın 28-də bildirib ki, kəskin respirator xəstəlikdən əziyyət çəkən, sözügedən siropu içən 21 uşaqdan 18-i vəfat edib. Dərmanı qəbul etmiş uşaqlarda “böyrəyin zədələnməsi və çatışmazlığının əlamətləri üzə çıxıb”.

Ölkənin müxtəlif vilayətlərindən olan uşaqların hamısının yaşı 6-dan az idi. Onlardan 15-nin heç 3 yaşı tamam olmayıbmış. Sağ qalan üç uşaq isə xəstəxanadan buraxılıb.

Hindistanın “Marion Biotech” şirkətinin istehsalı olan siropu Özbəkistana “Quramax Medical LLC” idxal edib. Reuters-in məlumatına görə, bu haqda nazirlik dekabrın 27-də məlumat yayıb. Nazirlik bildirib ki, siropun tərkibində etilen qlikol adlı zəhərli maddə olub.

Reuters “Marion Biotech”, “Quramax Medical” şirkətlərindən, yaxud Səhiyyə Nazirliyindən açıqlama ala bilməyib.

Dava-dərman üçün borca düşən şəkər xəstələri...
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Dərmanın qəbulundan sonra halları pisləşib

Uşaqların qohumlarının sözlərinə görə, pasiyentlərdə soyuqdəymə əlamətləri olub, dərmanı içəndən sonra halları pisləşib.

Dərmanın instruksiyasında deyilir ki, onu 2 yaşdan sonra qəbul etmək olar, ancaq digər şirkətlərin buraxdığı oxşar dərmanların 12 yaşdan sonra istifadəsinə icazə verilir, Ombudsman aparatı bildirib.

İnsidentdən sonra “Doc-1 Max”ın Özbəkistanda satışı dekabrın 22-dən dayandırılıb.

Səhiyyə Nazirliyi ölümləri vaxtında təhlil etmədiyi və gərəkən tədbirləri görmədiyi üçün yeddi əməkdaşı səhlənkarlığa görə işdən kənarlaşdırdığını bildirib. Digər əməkdaşlara da töhmət verildiyi deyilsə də, onların insidentdə rolu açıqlanmayıb.

Qırğızıstan da “Doc-1 Max” siropunun satışını qadağan edib.

XS
SM
MD
LG