Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:58

İlhamə Quliyevanın oğlu həbsdən buraxıldı


Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbsdən buraxılıb. Bu, dekabrın 11-də Binəqədi rayon Məhkəməsində baş verib. Hakim Mirheydər Zeynalov ona cərimə cəzası kəsib və Orxan Nadirov azadlığa çıxıb.

Orxan Nadirov 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunurdu. Məhkəmə onu dələduzluqda təqsirli bilib. Amma ziyanı ödəməsini nəzərə alaraq, 1000 manat cərimə cəzası kəsib.

Hökmdən əvvəl Orxan Nadirovun vəkili Hüseyn Eynullayev çıxış edib. Vəkil də deyib ki, zərərçəkmişə dəyən ziyan tam ödənilib.

Müvəkkilinin məhkəmədə səmimi ifadə verib, işin obyektiv araşdırılmasına kömək göstərdiyini yada salan vəkil onun peşman olduğunu vurğulayıb: "Xahiş edirəm, bütün bu hallar nəzərə alınıb, Orxan Nadirova həbslə bağlı olmayan cəza verəsiniz".

Orxan Nadirov özü də son sözündə əməlindən peşman olduğunu bildirib.

Qısa müşavirədən sonra hakim hökmü elan edib.

Orxan Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adıyla dələduzluqda suçlanır.

Cinayət işinin materiallarında yazılıb ki, Orxan Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb, lakin verdiyi vədə əməl etməyib.

İstintaq vaxtı ev dustaqlığında olan Orxan Nadirov bu iş üzrə məhkəmə iclasına gəlmədiyinə görə Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarmışdı. O, oktyabrın 5-də həbs olunmuşdu.

Mərhum müğənni İlhamə Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında vəfat edib.

XS
SM
MD
LG