Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:07

'Nəzarət üçün dəhlizdə bir nəfəri saxlamışdı ki, birdən sevgilimin otağına keçərəm'


Açıq havada 0 ulduzlu otel
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Açıq havada 0 ulduzlu otel

"Əcnəbi ilə gedəndə, bahalı maşından düşəndə, ya da qiymətləri dodaquçuqladan olanda nəinki nikah haqqında şəhadətnamə, vəsiqə də istəmirlər", – bunu AzadlıqRadiosuna Aysu İbrahimova deyib.

15 ölkə gəzib, ancaq Azərbaycanda rast gəlinən qadağa

14 ildir müxtəlif ölkələri gəzən İbrahimova sevgilisi ilə əvvəlcə Azərbaycanla həmsərhəd, daha sonra Avropa ölkələrinə, Amerikaya gedib. 15 ölkədə sevgilisi ilə 40-dan çox oteldə qaldığını deyən İbrahimova yalnız öz ölkəsində sevgilisi ilə eyni otel nömrəsində qala bilmədiyini söyləyir: "Qəbələdə, Şamaxıda getdiyimiz qonaq evlərində qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi ilə yanaşı "ZAQS kağızı" (nikah şəhadətnaməsi) tələb olundu. Etiraz edəndə isə "müdiriyyətin tələbidir" dedilər. Müdiriyyətlər isə Azərbaycan mentaliteti ilə əlaqələndirdi. Biz evli deyilik, bunu anladıq. Dostlarımız ilə Gəncəyə gedəndə bir oteldə gecələməli olduq. 15-yaşlı oğulları olan, vəsiqələrində qeydiyyat ünvanı eyni olan evli cütlüyün nikah kağızları yox idi deyə, eyni otağı vermədilər. Şamaxıda oteldə bizə əxlaq dərsi keçmişdilər. Belə otellərdə bu qanunsuzluqlarına görə qalmıram. Ancaq bir dəfə Qəbələdə məcburiyyətdən həmin tələbi qoyan oteldə qaldıq. Qeydiyyat şöbəsində oturan 30-40-yaşlı kişi nəzarət üçün dəhlizə bir nəfəri saxlamışdı ki, birdən sevgilimin otağına keçərəm... Son iki ildə ancaq beşulduzlu, oliqarx otellərinə getmişik ki, problem yaşamayaq. Çünki ya gərək pulun olsun, ya turist olasan ki, səninlə yerli-yersiz sənəd söhbəti edilməsin".

Qəbələ xarici turistlə qaynayır: 'Kasıbların cibinə uyğun deyil'
Gözlə

No media source currently available

0:00 0:06:41 0:00

Dostum ilə evli olmadığım üçün...

Sənan İsmayılov iş ilə bağlı olaraq tez-tez regionlara gedir. Sonuncu dəfə iş yoldaşı ilə Qəbələyə gedəndə "Karvan" otelinə gecələmək üçün üz tutublar. Lakin eyni problemlə onlar da üzləşib.

"Bir otaq 30 manat idi. Xərcimiz az çıxsın deyə, ikimiz üçün bir otaq tutmaq istədik və evli olub-olmadığımızı soruşdular. Mən də dedim, "yox, evli deyilik, iş üçün gəlmişik". Dedilər, "mümkün deyil, evli deyilsinizsə, tək otağı verə bilmərəm". Mən də dedim, "biz səhər durub gedəcəyik, bir gecəlik qalmağa yer lazımdır. Həm də birnəfərlik iki ayrı yatağı olan yer istəyirik". Nə qədər dil töksəm də, evli olmadığımız üçün icazə vermədilər qalmağa. Dedilər, müdiriyyətin göstərişi belədir. Sıravi işçiləri anlayıram, yuxarıdan tapşırıq gəldiyi üçün heç nə edə bilmirlər. Əksinə, çalışdılar ki, endirim edib könlümüzü şad tutsunlar", – İsmayılov AzadlıqRadiosuna danışıb.

