Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Prokuror cəbhəçi gəncə 7 il həbs kəsilməsini istədi


Orxan Baxışlı
Orxan Baxışlı

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlıya 7 il həbs cəzası istənilib. Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, Orxan Baxışlıya CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib.

Prokurordan öncə isə vəkil Elçin Sadıqov qanunsuz sübutların çıxarılması barədə vəsatət qaldırıb.

Müdafiəçi deyib ki, konkret olaraq, Baxışlının tutulması, üzərinə baxış keçirilməsi barədə protokollar qanun pozuntusuyla əldə olunub. Qanunsuz yollarla əldə edilmiş sübutların hüquqi qüvvəsi olmadığını deyən müdafiəçi bildirib ki, hökm çıxararkən həmin protokollardan sübut kimi istifadə edilə bilməz.

Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti baxılmamış saxlayıb. Ardınca prokuror çıxış edib.

Prosessual qaydalara görə, dövlət ittihamçısından sonra vəkilin müdafiə çıxışı olmalıdır. Elçin Sadıqov çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona sentyabrın 18-nə qədər vaxt verilib.

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, Orxan Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb.

Həmin çıxışda gənc fəal Elmar Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları rədd edirlər və Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.

XS
SM
MD
LG