Polşa məhkəməsi tanınmış Belarus insan haqları fəalının oğlunu və daha 11 nəfəri Osventsim nasist düşərgəsi xatirə kompleksində çılpaq etiraz aksiyası keçirməklə qurbanların xatirəsinə hörmətsizlikdə ittiham edib. Etirazçılar bu aksiya zamanı ölüm düşərgəsinin darvazası qarşısında quzu kəsmişdilər.
Belarus müxalifətinin nümayəndəsi və fəal Ales Byalyatskinin oğlu Adam Byalyatski 24 mart 2017-ci il aksiyasının iki təşkilatçısından biri olaraq ittiham edilir. O keçirdikləri aksiyanı “antimüharibə etirazı” adlandırsa da, məhkəmə yanvarın 17-də onu 18 ay müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.
Digər təşkilatçı Mikita Valadzko Osventsim şəhər məhkəməsi tərəfindən 14 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə çılpaq aksiyada iştirak etmiş başqa 10 nəfər barəsində 12 aylıq ictimai əmək xidməti cəzası təyin edib. Bunların arasında iki belarus, bir ukraynalı, bir alman və 6 polyak var.
Polşadakı teatr institutunun tələbələri olan Byalyatski və Valadzko ictimai yerdə heyvan öldürdüklərinə görə hərəsi 600 dollar məbləğində cərimə edilib.
Onlar quzunu Osventsimdə üzərində “Arbeit Macht Frei” – “Əmək azad edir” yazılmış bədnam düşərgə darvazasının altında kəsiblər.
Bundan başqa aksiyaçılar darvazadan “Love” – “Məhəbbət” yazılmış bayraq asmışdılar. Bayraq elə asılmışdı ki, darvazanın üstündəki yazı “Love Macht Frei” – “Məhəbbət azad edir” şəklində oxunurdu.
12 nəfərdən ibarət qrupdakılar paltarlarını soyunmuş və özlərini bir-birlərinə qandallayaraq oturmuşdular.
İkinci Dünya Müharibəsi zamanı bu düşərgədə əsirlər saxlananda bura yeni məhbusları məhz etirazçıların oturduğu çığırla gətirirdlər.
Valadzko AzadlıqRadiosuna deyib ki, onların bu aksiyadan məqsədi adamların Osventsim müsibətindən heç bir ibrət dərsi götürmədiklərini qabartmaq olub.
Valadzko habelə israr edib ki, onlar bu düşərgədə həyatını itirmiş 1 milyon yəhudinin xatirəsinə hörmətsizlik etmək istəməyiblər.
O bildirib ki, elə özü də yəhudidir və qohumlarından Holokostda ölənlər oluib.
Lakin Osventsim-Birkenau Muzeyinin rəhbərliyi tamam fərqli mövqedədir. Onlar düşünürlər ki, Osventsimdə hər hansı çılpaq aksiyanın keçirilməsi ölənlərin ruhlarına hörmətsizlikdir.
Byalyatskinin atası Belarusun keçmiş siyasi məhbuslarındandır.