Məsələ ilə bağlı AzadlıqRadiosunun əlaqə saxladığı otellərin əksəriyyəti suallara cavab vermədi. "Karvan" otelindən "evli olmayan cütlüklər eyni otaqda qala bilməz, müdiriyyətin tələbidir" dedilər. Müdiriyyət ilə əlaqə yaratmaq isə mümkün olmadı.

AzadlıqRadiosuna danışan daha bir neçə şəxs də eyni problemlə üzləşdiyini, otellərin sözügedən qadağanı əxlaqi-mənəvi dəyərlərlə izah etdiyini deyirlər.

Ağaseyid Yaqubov
Ağaseyid Yaqubov

"Əxlaqsızlıq yayılmasın..."

Elə ilahiyyatçı Ağaseyid Yaqubov da düşünür ki, "əxlaqsızlıq geniş vüsət almasın deyə, nikah kağızı tələbi məqbuldur". Onun fikrincə, bu qaydanın ləğvi hərc-mərcliyə yol açar: ​"Dini şəhadətnamə tələbi olsa, bir az çətin olardı, çünki turistlər də gəlir. Amma dövlətin verdiyi sənəd bir çox ölkələrdə, demək olar ki, eynidir. Ona görə tələb normaldır. Milli-mənəvi dəyərlər hər zaman daha üstün tutulmalı, qanunlar ona uyğunlaşmalıdır. Dini baxımdan məqbuldur, məqsədəuyğundur. Burada əxlaqsızlığın qarşısı alınır. İki adamın, birlikdə qalmaq istəyənlərin nikah şəhadətnaməsi yoxdursa, deməli, burada bir şübhə var. İki belə adamın bir otaqda gecə qalması da dini baxımdan qəbul edilmir, haramdır".

Hələ 2021-ci ildə Milli Məclisin deputatı Tahir Kərimli nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara girişin əxlaqsızlığa yol açdığını deyirdi. Onun həmkarı Rüfət Quliyev isə bu tələbin qanunla tənzimlənməsinin əleyhinədir.

"Azərbaycan demokratik ölkədir. Bir çox Avropa və dünya standartlarını tətbiq edirik. Bir çox ərəb ölkələrində bu sənədlər tələb olunmur. Ona görə də nikah kağızı tələbi qanun səviyyəsinə qaldırılmamalıdır. Otellərə də fərdi hüquq verilməlidir, istəyən belə bir tələb qoya bilər", – deputat AzadlıqRadiosuna deyib.

'Qarabağda kazino açılsın, turist gəlsin' - Deputat
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Nikah şəhadətnaməsi tələbi ayrıseçkilikdir

Dövlət Turizm Agentliyindən AzadlıqRadiosunun sorğusuna cavabda göstərilib ki, cütlüklərdən oteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmamalıdır. Agentlikdən bildirildi ki, otel, qonaq evi, mehmanxana və istehlakçı arasındakı münasibətlər mülki hüquq qanunvericiliyi ilə tənzimlənir. Mehmanxanaların nikah şəhadətnaməsi tələb etməsi və bu səbəbdən xidmətin göstərilməsindən imtinası isə həmin şəxslərə qarşı ayrıseçkilikdir.

"Oteldə qalmaq istəyən vətəndaş, əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxslər otelə şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər. Cütlüklərdən oteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmamalıdır. Həmçinin, Azərbaycan Mülki Məcəlləsinin 400.2-ci maddəsinə əsasən də, otel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqları qəbul etməkdən imtina edə bilməz. Belə bir halla qarşılaşdıqda vətəndaşlar məhkəməyə müraciət edə bilərlər", – qurumun cavabında göstərilib.

