İngiltərə yazıçısı Travis Elborough yazıçılıqdan başqa həm də maraqlı bir ədəbiyyat araşdırması aparıb. O özünün “Yazıçı necə olur?” (Being a Writer) kitabında məşhur qələm əhlinin yazı vərdişlərindən, ilham pərilərindən – bir sözlə yazıçı olmaq biznesindən yazır.
O Guardian qəzetində etiraf edir ki, araşdırmasının sonunda yaradıcı şəkildə yazmağın dəqiq bir formuluna gələ bilməyib.
Əslində bu bütün qalan yazanlar üçün o qədər də pis xəbər deyil. Yazmağın bir qaydası olsaydı, əvvəla yəqin ki, hamı bu qaydalar üzrə yaza bilməzdi, digər tərəfdən bir-birindən fərqli ədəbiyyat inciləri yaranmazdı.
Məsələn, müasirlərdən romançı Jonathan Franzen yalnız sakit kabinetdə işləyə bilir, Rivka Galchen isə ədəbiyyat yaratmaq üçün səs-küylü kafeləri seçir.
Amma bütün qəribəliklərinə baxmayaraq yaxşı yazıçıları birləşdirən ortaq cəhətlər hər halda var. Charles Dickens 1866-cı ilə yazıçı xanım Brookfield-ə yazırdı: “Siz nəql etməkdə tələsirsiniz. Bunu birinci şəxsin adından, həm də birnəfəsə edirsiniz. Amma əslində bunu sizin personajlarınız etməlidir…”
Başqa sözlərlə, Dickens demək istəyirdi: “DANIŞMAYIN, GÖSTƏRİN”.
Travis Elborough-un kitabında belə məsləhətli misallar çoxdur. Bu məsləhətlərdən bəziləri sırf praktik əhəmiyyətə malikdir, bəziləri isə sərsəmlik kimi də qiymətləndirilə bilər.
Yazıçılar çox şeydən şikayətlənirlər: Romanı heç cür bitirə bilməmələrindən, naşir tapmağın çətinliyindən, süjeti qaçırmalarından…
İndi isə ayrı-ayrı yazıçılardan nümunə götürməli məqamlara nəzər yetirək:
1. Hilary Mantel – bir azca lovğalıq böyük faydalar verə bilər.
“Yazıçının ən faydalı keyfiyyəti onun özünə inamlı olmasıdır. Başqa sözlərlə bu, bir az da ədəbazlıqdır. Əlbəttə, yazıçı olmaqla siz özünüzü dünyaya qəbul etdirmək istəyirsiniz və dünya sizinlə razılaşmayanda, siz dünyaya öz qabiliyyətinizə inandığınızı göstərməlisiniz”.
2. Lev Tolstoy və HP Lovecraft – yazmaq üçün vaxtın seçilməsi
Tolstoy bu barədə yazırdı: “Mən həmişə səhərlər yazıram. Çox məmnunam ki, sən demə Russo da səhərlər yazırmış. Bir balaca səhər gəzintisindən sonra oturub yazırmış. Səhərlər adamın başı açıq olur. Ən yaxşı fikirlər səhərlər gəzərkən və ya hələ yataqdaykən gəlir”.
Amma bunun əksinə HP Lovecraft gecələr işləməyi xoşlayırdı: “Gecələr bütün dünya öz mağarasına çəkilib yatmışları özbaşına buraxanda, ilhamlar və günün hər hansı sakit və sirli saatında gəlməyən imkanlar yaranır. Gecə yazmağı sınaqdan keçirməyən yazıçının yazıçı olmağına inanmaq çətindir”.
3. William Faulkner – yazmaq üçün oxumaq lazımdır
“Oxuyun, oxuyun, əlinizə nə keçsə oxuyun. Zir-zibil, klassika, yaxşı və ya pis nə tapsaz oxuyun. Onda bu yazılanların necə yazıldığını başa düşəcəksiniz. Bu, lap dülgər şagirdinin ustasına baxıb öyrənməsi kimidir. Oxuyun. Qoy oxuduğunuz canınıza hopsun. Sonra yazın. Əgər yaxşı alınsa, bunu özünüz də biləcəksiniz. Əgər xoşunuza gəlməsə, pəncərədən vızıldadın getsin”.
