Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 16:20

Gənc cəbhəçi təzyiqlərlə üzləşdiyini deyir


O.Baxışlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş məhbus Orxan Baxışlı təzyiqlərə məruz qaldığını bildirir. O deyib ki, bir müddət əvvəl bəzi qurumlar atası Rafiq Baxışov barədə məlumatlar əldə etməyə çalışıblar: "Bu gün, iyunun 1-də isə əmim Baxışov Fikrəti Cəlilabad rayon Polis Şöbəsinə çağırıblar. İndi isə mənim özümə şöbədən zəng vurub gəlməyimi istədilər. Səbəbi də demədilər. Mən isə rəsmi çağırış vərəqi göndəriləndən sonra gəlməyə hazır olduğumu dedim".

O.Baxışlının sözlərinə görə, artıq ikinci dəfədir ki, rayonda ona təzyiq etməyə çalışırlar: "Təxminən bir ay əvvəl mən rayona gedəndə icra nümayəndəsi anama zəng vurub deyib ki, Orxan koronavirusa yoluxub. Mən də sağlam olduğuma görə şübhələnib təcili rayondan çıxdım. Bu gün də rayona qan verməyə gəlmişdim və heç nədən polisə çağırıldım".

Fəalın fikrincə, bu, onun siyasi fəaliyyəti ilə bağlıdır.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bildirirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

Xatırlatma

O.Baxışlı bundan əvvəl 2018-ci il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunub. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış̧ məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib. Gənc fəal ittihamı rədd edib, narkotiki cibinə polislərin atdığını deyib.

Mənsub olduğu partiyadan isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı. Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, E.Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar. E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

O.Baxışlı bu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG