Britaniyada irland yazıçısı Oscar Wilde-ın saxlandığı keçmiş həbsxananı incəsənət mərkəzinə çevirmək üçün kampaniya aparılır. "The Guardian" yazır ki, bu kampaniya İngiltərənin Ridinq şəhər şurası və aktyor, yumorist və yazıçı Stephen Fry kimi maarifçilər tərəfindən dəstəklənir.
Ancaq ölkənin Ədliyyə Nazirliyi bu kampaniyanın müraciətini rədd edib.
Oscar Wilde 1895-ci ildə həbs edilərək iki il Ridinq həbsxanasında saxlanıb. Bu bina 2014-cü ildə həbsxana kimi fəaliyyətini dayandırıb. Ötən ilsə bina satışa çıxarılıb.
Sözügedən kampaniyanı aparanlar bu binanın incəsənət mərkəzinə çevrilməsi üçün Stephen Fry və Julian Barnes kimi tanınmış yazıçıların dəstəyini qazanmağa nail olublar. Plana görə, Ridinq şəhər şurası tenderdə iştirak edərək binanı satın almalı imiş. Ancaq bu ayın əvvəli bəlli olub ki, Britaniyanın Ədliyyə Nazirliyi şəhər şurasının həbsxana binasını almaq cəhdini rədd edib.
"Ridinq məhbəsi balladası"
Şuranın rəhbəri Jason Brock rədd cavabına rəğmən, tenderin qalibi ilə görüşməyə ümid etdiyini bildirib. O, "Ridinq həbsxanasının tarixi və mədəni dəyərinə əhəmiyyət verilməsini təmin etmək üçün" binanın yeni sahibləri ilə sıx əməkdaşlığa ümid edir.
"Şuranın müraciəti haqlı olaraq bu məkanın tarixi və mədəni dəyəri üzərində qurulub. Təbii ki, biz Ədliyyə Nazirliyinin şuranın müraciətini rədd etməsindən məyusuq", – o deyib.
Oscar Wilde "Ridinq məhbəsi balladası" (The Ballad of Reading Gaol) adlı poemasını bu həbsxanaya həsr edib. Bu əsərdə o, Kral Süvari Qoşununun əsgəri Charles Thomas Wooldridge-in edamından söz açır. Wooldridge arvadını öldürdüyünə görə edam olunub.
"Ömrümdə məhbusların səma adlandırdığı o kiçik mavi çadıra belə kədərli baxış görməmişdim mən", - poemada deyilir. Wilde bu əsəri 1898-ci ildə C.3.3 təxəllüsü ilə dərc etdirib. Bu onun məhbəsdəki nömrəsi idi. "Onun kamerası C blokunda üçüncü mərtəbədə üçüncü idi", - "The Guardian" yazır. "İçində yaşadığımız hər bir dar otaq üfunət dolu qaranlıq bir yerdir, canlı ölümün iylənmiş nəfəsi adamı boğur…", – poemada deyilir.
Poema Viktorian dövrü İngiltərəsində cəza sisteminin qəddarlığı haqdadır.
Oscar Wilde şair və jurnalist Lord Alfred Douglas-la sevgi münasibətlərinə görə həbs edilmişdi.
"Sənət baş qaldıra bilər"
Stephen Fry kampaniyaya dəstək olaraq deyib ki, "Oscar və bir çox digər məhbusların əzab çəkdiyi yerdən canlı sənət baş qaldıra bilər".
Kampaniyanı dəstəkləyənlər arasında Leyboristlər Partiyasının üzvü, Ridinqdən seçilmiş millət vəkili Matt Rodda və Mühafizəkarlar Partiyasının bu şəhərdən seçilmiş deputatı Alok Sharma da var. Matt Rodda hökumətin bu yanaşmasından dərin məyusluğunu ifadə edib. O, Ədliyyə Nazirliyini şəhər şurası ilə əməkdaşlığa getməyə və Ridinq məhbəsinin "nəhəng" tarixi əhəmiyyətinə hörmətlə yanaşmağa çağırıb.
"Mən hökumətin hələ də həbsxananı ən çox pul təklif edən alıcıya satmaq istəməsindən narahatam. Mən anladığım qədər, onlar artıq bir alıcını seçib onunla əməkdaşlıq edirlər. Mən hətta bu gec mərhələdə belə onlardan xahiş edərdim ki, bu qərara yenidən baxsınlar və Ridinq məhbəsini Ridinq şəhər şurasına, yaxud sənət və irs qurumuna satmaq haqda bir daha düşünsünlər", – millət vəkilinin bəyanatında deyilir.