4. Katherine Mansfield – nəsə yazmaq, heç nə yazmamaqdan yaxşıdır
“İndi keçmişə baxanda görürəm ki, mən elə hey yazmışam. Boş-boş şeylər yazdığım da olub. Amma boş-boş şeylər yazmaq heç nə yazmamaqdan yaxşıdır”.
5. Ernest Hemingway – yazının yaxşı getdiyi vaxt dayanın
“Həmişə yazının yaxşı getdiyi vaxtda dayanın və ertəsi gün yazmağa başlayın. Belə olduqda sizin şüuraltınız daim işləyəvcək. Amma əgər bu barədə şüurlu şəkildə düşünüb narahat olmağa başlasanız, siz əsəri öldürəcəksiniz və beyniniz, siz heç yazmağa başlamadan yorulacaq”.
6. John Steinbeck – hərdənbir bir vərəq
“Bu işi nə vaxtsa qurtara biləcəyiniz haqda fikri başınızdan atın. 400 səhifənin fikrini çəkməyin, günə bir vərəq yazı yazın. Bu, çox kömək edir”.
7. Miranda July – qaralamanın pis olmasından qanınız qaralmasın
“Mən roman yazanda, çox vaxt lal olurdum. Özümü hər gün pis yazıçı kimi hiss edirdim. İşdən evə qayıdır və öz-özümə deyirdim: “Mənim bu əsər xoşuma gəlir, amma istərdim ki, bir az da yaxşı yazılmış olaydı”.Belə vaxtlarda özüm də bilmədən qaralama yazırdım. Birinci plan həmişə ən çətinidir. Sanki əlimdə plastilin vardı. Mən bu plastilinlə işləyirdim. Milyonlarla plan cızırdım, sonra hər şeyi köklü şəkildə dəyişirdim. Obrazlar peyda olub qeyb olurdullar. Müəmmalar həll edirdim: Bu niyə belədir? Bəlkə bunu kəsib atım? Sonra görürdüm ki, yox, bu hissə yerindədir və qalmalıdır və hətta anlayırdım ki, bu, əsas hissədir. Mən belə detektiv işini xoşlayıram. Bütün suallara cavab tapmamış əzmkarlığımı qoruyub saxlayıram”.
8. F Scott Fitzgerald – yaza-yaza içki içməyin
“Mənə getdikcə daha çox aydın olub ki, uzun bir kitabın təşkilatçılığı və ya qaralaması üzərində işləyərkən yaxşı qavrama və hökmvermə qabiliyyəti içki ilə tutmur. Qısa hekayəni əldə şüşə ilə yazmaq olar, amma roman yazmaq üçün sizə bütün süjeti başınızda saxlayan və əksinə artıq şeyləri amansızcasına qurban verən zəka sürəti lazımdır”.
Yazıçı bildirir ki, əgər o bu qaydaya əməl etməsəydi, çətin ki, “Gecə incədir” (Tender Is the Night) romanının üçüncü hissəsini yaza biləydi.
9. Zadie Smith – internetdən çıxın
“İnternetə bağlı olmayan kompüterdə işləyin”.
10. Muriel Spark
“Əgər siz hər hansı bir problemin dərinliklərinə varmaq istəyirsinizsə və ya bir parça kağız yazmaq istəyirsinizsə, pişik saxlayın. Qoy bu pişik işlədiyiniz otaqda sizin yanınızda olsun. O çox güman ki, masanızın üstünə qalxıb lampanın altında uzanacaq. Lampa işığı pişiyə böyük məmnunluq verir. Pişik beləcə işığın altında uzanıb sakitlik tapacaq və sakitlikdə hər şeyin anlanması imkanı var. Nəhayət pişiyin bu rahatlığı tədricən sizə də keçəcək. Bu rahatlıq diqqətinizi toplamağınıza mane olan bütün həyəcanları yox edəcək. Pişiyin elə oradaca mövcudluğu yetərlidir. Pişiyin sizin diqqənizin cəmlənməsinə təsiri böyükdür. Həm də çox müəmmalıdır…”