Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Osman Kazımov: “Müxalifət umu-küsünü bir kənara qoysun”


Osman Kazımov
Osman Kazımov

►Əli Kərimli: “Proseslərə müdaxilə vaxtı yetişəndə qərar verəcəyik”

“Dövlətimiz və xalqımız naminə keçmişdə olan umu- küsüləri, haqsızlıqları - kimin tərəfindən asılı olmayaraq unutmanızı və bir masa ətrafında əyləşərək mövcud durumu müzakirə etməyinizi xahiş edirəm”.

Bunu Müsavat Partiyasının başqan müavini, vəkil Osman Kazımov müxalifət liderlərinə ünvanlayıb.

AzadlıqRadiosuna müsahibəsində Osman Kazımov deyir ki, ölkədəki vəziyyət çox acınacaqlıdır və müxalifətin birliyinə ehtiyac var:

– Müraciətimdə müxalifətin bir araya gəlmə səbəbləri barədə yazmışam. Bildirmişəm ki, ölkədə çox ciddi problemlər var: İşsizlik tüğyan edir. Sadə vətəndaşlar özbaşınalıq və qanunsuzluğun, rüşvətxorluğun, korrupsiyanın qurbanına çevrilib. İnsanlar siyasi baxışlarına görə müxtəlif uydurma ittihamlarla həbsə atılır. Son günlər süni qiymət artımlarına, korrupsiyaya, monopoliyaya, məmur özbaşınalığına kütləvi etiraz edən insanlara qarşı zor tətbiq edilir. İnsanlar aclıq və səfalət içərisindədir. Siyasi məhbuslar məsələsi həll olmayıb və həll olunma ehtimalı belə yoxdur.

– Sizin bu müraciətin təsiri olacaqmı?

– Bir vətəndaşlıq borcunu yerinə yetirib müraciət etmişəm. İndi qərar onlarındı, hansı istiqamətdə fəaliyyət göstərəcəklər… mən müraciət etmişəm.

Buna da bax: “Üsyançı” müstəntiq bəyanat yayıb

“Səmimi bilrik olsa…”

– Sizcə, müxalifətin bir araya gəlməsi ölkədəki ictimai-siyasi proseslərə təsir edə bilərmi?

– Onu gələcək göstərər. İndi ən azı bir araya gəlib məsləhətləşmək, müzakirə etmək lazımdır.. Kimin nə deməyindən asılı olmayaraq, xalqın ümidi müxalifətədir. Həm Müsavat, Həm AXCP, həm Klassik Cəbhə partiyası ölkədə üzdə olan partiyalarıdır. Müraciətimdə də demişəm ki, umu-küsünü bir qırağa qoymaq lazımdır. Söhbət millətin taleyindən gedir. Hesab eləyirəm ki, səmimi birlik ilə çox şeyə nail olmaq mümkündür. Birlik, əməkdaşlıq xatirinə yox, səmimi birlik yaradılsa, qısa zamanda çox şey əldə etmək olar. Fikir verirsinizsə, yerlərdə xalqla hakimiyyət üz-üzə qalıb. Hər yerdə rüşvətxorluğa, süni qiymət artımına, korrupsiyaya, monopoliyaya etiraz olaraq kütləvi aksiyalar keçirir. Hakimiyyət də cidd-cəhdlə bu aksiyaların təşkilatçılığını AXCP-nin, Müsavatın üzərinə qoymaq istəyir, etirazların əsl səbəblərini gizləmək istəyir. Belə bir vaxtda xalqın səfərbər olmasına ehtiyac var, düşünürəm ki, ölkənin siyasi qüvvələri xalqı səfərbər edə bilərlər.

“Müxalifət arasında umu-küsü yoxdur”

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli Osman Kazımlının bu müraciəti ilə bağlı AzadlıqRadiosunun sualına belə cavab verir: “Biz heç kəsdən küsməmişik”. Əli Kərimli bir vaxtlar ana müxalifətin liderlərinin Milli Şurada təmsil olunduğunu yada salır:

– Müxalifət arasında umu-küsü yoxdur. Hərə özünün doğru bildiyi yolda hərəkət edir. Belə məsələləri şəxsləşdirməyə ehtiyac yoxdur. Mən heç bir şəxslə küsülü deyiləm, istənilən hər kəslə də istənilən mövzunu müzakirə edə bilərəm. Söhbət müxalifət arasında hansısa umu-küsüdən getmir. Biz hamımız Milli Şurada bir yola çıxdıq, bu gün də yolumuza davam edirik, kimlərsə bu yolu hansı səbəbdən davam etdirə bilməyibsə, mən ona cavabdeh deyiləm.

– Əli bəy, neft gəlirlərinin kəskin azalmasından sonra ölkədə yaranmış situasiyanı müzakirə etmək, hər hansı fəaliyyət planı hazırlamaq üçün müxalifətin bir masa arxasına oturmasına lüzum varmı?

– Sizə cavab verdim, biz bir yerdəydik, Milli Şuradaydıq. Davam etmək istəsəydilər, bizimlə davam edərdilər. Çox təəssüf ki, Milli Şuranı tərk ediblər, hal-hazırda hərə doğru bildiyi yolda hərəkət edir.

Buna da bax: Yumurta onların başında çatladı - Həbslər

“Hakimiyyət də maraqlıdır ki, bu aksiyaları müxalifətə bağlasın”

– Əli bəy, rayonlarda etiraz aksiyaları başlayıb. Bəzi müşahidəçilər hesab edirlər ki, aparıcı müxalifət partiyaları sanki prosesləri kənardan izləməyə üstünlük verir. Bu müşahidənin həqiqət payı varmı?

– Biz devalvasiya ilə əlaqədar Milli Şura olaraq 3 dəfə, qiymət artımı ilə bağlı 1 dəfə sosial tələblərlə etiraz aksiyası keçirdik. O zaman devalvasiyadan əziyyət çəkən şəxslərin hamısı prosesə qoşulmadı. İndi hal-hazırda Azərbaycan xalqı özü öz sosial narazılığını ifadə etmək istəyir, niyə biz imkan yaratmayaq ki, əzilən insanlar öz etirazlarını ünvanlı şəkildə çatdırsın? Fikir vermisizsə, hakimiyyət də maraqlıdır ki, bu aksiyaları müxalifətə bağlasın. Biz isə istəmirik ki, hökumətin istədiyi kimi olsun, çıxsın desin ki, “ay camaat, müxalifət sizdən istifadə edir”. Ona görə də imkan yaratmışıq ki, gündəlik çörəyini qazana bilməyən insanlar dinc şəkildə öz sözlərini hakimiyyətə çatdırsınlar. Burda qeyri-adi bir şey yoxdur. Milli Şura kimi bizim yenə də aksiyalarımız olacaq. Amma bu onu qətiyyən istisna etmir ki, bu çətinliklərə dözə bilməyən insanlar küçəyə çıxıb öz sözlərini desinlər.

– Müxalifətin kənardan baxması bu proseslərin başqa ələ ötürülməsinə səbəb olarmı?

– Xeyr, olmaz. Xalqımız çox təmkinli, siyasi mədəniyyətlə bu prosesi aparır. Görəndə ki, artıq müdaxilə etməyin vaxtı yetişib, o zaman Milli Şura öz qərarımı verəcək.

XS
SM
MD
LG