ABŞ hakimiyyəti bu ilin payızında iki Çin diplomatını ölkədən çıxarıb. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, nə Vaşinqton, nə də Pekin bu barədə heç biri rəsmi məlumat yaymayıblar.
Qəzet iddia edir ki, Çin diplomatları Virciniya ştatındakı hərbi bazanın ərazisində saxlanılıblar. Hansı ki, həmin əraziyə xüsusi icazə olmadan giriş qadağandır. Bu baxımdan da cəsusluqda şübhəli bilinən Çin diplomatları öz ölkələrinə deportasiya olunub. Bu 1987-ci ildən bəri ilk belə hadisə sayılır.
New York Times-a görə, ABŞ xüsusi xidmət orqanları deportasiya olunanların ən azından birinin diplomatik örtük altında işləyən Çin xüsusi xidmət məmuru olduğuna inanır. İddia olunur ki, Çin səfirliyinin əməkdaşları ABŞ hərbçiləri tərəfindən izləndiklərini biləndə gizlənməyə çalışsalar da bu mümkün olmayıb.
Oktyabr ayında ABŞ Çin diplomatlarına məhdudiyyətlər tətbiq edib, onlardan yerli hakimiyyət orqanları ilə görüşmək və ya təhsil və tədqiqat müəssisələrində iştirak etmək planları barədə əvvəlcədən məlumat vermələrini tələb edib.
Sonradan Dövlət Departamenti bunun əvvəllər Çində tətbiq olunan oxşar məhdudiyyətlərə cavab olduğunu söyləyib. Qəzet isə bunu hərbi bazada baş verən hadisəyə verilən reaksiya hesab edir.
Çinin də bu hadisəyə cavab olaraq ABŞ diplomatlarını deportasiya edib-etməməsinə gəlincə, "New York Times" öz mənbələrinə istinadla belə bir hadisənin olmadığını bildirir.