Sovetdən qalan ənənə

Hüquqşünas Elmir Səlimov deyir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 14-cü maddəsinə görə, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Onun sözlərinə görə, otellərdə nikah haqqında şəhadətnamə tələbi ilə bağlı xüsusi normativ hüquqi akt da yoxdur, amma bu cür məsələlər İnzibati Xətalar Məcəlləsi tənzimlənə bilər: ​"Ayrıseçkilik olarkən şikayət üçün qaynar xətt yaradıla bilər. Sovetlər dönəmində belə bir qayda var idi ki, əks-cinslərin eyni otaqda qalması üçün müvafiq sənəd istənilirdi. Hazırda isə sözügedən norma qüvvədə deyil. Keçmiş adı Mədəniyyət və Turizm Nazirliyi olan qurum bu barədə zamanında məsələ qaldırsa da, heç nə edilmədi. Bu isə otel və mehmanxanalarda sui-istifadə hallarına yol açır. Qurunun oduna yaşı da yandırmaq lazım deyil. Düşünürlər ki, əxlaqsızlıq arta bilər və buna görə şəhadətnamə tələbi qoyularsa, bu yanlışdır. Bunu aşkara çıxarmaq qanun çərçivəsində, digərlərinin də istirahət hüququnu pozmadan olmalıdır".

Ərəb turistlər Bakıdan sonra indi də Kiyevə üz tutublar
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Belə halların İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu deyən hüquqşünas əlavə edir ki, praktikada bu problemlə bağlı məhkəməyə müraciət halları olmayıb. Səlimov bunu maarifləndirmənin az olması ilə əlaqələndirir. O, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq monitorinqlər təşkil etməli olduğunu deyir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bu məsələ ilə bağlı AzadlıqRadiosunun sorğusunu cavabsız qoyub.

Dünyadakı vəziyyət

10-15 il əvvəl Türkiyədə otellərin bir qismində nikah kağızı olmayan cütlüklər eyni otaqda qala bilmirdi. İndi isə bu hala çox az rast gəlinir. Pakistanda hələ də nikahı təsdiqləyən sənədi olmayan turistlərin bəzi yerli qonaq evlərinə və otellərə girişinə icazə verilmir. İsraildə nikahsız cütlüklərin bir otaqda qalmasını yasaqlayan qaydaların mövcud olduğu otel sayları az deyil. Belə ki, bu ölkədə nikahı təsdiq edən sənəd olmadıqda cütlük iki ayrı otaqda qalmalı olur.

Bu məsələdə ən sərt qanun isə Hindistanda müşahidə edilir. Bir çox oteldə nikah barədə sənəd tələbi ilə yanaşı, tez-tez yoxlamalar da olur. Belə ki, otel rəhbərliyi ilə əməkdaşlıq edən hüquq-mühafizə orqanları əməliyyatlar keçirərək nikah kağızı olmayan cütlükləri cərimələyir.

Azərbaycanın qonşuları Rusiya, Ermənistan, Gürcüstanda isə oxşar qadağalara rast gəlinmir.

Xarici turistlər Azərbaycanda qiymətlər haqda - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Otellərə maraq...

2022-ci ilin son statistikasına görə, Azərbaycan otellərindəki nömrələrin cəmi 16 faizindən istifadə olunub, yerlərin 84 faizi istifadəsiz qalıb. Ötən ilin yanvar-sentyabrında bu tipli obyektlərin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1.7 dəfə artaraq 269.1 milyon manat olub.

Ötən ilin 9 ayında mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1.5 dəfə artaraq 2 milyon 46.5 min olub. Gecələmələrin ən çoxu – 53 faizi Bakıda, ən azı 0.7 faizi Şuşada qeyd alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artaraq 1 milyon 31.4 min olub ki, bu da ümumi gecələmələrin 50.4 faizini təşkil edir. Gecələmələrin 19.7 faizi Səudiyyə Ərəbistan vətəndaşlarının payına düşüb.

Rəsmi məlumata görə, ölkədəki mehmanxana və mehmanxana tipli müəssisələrin 33 faizi Bakıda yerləşir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG