Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin yanvarın 6-da rusiyalı həmkarı Sergey Şoyqu ilə “Ukrayna sərhədi yaxınlığındakı gərginliyin azaldılması” məsələsini müzakirə edib.
Pentaqon nümayəndəsi Reuters agentliyinə Birləşmiş Ştatların Ukrayna ətrafındakı gərginlikdən hələ də narahat olduğunu bildirib.
İki nazir arasında telefon söhbəti Qərbin Rusiyanın Ukrayna yaxınlığında 100 mindən çox əsgəri qüvvə cəmləşdirməsindən narahatlığının artdığı bir vaxta təsadüf edir.
Qərb narahatdır ki, bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlanğıcı ola bilər. Moskva bu iddiaları rədd edir.
Rusiya NATO-dan Ukraynanın və ya keçmiş sovet respublikalarından heç birinin alyansa üzv olmayacağına, NATO-nun Mərkəzi və Şərqi Avropada hərbi fəaliyyətlərinin məhdudlaşacağına dair yazılı qarantiyalar istəyir.
Qərb Rusiyanın NATO-ya ultimatimlarını rədd edib və bildirib ki, Ukraynaya hər hansı müdaxilə təqdirində Moskvaya qarşı son dərəcə ağır sanksiyalar tətbiq ediləcək.